2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İctimai fəalın anasını polisə aparmaqla hədələndiyi bildirilir

Anası: “Möhyəddin Orucovun həbsindən 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ailə üzvlərilə əlaqə saxlamağa imkan verilməyib”

Həbsdə olan ictimai fəal Möhyəddin Orucovun anası deyir ki, zorakılıq və təhdid yoluyla oğlunu ona aidiyyəti olmayan narkotiki üzərinə götürməyə məcbur ediblər. Təranə Orucovanın sözlərinə görə, Möhyəddini döyüblər, təhqir ediblər. Buna baxmayaraq, yenə də etiraf ifadəsi ala bilməyəndə anasını polis idarəsinə gətirməklə hədələyiblər.

23 yaşlı M.Orucov dekabrın 13-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, saxlanılanda gənc fəalın cibindən narkotik tapılıb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Təranə Orucova isə deyir ki, yalandır, oğlunu şərləyiblər. Səbəb isə təxminən bir ay öncə 30 sutkalıq inzibati həbs olunanda ona verilən işgəncələri həbsdən çıxandan sonra ictimailəşdirməsidir.

Təranə Orucova. Foto: Ülviyyə Əli

Anası əlavə edib ki, Möhyəddin Orucovun həbsindən 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ona ailə üzvlərilə əlaqə saxlamağa imkan verilməyib. Oğlunu yalnız dekabrın 15-də həbs qətimkan tədbiri seçiləndən sonra aparılarkən görə bilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məsələyə münasibət bildirməyib.

M.Orucov oktyabrın 18-də saxlanılmış, ona xırda xuliqanlıq və polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası verilmişdi. Suraxanı Rayon Məhkəməsinin qərarında iddia olunub ki, o, küçədə söyüş söyüb, polislər onu intizama dəvət etsələr də, tabe olmayıb. Bu səbəbdən saxlanılıb və 32-ci bölməyə gətirilib.

Yaxınları isə bildirirdi ki, onu küçədə saxlamayıblar, zəng edib 32-ci polis bölməsinə çağırıblar. Həmin çağırış əsasında da o, bölməyə gedib:

“Sosial şəbəkədəki səhifəsində Prezidenti tənqid edib, ona görə çağırıblar. Açıq şəkildə dedilər. Möhyəddin də getdi. O gedən, bir də buraxılmadı. Səhəri gün eşitdik ki, haqqında həbs qərarı çıxarılıb”.

Orucov inzibati həbsdən buraxılandan sonra müsahibə verərək, 32-ci polis bölməsində qeyri-insani rəftara məruz qaldığını bildirib. Bu müsahibədən bir neçə gün sonra isə o, yenidən saxlanılıb.

Təranə Orucova deyir ki, oğlu dekabrın 13-də saxlansa da, ailəyə bu barədə heç bir məlumat verilməyib. Onlar dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, Möhyəddin Orucovu axtarıblar:

32-ci Polis Bölməsi. Foto: DİN

“Gecə öyrəndik ki, Suraxanı Rayon Polis İdarəsindədir. Bir nəfər mülki geyimdə düşüb dedi ki, narkotiklə iş başlanıb”.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, Azərbaycanda ictimai-siyasi fəalların şərlənməsi artıq sıradan xəbərə çevrilib. Onun sözlərinə görə, az qala, hər gün belə hallar yaşanır.

“İnsanları şərləməkdən əlavə ana-bacılarıyla hədələmək artıq bir başqa mərhələdir. Biz necə cəmiyyətik, bu, necə idarəetmədir? Hamının evində anası, bacısı, həyat yoldaşı var. Biz nə günə qalmışıq ki, insanları bununla təhdid edirik? Belə hərəkətlərə ad vermək, söz tapmaq olmur”, – hüquq müdafiəçisi bildirib.

Rüfət Səfərov bununla əlaqədar Daxili işlər naziri Vilayət Eyvazova və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə müraciət edib:

“Təranə xanım mənə Möhyəddinin anasıyla təhdid olunması barədə məlumat verəndən sonra həm Daxili İşlər Nazirliyinin, həm də Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə müraciət etmək qərarına gəldim. Mən xahiş edirəm, bu cür dəyərləri çeynəyən polis əməkdaşlarının kim olduğu müəyyənləşdirilsin və cəzalandırılsın. Bu ölkəni belə vəziyyətə salmaq, bütün dəyərləri tapdamaq olmaz”.

Rüfət SəfərovRüfət Səfərov
Foto: Rüfət Səfərovun şəxsi arxivindən

23 yaşlı M.Orucov Suraxanı rayonu, 32-ci polis bölməsində məruz qaldığı işgəncələrdən danışarkən bildirmişdi ki, onu gecədən səhərə qədər bölmənin həyətində skamyada qandallayıb saxlayıblar:

“Bir az keçdi, yenə halım pisləşdi. Bir yığın polis çölə çıxdı. Biri dedi, “artistlik edir”, biri dedi, “qoy ölsün”. Gördülər ki, vəziyyətim ciddidir, ürəyim gedir. Tez krandan su doldurub verdilər. Dedim, ayaqyoluna getmək istəyirəm, qoymadılar. Saatlarla sıxışıb qaldım. Bir mayor gəldi, dedi ki, “sən bunları yazıb, hələ bir tualet də istəyirsən? Utanmırsan, vuraram ağzının üstündən”. O vəziyyətdə soyuqda saatlarla qaldım, axırda gördüm ölürəm, məcbur olub ayaqyolu kimi butulkadan istifadə elədim”.

Səhərə yaxın saat 5-6 radələrində bölmənin içinə aparıldığını deyən gənc fəalın sözlərinə görə, ondan “İnstagram” hesabını istəyiblər. O isə vermək istəməyəndə döyməyə, təhqir etməyə başlayıblar. Bu üzdən məcbur qalıb, sosial şəbəkə hesabını da, şifrəsini də verib:

“Sonra dedilər ki, rəisin yanına aparırlar. Mülki formada olan, “rəis” adlandırdıqları şəxs durdu ayağa ki, “əəə, şirkətdən niyə şikayət eləmisən? Üç kişi, üçünüz də oranın çörəyini yeyib, suyunu içirsiniz”. Başladı söyməyə, dedi ki, “sizi ailəlikcə ölkədən sürgün eləmək lazımdır”. Bunları da söyüşlü formada deyirdi. Məni gətirəndə dedi ki, buna niyə dubinka soxmamısız? Başladı şillə, yumruqla döyməyə. Döyəndən sonra yenə ağır söyüşlərə keçdi, onda dedim, “normal danış, ailəmi qarışdırma”. Otaqda olan polisə dedi ki, “buna “polisə müqavimət” yaz”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button