2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

III Respublika Platforması Prezident seçkisinə namizəd irəli sürməyəcək

Platforma heç bir namizədi dəstəkləməyəcəyini də bəyan edib

III Respublika Platforması fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisində namizəd irəli sürməyəcək. Təşkilat hər hansı prezidentliyə namizədi dəstəkləməyəcəyini açıqlayıb.

Bu barədə dekabrın 26-da III Respublika Platformasının seçkilərlə bağlı mövqe sənədində qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Platformanın seçkidə iştirak edə bilməməsinin başlıca səbəbləri sırasında qurumun yeni təsis edilməsi, maliyyə və kadr resurslarına malik olmaması göstərilib:

“Belə olan halda III Respublika Platformasının məhz formal olaraq seçkilərdə iştirak etməsinin mənasını görmürük. Bununla yanaşı, mövcud prezidentliyə namizədləri platformamızın dəyərlərini təmsil edə biləcək, eləcə də siyasi dəyişikliyi təşviq edə biləcək şəxslər hesab etmirik. Buna görə onları da dəstəkləmirik”.

Hazırkı seçki mühitinə gəlincə, III Respublika Platforması vətəndaşların seçki təsisatına etimadının olmadığını hesab edir:

“Bunun səbəbi hazırkı hökumətin insanların siyasi prosesə inamını qırmaq üçün uzunmüddətli iş aparmasıdır. Mövcud hökumət bunu seçkiləri davamlı saxtalaşdırmaqla və siyasət peşəsini etibarsızlaşdırmaqla həyata keçirib. Bütün bunlara görə indiki şəraitdə ciddi siyasi apatiya mövcuddur. Platformamız bu siyasi apatiyanı iki ay kimi qısa müddətdə aradan qaldıracağı və seçki iştirakçılığını təşviq edə biləcəyi qənaətində deyil”.

Amma Platforma seçkiylə bağlı bütün addımları rədd etmədiyini də bildirib:

“Səsvermədə iştirak vətəndaşlarımızın seçki vərdişinin qorunub saxlanılması üçün mühümdür. Səbəbi nə olursa olsun, seçki ənənələri itməməlidir və gələcəkdə münbit şərait üçün qorunub saxlanılmalıdır. Buna görə də platformamız seçki ənənəsinin vacib elementi olan səsvermə vərdişinin saxlanılması üçün səsvermədə fərdi qaydada iştirakı dəstəkləyir”.

“Biz seçki dövrü daxil olmaqla passiv dayanmayacağıq. Ona görə də platformamız öz alternativ gündəliyini həm seçki dövrü və həm də seçkidən sonra aktiv təşviq edəcək. Bu məqsədlə vətəndaşlarımızı ölkəmizin gələcəyinə dair bugünlərdə ictimailəşdirdiyimiz konseptual sənədlərin və yaxın dövrdə açıqlayacağımız fəaliyyət planı, eləcə də bu çərçivədə görəcəyimiz işlər və təqdim edəcəyimiz növbəti sənədlərin müzakirəsində fəal iştirak etməyə dəvət edirik”,-deyə açıqlama bu fikirlərlə yekunlaşır.

Dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib. Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.

Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.

Platformanın şüarı belədir: “Tək adama deyil, hüquqa itaət edirik!”.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad Əliyev, Yunus Oğuz Ərəstun Oruclu namizədliklərini irəli sürüblər.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

AXCP, Müsavat Klassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button