2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev: “Bütün anklavlar qaytarılmalıdır”

“Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb.

Bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyevin sözlərinə görə, Ermənistan istəyir ki, sülh müqaviləsinin zəmanətçiləri olsun:

Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim”.

Mən, ümumiyyətlə, istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”, – Əliyev qeyd edib.

Ölkə başçısı sülh müqaviləsi bağlı danışıqların bəzi məqamlarına da toxunub:

“Hazırda onların təklifində, yəni onların şərhlərində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur. Yəni bu mövzu artıq çıxarılıb və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait məhz indi yaradılıb, məhz sentyabr əməliyyatından sonra”.

Qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb”

O, delimitasiya və demarkasiya məsələlərinə də toxunub:

Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb. Sərhədin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib”.

“Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam etdi, 2012-ci ildə ancaq imzalandı və bu günə qədər 13 il keçib, bütün o dirəklər, nişanlar hələ qoyulmayıb, demarkasiya hələ ki tam aparılmayıb. Ona görə əgər biz bu iki mövzunu qarışdırsaq, onda sülh müqaviləsi uzanacaq, bəlkə də 30, 50 il bundan sonraya. Hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır”, – ölkə başçısı vurğulayıb.

Prezident Qazaxın işğal altında qalan 8 kəndinin daim gündəlikdə olduğunu vurğulayıb:

Bu məsələ həm mənim Ermənistanın Baş naziri ilə təmaslarım əsnasında müzakirə edilir, o cümlədən, Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım. Eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”.

“Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir”

Bakı ilə Yerevan arasındakı ərazi mübahisələrinə gəlincə, İlham Əliyev deyib ki, bütün anklavlar qaytarılmalıdır:

“O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.

“Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya”

“Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya. Deyirəm, biz Bakıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin haraya qayıdaq, qayıdaq. Bax, mənim o sualıma cavab olmadı. Əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir”, – deyə Əliyev əlavə edib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button