2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından – REPORTAJ

Stokholm da Oslo kimi muzeylərlə zəngin şəhərdir. Burada da mədəniyyət ocaqları ölkənin həm tarixinə, həm də bu gününə işıq tutur. Stokholmdakı muzeylərin bir müsbət tərəfi də əksəriyyətinin bir-birinə yaxın ərazidə yerləşməsidir. Bir qismi Qədim şəhər daxilində, qalanları isə, əsasən, açıq səma altında muzey və zoopark kimi xidmət göstərən “Skansen” ətrafında, daha dəqiq desəm, “Djurgarden” adasında inşa edilib. Mən muzey ziyarətimə ilk olaraq Qədim şəhərdə yerləşən Nobel Mükafatı muzeyindən başladım.

Saytların yığılması Saytlarin yigilmasi

Burada giriş hissədə Nobel mükafatlarını təsis etdirən isveçli kimyaçı və mühəndis Alfred Nobel haqqında məlumatlar ziyarətçilərə təqdim olunur. Onun həyatı və nüfuzlu mükafatı yaratmaq niyyətinin arxasında duran səbəblər diqqətə çatdırılır. Ancaq ümumilikdə, məkan Nobel mükafatını və onun laureatlarını nümayiş etdirməyə, qaliblərin fizika, kimya, tibb, ədəbiyyat, sülh quruculuğu və iqtisadiyyat kimi müxtəlif sahələrdə nailiyyətlərini və bəşəriyyətə verdiyi töhfələri göstərməyə həsr olunub.

Muzey müntəzəm olaraq Nobel mükafatları ilə bağlı mövzulara və ya mühüm qlobal problemlərə yönəlmiş xüsusi sərgilərə ev sahibliyi edir. Buradakı sərgilərdə Mariya Küri, Nelson Mandela və Vinston Çörçil kimi görkəmli Nobel mükafatçılarına xüsusi diqqət ayrılır. Onu da bildirim ki, muzey mahiyyətinə uyğun olaraq olduqca innovativdir. Məkanda laureatlar və onların nailiyyətləri haqqında məlumatları ziyarətçilərə daha maraqlı etmək üçün interaktiv elementlər təqdim olunur. Sensorlar vasitəsilə Nobel mükafatı laureatı haqqında geniş məlumat ala bilirsiniz. Ziyarətçilər həmçinin buranın hədiyyə mağazasından məkan və Nobel mükafatçıları ilə bağlı suvenirlər, kitablar və digər məhsullar əldə edə bilirlər. Hesab edirəm ki, bu görkəmli şəxslərlə tanış olduqdan sonra İsveçin ən böyük incəsənət muzeyi olan Stokholm Milli Muzeyinə baş çəkmək şəhərin mədəniyyətə verdiyi ödəmi görmək üçün faydalı olar.

Qeyd edim ki, Stokholmda Milli Muzey ilk dəfə 1792-ci ildə Kral III Qustav tərəfindən Kral muzeyi kimi təsis edilib. Alman memar Fridrix Avqustun layihələndirdiyi hazırkı muzey binası isə Milli Muzey adı ilə 1866-cı ildə açılıb. Paytaxtın mərkəzindəki Blasieholmen yarımadasında yerləşən bu muzeydə İsveçin və beynəlxalq incəsənətin XVI-XX əsrlər arası kolleksiyası nümayiş olunur. Görüntüsü Stokholm meriyasına bənzəyən tikili tünd rəngləri ilə şəhərə canlılıq qatmasa da, binanın interyeri kifayət qədər ürəkaçandır. Binanın birinci mərtəbəsinin mərkəzi hissəsində muzey restoranı və suvenir mağazası yerləşir ki, restoran burada 1996-cı ildə açılıb. Həmin hissəyə çatmadan koridorun sağ tərəfində tədbir zalı, sol tərəfində isə büst və heykəllərin nümayiş olunduğu otaqla rastlaşırsınız.

Binanın ikinci mərtəbəsində isə artıq rəsm əsərləri və digər sənət nümunələri qarşınıza çıxır. Ümumiyyətlə, Milli muzeydə rəsmlər, heykəllər, dekorativ sənət əşyaları daxil olmaqla 700 mindən çox sənət əsəri sərgilənir. Məkan 5 200-dən çox əsərlə dünyanın ən böyük portret miniatür kolleksiyasına malikdir. Kolleksiyalar İntibahdan romantizm və müasir incəsənətə qədər geniş sənət cərəyanları və üslublarını əhatə edir. Muzeydə ziyarətçilərin İsveç incəsənətini başa düşməsini asanlaşdırmaq üçün həm uşaqlar, həm də böyüklər üçün bələdçili turlar və ya audiobələdçi təklif edilir. Milli Muzeyin ən diqqətəlayiq xüsusiyyəti isə bəzi kolleksiyalarla bağlı ziyarətçilərə pulsuz giriş təklif etməsidir. Bu, İsveç mədəniyyətini daha geniş auditoriyaya əlçatan etmək üçün olduqca maraqlı bir təşəbbüsdür. Üstəlik, muzeyin ictimaiyyətə və elm adamlarına açıq olan incəsənət kitabxanası da mövcuddur.

Milli Muzeydən sonra isə, əvvəldə də qeyd etdiyim kimi, Saksenə üz tuta bilərsiniz. Bu yer İsveçin mədəni irsini və ənənəvi həyat tərzini nümayiş etdirmək və qorumaq məqsədi ilə 1891-ci ildə “Djurgarden” adasının mərkəzində yaradılıb. Ümumiyyətlə, “Djurgarden” adasında Skandinav, ABBA və Vikinq muzeyləri kimi o qədər maraqlı və əhəmiyyətli muzeylər var ki, buranı muzeylər adası da adlandırmaq olar. Ancaq təbii olaraq onların hamısını bir gündə gəzmək müəyyən dərəcədə yorucu ola bilər. Elə buna görə də seyrə çıxmağa sizi yormayacağını düşündüyünüz bir məkandan başlamalısınız. Mənim üçün həmin məkan, şübhəsiz ki, Vikinq muzeyi oldu. Kopenhagen və Osloda belə bir muzeyə getmə fürsətim olmadığı üçün İsveç səyahətimlə bağlı hazırladığım siyahıda ilk sırada vikinqləri duya biləcəyim bir məkanı görmək dayanırdı. Nəhayət, Vikinq muzeyində bu arzumu reallaşdırma imkanım oldu.

Kənardan çox kiçik görünən bu muzey elə bir mistik interyerə malikdir ki, həyəcandan haradan başlayacağımı bilmədim. Elə pilləkanları yenicə qalxmışdım ki, burada məni vikinq gəmisi qarşıladı. O saat gözlərimdə “Vikinqlər” serialının əsas qəhramanlarından olan və Raqnarın ən yaxşı gəmi hazırlayanı hesab edilən Floki canlandı. Yeri gəlmişkən, bildirim ki, Floki təkcə bir film qəhramanı deyil. Ümumiyyətlə, vikinqlərin tarixində o, önəmli yerə sahib olub. Belə ki, IX əsrdə yaşamış Floki Vilqerdarson İslandiyaya üzən ilk norveçlidir və böyük vikinqlərdən hesab olunur.

Floki ilə göz təmasımı kəsdikdən sonra məni Skandinav mifologiyası və ədəbiyyatında da adı keçən vikinq kralı Raqnar Lodbrokun taxtı qarşıladı. Düzü, niyə bu taxtın başqa vikinq krallarının yox, məhz Raqnarın olduğunu düşündüyümü bilmirəm, bəlkə də, ən çox onun təbiətini bəyəndiyimə görə… Lakin bildirməliyəm ki, mən məkandakı əşyaların hər birində sevdiyim vikinq qəhramanlarını canlandırsam da, burada nümayiş olunan parçaların böyük bir hissəsi Vikinq dövrünə aid deyil. Sadəcə ziyarətçilərdə VIII-XI əsrlər arasında Skandinav bölgəsində dənizçiliklə məşğul olan və bugünkü Skandinav xalqlarının əcdadı hesab edilən vikinqlərin tarixi, mədəniyyəti və gündəlik həyatı haqqında təsəvvür yaratmaq üçün yerləşdiriliblər. Ancaq bununla belə, vikinqlərin maddi mədəniyyətinə nəzər salmaq üçün burada bəzi həqiqi vikinq tapıntıları da nümayiş olunur. Bütün bunlar hesabına ziyarətçilər vikinq sənətkarlığı, silahları, ticarəti və sosial strukturları haqqında məlumat əldə edə bilərlər. Hətta muzeydə onların allahları barədə də məlumat ötürülür. Kiçik bir hissədə isə vikinqlər haqqında çəkilmiş filmlər, seriallar, TV şoular göstərilir.

Muzeyin ən diqqət çəkən və mənə görə maraqlı hissəsi isə alt qatda təklif olunan “Ragnfrid’s Saga” adlı interaktiv gəzintidir. Burada ziyarətçilər 15-20 dəqiqəlik vikinq dünyasına səyahətə çıxırlar. Uydurma personaj Raqfrid hesabına vikinq tarixi və mifologiyası ilə tanış olurlar. Gəzintidə Raqfridin qarşılaşdığı sərgüzəştlər və çətinlikləri sizə vikinq həyatını tanıma imkanı verir. Sahildə yerləşən bu möhtəşəm muzeyin ikinci mərtəbəsində suvenir mağazası və restoran da yerləşir ki, həmin restoran sizə möhtəşəm bir mənzərə təqdim edir. Burada istirahət edə, sonra isə istəyəcəyiniz təqdirdə İsveçin məşhur ABBA pop qrupuna həsr olunmuş ABBA muzeyinə və ya əzəmətli binası ilə göz qamaşdıran İsveçin mədəni tarixi və etnoqrafiyasına həsr olunmuş “Nordic” muzeyinə baş çəkə bilərsiniz.

XIX əsrin sonlarında təsis edilən və Skandinav xalqının adət-ənənələri, həyat tərzi haqqında geniş məlumat ötürən “Nordic” muzeyinin yanında gözəl bir park yerləşir ki, mənim kimi burada dayanıb sadəcə ətrafdakı gözəlliklərə tamaşa etməyi seçməyiniz də mümkündür.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button