2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“İttiham aktını köçürüb, adını qoyublar hökm”

«Haqqımdakı hökm biabırçılıqdır. İttiham aktını köçürüblər, axırında bir-iki xırda dəyişiklik eləyib, adını qoyublar hökm», – həbsdə olan jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu) belə deyir.

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində F.Fərəməzoğlunun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistin vəkili Elçin Sadıqov məhkəmənin qərarına qədər onun ev dustaqlığına buraxılması, bir neçə media nümayəndəsinin şahid qismində dindirilməsi, protokollarda F.Fərəməzoğlunun adı qarşısındakı imzalarla bağlı xətşünaslıq ekspertizasının keçirilməsi haqda vəsatətlər qaldırıb.

«Ekspertizanın daha müstəqil bir orqan tərəfindən keçirilməsini xahiş edirik. Bu, Ukrayna və ya Gürcüstan kimi xarici ölkələrdə də ola bilər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun da dindirilməsini istəyirik. Çünki Fikrət Fərəməzoğlunun həbs olunduğu əməliyyata o, rəhbərlik edib. Ona idarədə işgəncə verənlərdən biri də o olub. Fikrət Fərəməzoğlu ilə bağlı istifadə etdiyi mobil operatora və sərhəd xidmətinə sorğu göndərilməsini də xahiş edirik. Çünki zərərçəkmişlərin dediyi vaxtda heç Fikrət Bakıda olmayıb», – vəkil vəsatətini belə əsaslandırıb.

F.Fərəməzoğlu da deyir ki, iş materiallarında bir neçə nəfərin adını yazıb, həmin adamların yanında zərərçəkmişlərdən pul tələb etdiyini göstəriblər. Amma o adamların heç biri ilə onu üzləşdirməyiblər:

«Burada dindirilsinlər, görək nə deyəcəklər. Zərərçəkmişlər yalan da danışa bilər, istintaq və ya birinci instansiya məhkəməsi bunu niyə araşdırmadı?».

Zərərçəkmişlərdən Mehman Həsənovun nümayəndəsi Yusif İsmayılov deyib ki, bu vəsatətlər məhkəmə baxışında müzakirə olunmalıdır, ona görə də indiki mərhələdə təmin olunmasına ehtiyac görmür.

Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığını, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, əlavə sübutlar araşdırılmadan) baxılacağı haqda qərarı elan edib.

Məhkəmə baxışı sentyabrın 11-nə təyin olunub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button