2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Jurnalist Elnarə Qasımova həbsdə qaldı

Vəkilin vəsatəti təmin edilməyib

“AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə həbs olunan jurnalistlərdən biri – Elnarə Qasımovanın ev dustaqlığına buraxılması üçün vəkili məhkəməyə vəsatət vermişdi. Vəsatətə yanvarın 25-də Xətai Rayon Məhkəməsində hakim Rəfael Sadıqov baxıb.

Jurnalistin vəkili Aişə Abdel Qadir məhkəmədə deyib ki, Elnarə Qasımovanı həbsdə saxlamaq üçün heç bir əsas yoxdur. Vəkilin sözlərinə görə, şəxs haqqında həbs qətimkan tədbiri seçilərkən azadlıqda qalarsa, istintaqın gedişinə mane olacağı, qaçıb gizlənəcəyi ilə bağlı şübhələr mütləq əsaslandırılmalıdır. Lakin Elnarə Qasımovaya münasibətdə belə əsaslandırma yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil xatırladıb ki, Elnarə Qasımova azadlıqda olarkən istintaqın çağırışlarına gedib, heç vaxt yayınmayıb.

Jurnalistin özü də məhkəmədə çıxış edib. Deyib ki, onun haqqında nəinki həbs qətimkan tədbiri qərarı, ümumiyyətlə, qaçaqmalçılıq ittihamı da əsassızdır, saxtadır. Elnarə Qasımovanın sözlərinə görə, “AbzasMedia” işi üzrə həbsdə olan jurnalistlərin hamısı təqsirsizdir və jurnalist araşdırmalarına, peşə fəaliyyətlərinə görə cəzalandırılıblar.

“Hakim də daxil olmaqla, bu məhkəmədəkilərin hamısı təqsirsiz olduğumu yaxşı bilir”, – Elnarə Qasımova bildirib.

Müstəntiq Elnarə Qasımova haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsinə etiraz edib. O iddia edib ki, azadlıqda qalması istintaqın gedişinə mane ola bilər.

Hakim də qısa müşavirədən sonra Elnarə Qasımovanın ev dustaqlığına buraxılması barədə vəsatətin təmin olunmadığını açıqlayıb.

Elnarə Qasımova yanvarın 13-də saxlanılıb, iki gün sonra onun haqqında ilkin istintaq dövrü üçün 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı və Nərgiz Absalamova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqsan sinra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button