2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Kərimə” dövləti qurma, Mirşahin Ağayev və Misir Mərdanova sui-qəsd ittihamı üzrə məhkəmə…

Təqsirləndirilən şəxslər işgəncəyə məruz qaldıqlarını deyirlər

Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişib, “Kərimə” dövləti qurmaq, keçmiş təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayevin həyatına sui-qəsd cəhdində ittiham olunan 13 nəfərin məhkəməsi başlayıb.

İlham Şıxəliyev, Faiq Zeynalov, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlkin Bağırov, Vüqar Mədətov, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Savalan Hüseynli, Ruslan Əliyev, Yusif Mirzəyev və M.Ə-in (yetkinlik yaşına çatmadığına görə ad-soyadını açıqlamırıq) işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işini Novruz Kərimovun sədrliyilə, Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası araşdıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 13-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, 2001-ci il təvəllüdlü Hüseyn Hüseynzadə həbs ediləndə Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 5-ci kurs tələbəsi olub. Yetkinlik yaşına çatmayan M.Ə. liseylərdən birinin şagirdidir.

Anket məlumatları dəqiqləşdirilərkən təqsirləndirilən şəxslər işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onların sözlərinə görə, elektrik verib, törətmədikləri əməllərlə bağlı özlərinin və bir-birinin əleyhinə ifadələr alıblar.

“Bizi “tok”a veriblər, döyüblər, nalayiq hərəkətlər ediblər. Xahiş edirik, bu məsələlər araşdırılsın, işimizə düzgün baxılsın”, – təqsirləndirilən Elvin Cəfərov bildirib.

Digərləri də onunla həmrəy olduqlarını vurğulayıb, hakimlərin bu işə ədalətli baxmasını xahiş ediblər.

Təqsirləndirilən şəxslərdən birinin vəkili gəlmədiyinə görə hazırlıq iclası dekabrın 27-nə təxirə salınıb.

Lakin hakimlər qərar verib ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Penitensiar Xidmətin tabeliyindəki Bakı İstintaq Təcridxanasına köçürülsün.

“Kərimə” dövləti qurmaqda ittiham olunanlar. Fotolar: Meydan TV

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələrilə ittiham irəli sürülüb. İlham Şıxəliyev, Faiq Zeynalov, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlkin Bağırov və Vüqar Mədətova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə də ittiham verilib.

Digər 6 nəfərdə –  Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Savalan Hüseynli, Ruslan Əliyev və Yusif Mirzəyevdə isə dövlətə xəyanət ittihamı olmasa da, Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi var.

2006-cı il təvəllüdlü M.Ə. isə yalnız 278-ci maddə ilə ittiham olunur.

Cinayət işinin materiallarına əsasən, İranda yaşayan, bu ölkənin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən Ruhulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə Azərbaycanda “Kərimə” dövləti yaratmaq məqsədilə müxtəlif adamları cəlb edib.  Ruhulla Axundzadə və oğlu “Whatsapp”, “Telegram” və digər mesajlaşma sistemlərində qruplar yaradıb, orada müzakirələr aparıblar, müəyyən tapşırıqlar veriblər. Tapşırıqlar arasında Misir Mərdanov və Mirşahin Ağayevə sui-qəsd məqsədilə onların izlənməsi, iş yerləri, gedib-gəlmə vaxtlarının müəyyənləşdirilməsi, Yevlaxda dövlətə xəyanət ittihamıyla həbs olunmuş şəxsin evindən gizli şəkildə kompüterin götürülməsi, Bakıdakı hərbi hissələrdən birinin görüntülərinin çəkilməsi və s. olub.

Sui-qəsd üçün məhz Misir Mərdanov və Mirşahin Ağayevin seçilməsinə gəlincə, iddia olunur ki, sabiq təhsil naziri məktəblərdə hicabın qadağan olunmasına, İslam dini əleyhinə təbliğat aparılmasına görə hədəf seçilib. Mirşahin Ağayev isə efirdə “İmam Hüseynova bacıları” ifadəsini işlədib, “Əbülfəz ağa”nı təhqir edib. Bu üzdən onları cəzalandırmaq qərarına gəliblər.
Həm Misir Mərdanov, həm də Mirşahin Ağayev zərərçəkmiş qismində tanınıb, istintaqda da dindiriliblər. Onlar bildiriblər ki, sui-qəsd hazırlanması barədə məlumatları olmayıb.
Zərərçəkmişlərin heç biri dekabrın 13-də məhkəmənin hazırlıq iclasına gəlməyib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button