2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Keçmiş hakimə hökm oxunub

İlyas Mahmudov ona böhtan atıldığını deyir

2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi olmuş İlyas Mahmudovun özünə hökm oxunub. Dekabrın 18-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmüylə İlyas Mahmudov 9 il azadlıqdan məhrum edilib.

Hakim Fəhmin Hümbətovun sədrliyilə çıxarılan hökmə əsasən, İlyas Mahmudov Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələrilə təqsirli bilinib.

Saytların yığılması Saytlarin yigilmasi

İttihama əsasən, İlyas Mahmudov hakim işlədiyi dövrdə xüsusilə pensiya, müavinət, əmək stajı kimi məsələlərlə bağlı iddialara baxarkən yalan olduğunu bildiyi halda, həmin məlumatlardan istifadə edib. Onun qəbul etdiyi qərarlar nəticəsində xeyli adama əsassız pensiya və müavinətlər təyin edilib. Nəticədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 243 min 441 manat ziyan dəyib. Bu nazirlik keçmiş hakimin işi üzrə zərərçəkmiş qismində tanınıb.

İttihamda o da yazılıb ki, İlyas Mahmudov bu qərarları çıxararkən rüşvət alıb.

İddia olunur ki, hakim bu barədə qərarlarında sənədlərə yox, yalnız şahid ifadəsinə istinad edib. Eyni adamlardan şahid kimi müxtəlif işlərdə istifadə olunub.

Amma İlyas Mahmudov bu ittihamların heç birini qəbul etmir. Keçmiş hakim özünü təqsirli bilmir və böhtana məruz qaldığını deyir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi. Foto: Məhkəmə Hüquq Şurası

O, baş verənlərə görə hakim olduğu dövrdə katibi işləmiş Səadət Vəliyevanı ittiham edir.

Cinayət işində bəhs edilən saxta qərarlardakı imzaların ona aid olmadığını vurğulayan İlyas Mahmudovun sözlərinə görə, bunu ekspertiza da sübut edib:

“Müstəntiq 9 dəfə ekspertiza təyin elədi, hamısında da rəy verildi ki, mənim imzam deyil. İmzamı saxtalaşdırıblar. Mənim möhürümdən istifadə olunub. Bunun necə baş verdiyini bilmirəm. Amma onu bilirəm ki, mən eləməmişəm. Hətta Sumqayıt şəhər Məhkəməsinin sədri də baş verənlərin şahididir. Bu işlərlə bağlı yoxlama aparılanda Səadətin ürəyi getdi, hamı başına toplaşdı, sədr də ordaydı. Özünə gələn kimi mənim üstümə cumdu. Soruşdu ki, nə deyəcəksiniz? Dedim, sən niyə narahat olursan? Onda şübhələndim ki, bu işlərdə onun əli var…”.

Keçmiş hakim katibi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan şöbəsinin əməkdaşları və İlahi Məmmədli adlı şəxsi də ittiham edib:

“Araşdırın, görün mənim həmin adamlarla bir dəfə telefon əlaqəm, yazışmam olub? Yoxdur. Səadət Vəliyevanı araşdırsanız, görərsiniz ki, həm o, həm də İlahi Məmmədli bu saxtakarlığın içində olmuş şəxslərlə yüzlərlə dəfə zəngləşiblər, danışıblar. Səadətə dedim ki, “mənə düzünü danış, nə baş verib”. Əvəzində mənim üzümə durdu”.

İlyas Mahmudov deyir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində də onu ləkələmək üçün katibindən və digər şəxslərdən istifadə olunub.

Korrupsiyaya qarşı Mübarizə Baş idarəsiKorrupsiyaya qarşı Mübarizə Baş idarəsi
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Foto: Meydan TV

Keçmiş hakim məhkəmədə onu da bildirib ki, Sumqaylt Şəhər İcra Hakimiyyətinin rəhbərliyilə münasibətləri gərgin idi. Səbəbinə gəlincə, deyir ki, bir sıra mülki mübahisələrlə bağlı qərar verəndə icra hakimiyyətinin maraqlarını yox, ədaləti, qanunu üstün tutub:

“Maraqlarına zidd qərarlar verdiyimə görə…”.

Cinayət işinin materiallarında göstərilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyindən daxil olmuş materiallar əsasında İlyas Mahmudov haqqında araşdırmalar başlayıb. Nəticədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun barəsində cinayət işi başlanıb, 2022-ci ilin iyulunda həbs edilib.

İlyas Mahmudov 1993-cü ildən 2008-ci ilə kimi Ali Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb. O, 2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi təyin edilib. 2019-cu ildə vaxtından əvvəl hakimlik səlahiyyətlərinə xitam verilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button