2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 25 il keçir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 25 il keçir. Bununla bağlı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məqalə yazıb. “Report” məqaləni təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

“Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev.

“Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.

Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdən.

Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 25 illiyi tamam olur.

Bu yubiley tarixinin Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi Konstitusiya Məhkəməsi üçün olduqca əlamətdardır.
Məlum olduğu kimi, Dövlət Başçısı cənab İlham Əliyev 2022-ci il 29 sentyabr tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamda qeyd edilib: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

XX əsrin 90-cı illərində Azərbaycan olduqca mürəkkəb dövrdən keçərək dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, məhz Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin təşəkkülü mümkün olmuşdur. Ümummilli Liderin müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində qətiyyətli və prinsipial mövqeyi sayəsində ölkədə baş verən özbaşınalığa və hərc-mərcliyə son qoyulmuş, nəticədə ictimai-siyasi sabitlik tam bərqərar edilmişdir.

Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin 30 il öncə, 1993-cü ildə ölkənin siyasi rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə sabitliyin təmin olunması genişmiqyaslı islahatların həyata keçirilməsinə əlverişli şərait yaratdı. Məhz Ulu Öndərin ardıcıl, məqsədönlü siyasəti nəticəsində hərtərəfli inkişafa nail olundu, ictimai-siyasi sabitlik bərpa edildi, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi həyata keçirildi. Bunların hamısı dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qarşıda duran əsas vəzifələr ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət sahəsində prioritet istiqamətlərin müəyyən edilməsi, kompleks xarakter daşıyan islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması idi. Demokratik və hüquqi dövlət quruculuğunu əsas inkişaf istiqaməti olaraq seçən ölkəmizdə bu vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması üçün qısa müddət ərzində irimiqyaslı qanunvericilik islahatları reallaşdırıldı. Həyata keçirilən islahatlar çərçivəsində ən mühüm hadisə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu.

Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkənin Əsas Qanununun hazırlanaraq qəbul edilməsi müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biri oldu. Belə ki, cəmiyyətin həyatının bir çox sahələrində dəyişikliklərə yol açaraq Konstitusiya insan hüquq və azadlıqlarının təminatı üçün əlverişli şərait yaratdı, ölkədə müasir, vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşmasında vacib addım oldu. Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Bundan əlavə, Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit edir.

Əsas Qanun ölkədə demokratik dövlət quruculuğu və cəmiyyətin gələcək inkişafı üçün davamlı hüquqi zəmin yaratdı. Məhz həmin dönəmdə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi baxımından tariximizin ən vacib dövrünün təməli qoyuldu. Əsas Qanunun qəbulundan sonra milli qanunvericiliyin təkmilləşdirilməsi və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanması istiqamətində olduqca mühüm addımlar atıldı. Konstitusiyaya uyğun olaraq, yeni hüquq sistemi formalaşdırmaq məqsədilə Ulu Öndər qabaqcıl beynəlxalq təcrübəni, demokratik dəyər və prisipləri, eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələrini rəhbər tutmaqla genişmiqyaslı islahatlara başladı.
Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə müasir məhkəmə-hüquq sisteminin bərqərar edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il Konstitusiyasının dövlət və hüquq sisteminə gətirdiyi əsas yeniliklərdən biri də demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müstəqil məhkəmə hakimiyyətinin yaradılması oldu. Əsas Qanunun qəbulundan sonra müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətinin təmin edilməsinə yönələn qanunvericilik bazası yaradılmış, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli müdafiə edilməsi üçün çoxpilləli məhkəmə sistemi formalaşdırılmışdır. Konstitusiyada təsbit edilmiş hakimiyyətlər bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyət baxımından yeni funksiyalar əldə etdi.

Məlum olduğu kimi, dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Belə ki, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və həmin ilin iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başlamış oldu.

Qeyd edilməlidir ki, ölkəmizdə konstitusiya nəzarəti orqanının fəaliyyətə başlaması, o cümlədən bu orqanın müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Konstitusiya Məhkəməsinin yaradıcısı olaraq bu təsisatın əsas vəzifələrindən birini Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının qorunmasında görən Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin yaradılmasının beşinci ildönümü münasibətilə müraciətində qeyd etmişdir: “Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button