Now Reading:
Lavrovun da, hakimiyyətin də cavabını Milli Şura verdi

Lavrovun da, hakimiyyətin də cavabını Milli Şura verdi

Milli Şura Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dili ilə Azərbaycana qarşı Qarabağ təhdinə cavab verən bəyanat qəbul edib. Bəyanatda deyilir:

Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Azərbaycanın milli və dövlət maraqlarına qarşı həqarət olan aşağıdakı fikirləri səsləndirmişdir: “Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır”. Göründüyü kimi bu mövqe münaqişənin paket həllini ehtiva edir və Ermənistanın uzun illərdir gerçəkləşdirməyə çalışdığı həll modeli ilə eyniyyət təşkil edir. Rusiya xarici siyasət idarəsinin rəhbəri və Minsk qrupunun həmsədri olan dövlətin yüksək nümayəndəsinin bu bəyanatı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və dövlət müstəqilliyinə açıq və birmənalı təhdiddir. Bu bəyanatı ilə Rusiya xarici işlər naziri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı, ABŞ, Avropa Birliyi, Avropa Şurası, Rusiyanın özü də daxil olmaqla dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və Qarabağ üzərində suveren hüquqlarını şübhə altına alır, bununla da Azərbaycanın dövlət mütəqilliyinə qarşı qəbuledilməz açıq təhdidlə çıxış edir. Onu da vurğulamaq lazımdır ki, bugünədək heç bir beynəlxalq təşkilat və Minsk qrupunun üzvü olan heç bir ölkə Azərbaycanın Qarabağ üzərində müstəsna suveren hüquqlarını mübahisələndirməmişdir və Qarabağ mübahisəli ərazi deyil. BMT, Avropa Birliyi, Avropa Şurası, ABŞ, Almaniya və s. beynəlxalq təşkilatlar və dövlətlər səviyyəsində qəbul edilən sənədlərdə Ermənistan, Ermənistan Ordusu və erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarlarının işğaldan azad edilməsi tələbi irəli sürülmüşdür. Rusiya xarici siyasət rəhbərinin bu açıqlaması Azərbaycan hakimiyyətinin uzun illərdir həyata keçirdiyi Qarabağ siyasətinin və bütövlükdə, beynəlxalq fəaliyyətinin iflasının etirafı idi. Rusiyanın xarici işlər naziri səviyyəsində Azərbaycan siyasi rəhbərliyinə faktiki olaraq Qarabağ probleminin həlli ilə məşğul olmaq qadağasının qoyulması, əslində, 2016-cı ilin aprel döyüşlərində məhz Rusiyanın siyasi təzyiqi ilə Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərimizin canı və qanı bahasına işğaldan azad etdiyi ərazilərin yenidən düşmənə təslim edilməsi kimi antimilli və anti-dövlətçi addımın məntiqi sonucudur. Əliyev rejimi üçün milli maraqlar və o cümlədən, Qarabağın taleyi, Azərbaycanın ərazi bütövlüyü yox, hakimiyyət maraqları prioritet olduğundan Rusiyanın xarici işlər naziri Azərbaycanla bir müstəqil dövlət kimi deyil, Rusiyanın geniş iqtisadi azadlıqlara malik bir əyaləti kimi davranır. Lavrovun açıqlaması öz əbədi hakimiyyət və ucsuz-bucaqsız korrupsiya maraqları naminə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının qarşısını alan, demokratik dəyərlər sistemindən təcrid edən, bununla da ölkəmizi Qarabağın işğalında ən azı Ermənistan qədər məsuliyyət daşıyan, Ermənistanla dərin hərbi-siyasi müttəfiqlik bağları olan və Ermənistanı təmənnasız şəkildə silahlandıran Rusiyadan asılı vəziyyətə salan YAP iqtidarının xarici siyasətinin fiaskosu, antimilli mahiyyətinin açıq ifşasıdır.

Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, Azərbaycan xalqı müzəffər Qarabağ döyüşlərini ermənilərin və Rusiyanın xahişi ilə dayandıraraq Ordumuzun işğaldan azad etdiyi geniş əraziləri yenidən düşmənə təslim edən, lakin özündə həmin ermənilərdən və Rusiyadan 20 gün öncə şəhid olmuş qəhrəman əsgərimiz Çingiz Qurbanovun nəşini qaytarmağı xahiş etmək cəsarəti tapmayan Azərbaycan hakimiyyətindən Azərbaycanın ərazi bötövlüyünün bərpasını gözləməməlidir. İşğalçı Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı açıq təhdidinə adekvat cavab vermək niyyətində və cəsarətində olmayan iqtidarın Qarabağı qaytarmaq qabiliyyəti də ola bilməz. 150 milyardlıq neft gəlirlərindən güclü iqtisadiyyat, güclü ordu, güclü dövlət qurmaq üçün deyil, şəxsi varlanma, dünyanın ən zəngin elatalarından birinə çevilmək məqsədilə faydalananların, ərazisinin 20 faizi işğal altında olan bir dövləti korrupsiya bataqlığına çevirənlərin Qarabağ sevgisi, Vətən təəssübü riyakarlıqdan başqa bir şey deyil. Milli Şura Azərbaycan xalqını, Vətəninin, millətinin, Qarabağın taleyinə biganə olmayan hər bir Azərbaycan vətəndaşını Qarabağ, dövlətimizin ərazi bütövlüyünün və işğal olunmuş torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpası naminə milli səfərbərliyə dəvət edir. Bu dövlət, bu ölkə bizimdir və onu Azərbaycan xalqı olaraq bizdən başqa heç kim xilas etməyəcək. Hamılıqla dövlətimizə sahib çıxmalıyıq.

 

azadliq.info

Input your search keywords and press Enter.