Now Reading:
Əli Kərimli polis idarəsindən “yoxa çıxıb”

Əli Kərimli polis idarəsindən “yoxa çıxıb”

AXCP sədri Əli Kərimlinin harada saxlanıldığı və ümumiyyətlə 17 noyabr günü baş verənlərlə bağlı hələ də rəsmi məlumt yoxdur.

AXCP rəhbərliyi Əli Kərimli və onunla birlikdə saxlanılan başqalarının taleyindən məlumat almaq üçün bu gün yenidən Səbail Polis İdarəsinə gediblər, lakin hər hansı məlumat ala bilməyiblər.

“Qafqazinfo” isə belə bir xəbər yayıb ki, dünənki hadisə zamanı 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Onlardan 41 nəfər, o cümlədən Cəmil Həsənli sonradan sərbəst buraxılıb. AXCP sədri Əli Kərimli və daha 10 nəfərə isə İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə ittiham verilib və onların barəsində bu gün Səbail Rayon Məhkəməsində qərar veriləcək. Konkret Əli Kərimlinin hər iki maddə ilə ittiham olunduğu deyilir.

***

17 noyabrda, Milli Dirçəliş Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən saxlanılaraq Səbail Polis İdarəsinə aparılan AXCP sədri Əli Kərimli “yoxa çıxıb”. Əli Kərimlinin noyabrın 18-ə keçən gecəyə qədər polis idarəsinin qarşısında gözləyən partiyadaşları və tərəfdarları onun taleyindən bir xəbər öyrənə bilməyib.

İdarənin qarşısında gözləyən fəallar sosial şəbəkədə məlumat paylaşıblar ki, onlara ən sonda AXCP sədrinin Səbail məhkəməsinə aparıldığı deyilib. Lakin bəlli olub ki, həmin vaxt Səbail məhkəməsində heç kim olmayıb. Məhkəmənin qapıları bağlı, işıqları da sönülü olub.

AXCP sədri ilə birlikdə saxlanılmış və yalnız günün sonunda sərbəst buraxılmış Milli Şura sədri Cəmil Həsənli isə Sevinc Osmanqızına verdiyi açıqlamada bildirib ki, onlar həbs edildikdən təxminən 1 saat sonraya qədər Səbail Polis İdarəsində eyni otaqda saxlanılıblar, sonra Əli Kərimlini başqa otağa keçiriblər.

AXCP-dən alıdığımız məlumata görə, Əli Kərimli ilə yanaşı 9 nəfərə qədər fəaldan da xəbər yoxdur. Onlardan adları məlum olanlar bunlardır:

Ruslan Əmirov
Ramiz Cəfərov
Ramid Nağıyev
Tahir Həsənov
Sərdar Qubadsoy
Nurlan Libre (Kanal 13)
Fatimə Mövlamlı (Azad söz)

Ehtimal olunur ki, saxlanılanlar noyabrın 18-də məkəməyə aparılacaq.

AXCP sədrinin və digərlərinin saxlanılması, ümumiyyətlə 17 noyabr günü baş verənlərlə bağlı hər hansı rəsmi məlumat açıqlanmayıb.

azadliq.info

Input your search keywords and press Enter.