2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məhkəmədə Əvəz Zeynallı ilə Rasim Məmmədov arasında qalmaqal yaşanıb

Əvəz Zeynallı zaldan çıxarılıb, o, vəkillərindən imtina edib

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsində qalmaqal yaşanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxan Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası Əvəz Zeynallının məhkəmə zalından çıxarılması, prosesin onun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib.

Buna səbəb isə Əvəz Zeynallı ilə “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədov arasında mübahisə olub.

Saytların yığılması Saytlarin yigilmasi

Rasim Məmmədov noyabrın 3-də məhkəmədə Əvəz Zeynallıya qarşı rüşvət alma ittihamı üzrə şahid qismində dindirilib. Çünki cinayət işinin materiallarında iddia olunur ki, “Xural TV” rəhbəri Rasim Məmmədov əleyhinə materialları dayandırmaqdan ötrü onun həyat yoldaşı Mehriban Məmmədovadan vəkili vasitəsilə 20 min manat pul alıb.

Rasim Məmmədov ifadəsinin əvvəlində Əvəz Zeynallı haqqında danışıb. İddia edib ki, “Xural TV” rəhbəri dəfələrlə onun haqqında şər-böhtan xarakterli məlumatlar yayıb. Onun sözlərinə görə, Əvəz Zeynallı onun zavodu müxtəlif adamların əlindən alması, dağıtması barədə həqiqətə uyğun olmayan məlumatlar yayırdı. Bu cür yalan məlumatlara görə Əvəz Zeynallını məhkəməyə verdiyini deyən şahid bildirib ki, sonradan ona əhəmiyyət verməyib. O, Əvəz Zeynallının pul tələb etdiyini deyib.

“Xural TV” rəhbəri isə onun dediklərinə etiraz edib, yalan danışdığını bildirib: “Sən ittihamdan danış, quldur…”.

Əvəz Zeynallı Rasim Məmmədovun yalan danışdığını, onu məhkəməyə vermədiyini bildirib.
Məhkəmədə tərəflər arasında qarşılıqlı ittihamlar səslənib. Məhkəmə Əvəz Zeynallıya xəbərdarlıq edib.

Əvəz Zeynallı da Rasim Məmmədova edilən güzəştlərə, həbsdə olduğu halda, ondan fərqli olaraq, məhkəmə zalına qandalsız gətirilməsinə etiraz edib:
“Niyə ayrı-seçkilik edirsiz? İndi hansı haqq-ədalətdən danışırsınız?”.

Məhkəmə prosesinin davamında Rasim Məmmədov dövlət ittihamçısı Eldar Həmzəyevin suallarını cavablandırarkən bildirib ki, həyat yoldaşının vəkil vasitəsilə Əvəz Zeynallıya pul verməsindən xəbəri olmayıb.

Rasim Məmmədova Əvəz Zeynallı da suallar ünvanlayıb. Lakin o, “Xural TV” rəhbərinin suallarını cavablandırmaqdan imtina edib.

Mən bu tərbiyəsizin suallarına cavab verməyəcəm”, – Rasim Məmmədov belə deyib.

Əvəz Zeynallı da ona “tərbiyəsiz özünsən, şərəfsiz…” cavabını verib. Beləliklə, tərəflər arasında yenidən qalmaqal başlayıb.

Prokuror Eldar Həmzəyev məhkəmədən xahiş edib ki, Əvəz Zeynallı bir daha təhqir xarakterli ifadə səsləndirsə, məhkəmə zalından çıxarılsın.

“Cənab prokuror burada gülməli nəsə var? Nəyə gülürsünüz? Deyəsən, axşam toya gedəcəksiniz…”, – Əvəz Zeynallı prokurorun təklifinə belə reaksiya verib.

Bundan sonra prokuror onun məhkəmə zalından çıxarılmasını təklif edib: “Özünü apara bilmir…”.

Hakimlər də “Xural TV” rəhbərinin məhkəmə zalından çıxarılması barədə qərar qəbul edib.

Əvəz Zeynallının vəkilləri onun iştirakı olmadan prosesin davam etdirilməsinə etiraz ediblər. Lakin hakimlər deyib ki, artıq qərar verilib və bu şəkildə də məhkəmə davam edəcək. Vəkillər isə bildirib ki, onlar şahidə veriləcək sualları və başqa məsələləri Əvəz Zeynallı ilə məsləhətləşib dəqiqləşdirməlidir. Əks halda, onların prosesdə iştirakı mümkün deyil.

Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.

Sonradan məlum olub ki, Əvəz Zeynallı vəkillərin onun olmadığı məhkəmədə iştirakını istəmir, bu üzdən onlardan imtina edir.

2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və s. əməllərdə ittiham olunur. Lakin heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.
Rasim Məmmədov da 185 milyonluq mənimsəmə ittihamıyla 14 il azadlıqdan məhrum edilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button