2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mərhum nazir müavini, general 15 milyon manata yaxın mənimsəmədə ittiham olunur

Oğlu atasının təqsirsiz olduğunu deyir və cinayət işinə xitam verilməsini istəyir

Müdafiə nazirinin maddi-texniki təminat üzrə keçmiş müavini, 3 il əvvəl vəfat etmiş general-leytenant Fuad Məmmədov 15 milyon manata yaxın mənimsəmədə ittiham olunur. Mərhum generala qarşı bu ittihamla əlaqədar cinayət işinə Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrliyilə, Camal Ramazanov və Rafiq Abbasovdan ibarət hakimlər kollegiyası baxır.

Fuad Məmmədov vəfat etdiyinə görə onun oğlu hüquqi varisi qismində məhkəmədə iştirak edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məhkəmə prosesində Fuad Məmmədovla yanaşı, daha iki nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında dayanıb. Bunlar vaxtilə Müdafiə Nazirliyilə əməkdaşlıq edən şirkətlərin rəhbərləri Fuad Şeydabəyov və Azər Xəlilovdur. Onların hər ikisi həbsdədir.

Yanvarın 7-də Bakı Hərbi Məhkəməsində bu iş üzrə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. İttihama görə, Silahlı Qüvvələrin təminatı üçün şirkətlərlə əməkdaşlıq zamanı qiymətlər şişirdilib. Müqavilələrdə rəqəmlər artıq göstərilib. Sonradan həmin artıq göstərilmiş vəsaitlər mənimsənilib və bölüşdürülüb. Bu yolla ümumilikdə 14 milyon 550 min manat mənimsənilib.

Prokurorun elan etdiyi ittihama münasibət bildirən təqsirləndirilən şəxslər – Fuad Şeydabəyov və Azər Xəlilov özlərini təqsirli bilməyiblər. Onlar ittihamda göstərilənlərlə razılaşmayıblar.

Təqsirləndirilən generalın oğlu da atasının təqsirsiz olduğunu bildirib. O, atası haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Mərhum generalın ailə üzvlərinə məxsus bir sıra əmlakların üzərinə istintaq dövründə həbs qoyulub.

Hakimlər qərar verib ki, bu iş üzrə məhkəmə prosesi qapalı keçirilsin.

Müdafiə Nazirliyi sistemində ümumilikdə 143 milyonluq korrupsiya ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin işləri qruplar şəklində, hissə-hissə baxılması üçün məhkəməyə göndərilir. Mərhum Fuad Məmmədov və daha iki nəfər haqqında cinayət işi də 143 milyon manatlıq ümumi cinayət işindən ayrılaraq, məhkəməyə göndərilib.

Mərhum general da daxil olmaqla, adları çəkilən 2 nəfərə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və başqa maddələrilə ittiham verilib. Bu ittihamla 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

1968-ci il təvəllüdlü mərhum Fuad Məmmədov 2018-2020-ci illərdə Müdafiə nazirinin müavini olmaqla yanaşı, həm də Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi idi. O, 2020-ci il iyulun 9-da vəzifəsindən azad edilib. Bir ay sonra – avqustun 10-da ürək çatışmazlığından vəfat edib.

Hazırda Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində yüksək vəzifə tutmuş bir sıra sabiq məmurların məhkəmələri gedir. Onların arasında Maliyyə və Büdcə Baş İdarəsinin rəisi olmuş general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunlarının maliyyə idarəsinin keçmiş rəisi Bayram Bayramov, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanov, Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin keçmiş rəisi Rəşad Məlikzadə və başqaları var.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button