2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Meşəli sakinləri Xaçaturyana ömürlük həbs tələb edir, o isə özünü təqsirli bilmir

“Gözümüzün qarşısında Novruz dayının evinə od vurdular, qızlarını içəridə diri-diri yandırdılar”

1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın işi üzrə oktyabrın 17-də məhkəmə istintaqı başlayıb.

Onun haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 16-da məhkəmə iclasının əvvəlində hakim Zeynal Ağayev elan edib ki, hazırlıq iclasında Vaqif Xaçaturyana vəkillik etmiş Natiq Bəybalayevin ərizəsi daxil olub. O, müdafiə prosesindən imtina edir. Natiq Bəybalayev ərizəsində göstərib ki, səhhətindəki problemlərlə əlaqədar xarici ölkəyə müalicəyə gedəcək, bu səbəbdən vəkil kimi prosesdə iştirak edə bilməyəcək.

Məhkəməyə onun əvəzinə başqa bir vəkil – Radmina Abdulova dəvət olunub.

Hakim Xaçaturyandan vəkilin dəyişdirilməsilə bağlı fikrini soruşub. O, etiraz etməyib. Bundan sonra Natiq Bəybalayevin vəkil kimi prosesdə iştirakına xitam verilib.

Daha sonra bu prosesdə dövlət ittihamını müdafiə edən prokurorlar Cövdət Mehrəliyev və Müqəddəs Sultanov (o, həm də Baş prokurorun köməkçisidir-red.) ittiham aktını elan edib.

İttihamda göstərilib ki, Vaqif Xaçaturyan 1988-ci ilin noyabrında sürücülük məktəbini bitirib və Xankəndi şəhər Milis İdarəsində işləyib. Milis idarəsində Xocalı rayonunun Meşəli kənd sakinləri Məmməd Kazımov və Zakir Novruzovun saxlandığı otağa daha 5 nəfərlə birlikdə daxil olaraq, həmin iki azərbaycanlıya işgəncə veriblər. Onları təhqir edib, döyüblər. Onlara deyiblər ki, azərbaycanlıların kökü kəsilməlidir. Azərbaycanlılardan “Qarabağ kimindir?” soruşublar. Cavab ala bilməyəndə isə bıçaqla cinsiyyət orqanlarına xəsarət yetiriblər.

İttihama görə, Vaqif Xaçaturyan 20 avqust 1991-ci il tarixdə saat 20-21 radələrində Xocalı rayon Milis Şöbəsinin Meşəli kənd Milis Bölməsində sahə müvəkkili işləmiş Ramil Kazımovun idarə etdiyi “UAZ” markalı təcili tibbi yardım avtomobilini atəşə tutub. Həmin vaxt Ramil Kazımov başqa bir polis həmkarı Sadiq Hacıyevlə birlikdə Meşəli kənd sakini Səriyyə Salmanovanı səhhətindəki problemlə əlaqədar Ağdam xəstəxanasına aparıbmış. Bu hadisə də xəstəxanadan geri qayıdanda – Meşəli kəndinin “tut bağı” adlandırılan ərazisindən keçəndə baş verib. İddiaya görə, Vaqif Xaçaturyan avtomobilin saxlanılmasını tələb edib, lakin Ramil Kazımov girov götürüləcəklərindən ehtiyatlanıb, saxlamayıb. Ardınca o, avtomatla atəşə tutub. Sürücü hər iki ayağından yaralansa da, maşını gətirib Meşəli kəndinə çıxarıb.

21 dekabr 1991-ci il tarixdə saat 20-21 radələrində Xocalı rayonunun Meşəli kəndi artilleriya qurğularından intensiv atəşə tutulub. Kənd sakini Rahilə Mehralıyeva 1 körpə uşağını götürüb, digər kənd sakinləri ilə birlikdə kəndin ətrafındakı meşəyə doğru qaçıb. 3-4 saatdan sonra atəş səsləri dayananda kənd sakinləri öz evlərinə qayıdan zaman uşaq donvurmadan ölüb.

İttihama əsasən, bundan 2 gün sonra – 23 dekabr 1991-ci ildə səhər saat 6 radələrində Vaqif Xaçaturyanın da daxil olduğu qanunsuz silahlı hərbi birləşmələr Xankəndidə dislokasiya olunmuş Rusiya Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyətilə Meşəli kəndinin əhalisinə silahlı hücum edib.

Meşəli kəndindəki bu hadisə zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Elan olunmuş bu ittihamlara münasibət bildirən Vaqif Xaçaturyan orada yazılanların ona aidiyyəti olmadığını bildirib. O deyib ki, özünü təqsirli bilmir.

Vaqif Xaçaturyan bildirib ki, 1991-ci ildə Meşəli kəndində qətliam baş verən vaxt o, Xocalı rayonunun Badara kəndində yaşayırdı. Həmin dövrdə sürücü işlədiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, hadisələr törədilən zaman da öz evində olub. O, 1988-1992-ci illərdə keçirilən əməliyyatlarda ümumiyyətlə, iştirak etmədiyini söyləyib:

Orada yaşayan azərbaycanlılar mənə yaxın olub, hamısını tanımışam. İttiham aktında yazılanların heç biri mənə aid deyil”.

Hakim Zeynal Ağayev bildirib ki, Xaçaturyanın məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət var. Bu səbəbdən onun istintaqdakı ifadəsi elan olunub.

O, istintaqdakı ifadəsində Badara kənd sakinləri olan erməni əsilli bir sıra şəxslərin adlarını çəkərək, onların Meşəli qətliamında iştirak etdiyini deyib. Lakin özünün həmin vaxt evdə olduğunu istintaqdakı ifadəsində də bildirib.

Vaqif Xaçaturyan məhkəmədə 1988-1992-ci illərdə heç bir hərbi əməliyyatda iştirak etmədiyini desə də, istintaqdakı ifadəsi fərqlidir. O, istintaqda əvvəllər silahlı qruplaşmanın tərkibində iştirak etdiyini, Fərrux dağında postda olduğunu, silahla bağlı təlim keçdiyini bildirib.

Prokuror ondan soruşub ki, Fərrux dağında postda kimlərdən qorunurdunuz?

Vaqif Xaçaturyanın cavabı belə olub: “Özümüzü müdafiə etmək üçün postda olurduq…”.

Daha sonra zərərçəkmiş qismində tanınan şəxslərin dindirməsi başlayıb.

Zərərçəkənlərdən İlham Kazımov deyir ki, Meşəli qətliamında atası Xəlil Kazımov öldürülüb. Onun sözlərinə görə, kəndi hər tərəfdən mühasirəyə almışdılar. Dizə qədər qar olan bir havada, qəfil hücum baş verdi:

“Atam ovçu idi, onu vurdular ki, nişan ala bilməsin. Uşaqları da öldürdülər. Kənddə Nübar Qasımova vardı, yoldaşı şəhid oldu, özü də ayağından yaralanmışdı. O dedi ki, bizimkiləri Vaqifin dəstəsi qırdı…”.

İlham Kazımov əlavə edib ki, özü həmin vaxt məktəbin mühafizəsini həyata keçirirdi. Bir çoxu, o cümlədən bacısının uşaqları da məktəbdə gizlənmişdi. Özünün də yaralandığını deyən zərərçəkmişin sözlərinə görə, Laçın istiqamətdə yol açıq idi deyə, o tərəfə bir çoxu çıxıb gedib. Yoxsa ölənlərin sayı 25 nəfərdən də çox olacaqdı.

Zərərçəkmişlərdən keçmiş polis əməkdaşı Kamran Rəcəbov Vaqif Xaçaturyanın hazırda məhkəmədə yalan danışdığını, məsuliyyətdən yayınmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Vaqif Xaçaturyanın həmin hadisələr vaxtı batalyon komandiri idi. O, təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini tələb edib.

Bütöv bir ailəni məhv elədilər – 17 yaşında qız, atası, anası…”, – Kamran Rəcəbov əlavə edib.

Zərərçəkmiş Eldar Salmanov deyir ki, qohumları evin içində ola-ola evi yandırıblar. Onun sözlərinə görə, Vaqif Xaçaturyan dəfələrlə onların evində çörək yemişdi.

Zərərçəkmişin sözlərinə görə, həmin gün qulaq kəsilməsindən tutmuş, meyitin gözünün çıxarılmasına qədər müxtəlif yolverilməz hərəkətlər oldu:

“Gözümüzün qarşısında Novruz dayının evinə od vurdular. Qızlarını içəridə diri-diri yandırdılar. Onun qızlarının yandırılmasını gözlərimlə gördüm”.

Zərərçəkmiş Vaqif Xaçaturyana xatırladıb ki, onunla birlikdə sürücü işləmiş Rəfi Salmanovun oğludur:

“Vaqif maşının qabağını kəsəndə onu tanıdıq. Sevindik ki, budur, tanışdır. Amma Vaqif də, yanındakılar da güllələdilər maşını…”.

1953-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi

Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button