2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Məclisdə büdcə müzakirəsi: deputat qazilərə “1 abbası” istədi

Hökumət inflyasiyaya görə tənqid olundu

İyunun 13-də Milli Məclis “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsini III oxunuşda müzakirəyə çıxarıb.

Sənəd barədə danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, layihə Milli Məclisə Prezident tərəfindən təqdim olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, dünyada baş verən ümumi böhran fonunda, Azərbaycanda 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub, maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb.

Tahir Mirkişili deyib ki, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub:

Foto:: Tahir Mirkişilinin şəxsi arxivindən

İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi 133.8 milyard manat təşkil edib. Ümumilikdə ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub”.

Komitə sədri 2022-ci ildə orta illik inflyasıyanın 13,9 faiz təşkil etdiyini bildirib.

“Hökumət inflyasiyanın qarşısını ala bilməyib”

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, hökumət inflyasiyanın qarşısını ala bilməyib:

Hökumətin son 6 ildə qarşısında dayanan ən böyük vəzifə qiymət və inflyasiya artımının qarşısını ala bilməməsidir”.

Konkret faktlara keçən Zahid Orucun sözlərinə görə, obyektiv iqtisadi mərkəzlərin hesabatları göstərir ki, devalvasiyadan sonra əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda məhsul-buğda unundan şəkər tozuna, düyüdən qara çaya qədər səbətin dəyəri 68% artıb:

Zahid Oruc. Foto: Meydan TV

Həmin dövrdə əsas kommunal xidmətlər – elektrik enerjisi, təbii qaz və su-kanalizasiya üzrə əhalinin xərcləri orta hesabla 80% artıb. Beləliklə, son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalaşsa da, orta maaşlar 65%-ə yaxın artıb”.

“Regionlarda kanalizasiya sistemi, kəndlərin qazlaşdırılması prosesi bitməlidir”

Deputat Əli Məsimli də inflyasiyanın davam etməsindən narahatlığını ifadə edib.

O, büdcədən sosial məsələlərin tənzimlənməsi üçün əlavə vəsait ayrılmasına ehtiyacın olduğunu bildirib:

Həm azad edilmiş ərazilərə yetərincə vəsaitin yönəldilməsi, həm də sosial proseslərə əlavə vəsait ayrılması yaxşı nəticələrə gətirib çıxara bilər. Gələcəyə yatırım baxımından təhsilə ayrılan vəsaitə də yenidən baxılmalıdır. Çünki təhsilə ayrılan vəsaitin 80 faizi əməyin ödənişinə yönəldilir. Regionlarda kanalizasiya sistemi, kəndlərin qazlaşdırılması prosesi bitməlidir”.

Əli Məsimli
Foto: arxiv

Ə.Məsimli Qarabağ müharibəsi veteranlarına verilən 80 manat müavinətin artırılmasını da təklif edib.

Büdcədən hamıya pul paylayırsınız, qazilərin də “1 abbası”sını verin”

YAP-çı Siyavuş Novruzov hökumətə müharibədə iştirakçılarına laqeyd yanaşmaya görə irad tutub:

Büdcədən hamıya pul paylayırsınız, bizim qazilərin də “bir abbası”sını xahiş edirəm, verin. Qazilərin müavinətləri isə hələ də artırılmır. Onları 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə sevindirmək olar”.

Siyavuş Novruzov
Foto: arxiv

“Bir qazinin cəriməsi 67 min manata çatıb”

Deputat Vüqar İsgəndərov I və II Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərə yazılmış cərimələrin silinməsi təklif edib:

“I və II Qarabağ müharibəsi qazilərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və bunu fürsət kimi dəyərləndirərək gələn cərimələri ödəməyiblər. Bu səbəblə illər ərzində həmin cərimələr çoxalıb. Hətta bir qazinin cəriməsi həmin vaxtdan bu yana 67 min manata çatıb. Bu da onların şəxsi məsuliyyətsizliyi səbəbindən olub. Çünki onların mütləq əksəriyyəti gələn SMS-lərə fikir verməyiblər. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı maddə işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərin nömrəsini çıxarıb idarə edirlər. Bu da qayda pozuntusudur”.

Vüqar İsgəndərov. Foto: Azərtac

“Pul ayrılmasa, qəzetin fəaliyyəti dayanacaq”

Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib ki, onlara sistemli pul ayrılmasa, qəzetin fəaliyyəti dayandırılacaq.

O xatırladıb ki, 2022-ci ildə müraciətlərinə görə birdəfəlik yardım göstərilib:

“Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Milli Məclis tərəfindən təsdiq edilmiş nizamnaməyə görə, qəzetin maliyyə avadanlığı və texniki təminatı Milli Məclis tərəfindən təmin edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının maaşını ödəyə bilmir. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir. Əks təqdirdə, çapımız dayanacaq”.

Bəxtiyar Sadıqov. Foto: “Azərbaycan” qəzeti

B.Sadıqov qəzetdə 65 yaradıcı və texniki işçinin çalışdığını vurğulayıb:

İş rejimimiz rəsmi materiallardan asılı olaraq 2 və ya 3 növbəli olur. 14 nəfər qadın əməkdaşımız faktiki ailə başçısı statusundadır. Bir çox əməkdaşımız uzun illərdir ki, qəzetdə işləyir. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Əgər qəzet bağlansa, işçilərin mətbuat xidmətlərində və digər yerlərdə yerləşdirilməsini xahiş edirəm. Eyni zamanda qəzetin abunələri də azalıb. Bunları nəzərə almaq lazımdır”.

Sahibə Qafarova
Foto: “Azərtac”

Spiker Sahibə Qafarova deyib ki, məsələyə Milli Məclis rəhbərliyi səviyyəsində baxılıb:

“Milli Məclis hər zaman qəzetə dəstək olub. Sizinlə də bu barədə danışılıb. Ancaq siz işinizi zamanın tələblərinə də uyğun qurmalısınız. Aidiyyəti qurumlar da sizinlə danışıblar. Düşünürəm ki, səsləndirdiyiniz təklifləri həyata keçirmək lazımdır”.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi III oxunuşda qəbul edilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button