2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Milli Şura seçkilərin nəticələri ilə barışmamağa çağırır

9 fevral növbədənkənar parlament seçkisinin yekunu ilə bağlı Milli Şura bəyanat verib. Bəyanatda deyilir:

Azərbaycanda 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkisi kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçib. Ölkə boyu əldə olunan məlumatlar göstərir ki, bu seçkinin nəticələri tamamilə saxtadır və xalqın iradəsini əks etdirmir.

Saytların yığılması Saytlarin yigilmasi

Seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlar barədə müxtəlif informasiya mənbələrində, sosial şəbəkələrdə saysız-hesabsız məlumatlar, foto və videolar paylaşılıb. Bu məlumat və çəkilişlər artıq seçkinin nəticələrini bütövlükdə ləğv etməyə yetərli sayıla bilər.

Milli Şura xatırladır ki, növbədənkənar parlament seçkisi hələ təyin edilərkən, onun legitimliyi bir sıra səbəblərdən şübhə altına düşdü. Bu seçkinin hansı zərurətdən irəli gəldiyi, nəyə görə vacib olduğu haqda cəmiyyətə ağlabatan hər hansı izahat verilmədi, onun təyin olunmasından qabaq bu istiqamətdə ictimai müzakirələr aparılmadı. Açıq-aşkar hiss olundu ki, növbədənkənar parlament seçkisi hansısa mülahizələrlə hakim Əliyevlər ailəsinə lazım olub və bununla bağlı qərar da ailənin çox məhdud çevrəsində verilib. Növbədənkənar parlament seçkisi faktiki xalqdan gizli şəkildə hazırlanıb və qəfildən gündəmə gətirilib, bununla da seçkidə maraqlı tərəflər, o cümlədən ölkə müxalifəti prosesə hazırlıqsız yaxalanıb.

Növbədənkənar seçki təyin ediləndən dərhal sonra Milli Şura həm də özünün prosesdə iştirakının şərti kimi heç olmasa, minimal seçki mühitinin yaradılması üçün ən zəruri addımları ehtiva edən təkliflər paketi ilə çıxış etdi. Lakin hakimiyyət bu təkliflərin heç birini qəbul etmədi. Nə mürtəce məzmunlu seçki qanunvericiliyində və tamimlə hakimiyyətin nəzarətində olan seçki komisiyalarının tərkibində dəyişiklik edildi, nə sərbəst toplaşmaq və media azadlığı təmin olundu, nə siyasi məhbusların azadlığı istiqmətində hər hansı addım atıldı, nə müxalif mövqeli ictimai-siysasi fəallara qarşı təzyiqlər dayandırıldı, nə siyasi qüvvələr üçün elementar rəqabət şəraiti yaradıldı və s.
Milli Şura hətta minimal seçki mühitinin də yaradılmadığını nəzərə alaraq, bu seçkini boykot etdi. Milli Şura hesab etdi ki, hər hansı həqiqi yarış şərtlərinin təmin olunmadığı, nəticəsi əvvəlcədən bəlirlənmiş seçki tamaşasında rol almaq xalqı aldatmaq və ona hörmətsizlik olar. Milli Şura əvvəlcədən bəyan etdi ki, belə bir mühitdə keçirilən seçkinin nəticəsi xalqın iradəsini ifadə edə və legitim sayıla bilməz.

Milli Şura qətiyyətlə bəyan edir ki, ölkədə həqiqi seçki üçün hər hansı normal şərait yaradılmadı. Hətta seçkiyə qatılan tərəflərin normal təbliğat kampaniyası apara bilməsinə də imkan verilmədi. Hər dairə üzrə namizədlərə biri açıq, biri qapalı olmaqla yalnız 2 görüş yeri ayrıldı və bir sıra hallarda bu yerlər əlverişsiz oldu. Namizədlərin televiziyalarda çıxış və debatları olmadı, mitinqlər keçirilmədi, əksər dairələrdə seçicilərlə kütləvi görüşlər belə qeydə alınmadı. Bir neçə dairədə namizədlərin fərqli kampaniyaya, yaxud nisbi fəallıq yaratmağa calışmalarını və hakimiyyətin adamı kimi tanınan namizədləri seçicilərin qovmasını kənara qoysaq, ümumən ölkə üzrə seçki ab-havası hiss olunmadı.

Seçkinin yekunları göstərir ki, Milli Şura boykot qərarı verməkdə doğru edib və xalq da böyük çoxluq etibarilə bu qərarı dəstəkləyib. İlkin rəsmi məlumatlarda seçici fəallığı 50%-ə yaxın göstərilsə də, müstəqil mənbələrdən alınan xəbərlər deməyə əsas verir ki, bu göstərici 10-15% civarında olub. Seçki kampaniyası dövründə də nəzərə çarpan seçici fəallığı olmayıb. Xalqın böyük əksəriyyəti seçkini əvvəldən boykot edib.

Milli Şura sədri Cəmil Həsənli hələ səsverməyə 12 gün qalmış müxtəlif mənbələrdən alınan məlumatlar əsasında bu dəfə deputat mandatı ilə təmin olunacaq şəxslərin adlı siyahısını yaymışdı. Hakimiyyətin diqtəsilə və sonradan açıqlanacaq rəsmi siyahıya legitimlik qazandırmaq üçün keçirildiyi şübhə doğurmayan yalançı exit-polların nəticələri həmin siyahı ilə 97% dəqiqliklə üst-üstə düşür. MSK-nın açıqladığı ilkin nəticə də bir neçə dairə istisna olmaqla, həmin nəticələrlə eynidir (bu sənəd yayılan qədər 6 dairədə “qalıb” elan edilməmişdi). Bu da seçkinin saxtalığına, səsvermənin formal xarakter daşıdığına, deputat mandatlarının əvvəlcədən hazırlanan siyahı üzrə paylandığına əlavə dəlildir.

Həm seçki kampaniyası dövründə, həm də seçki günü çox sayda pozuntular baş verib. Kampaniya zamanı bəzi namizədlərə və seçicilərə öz iradələrinin ziddinə getmək üçün təzyiq olunduğu haqda xəbərlər var. Namizədlərdən biri rəqibinin onu pul və şirnikləndirici təkliflərlə ələ almaq istədiyini ictimailəşdirib, MSK-ya və prokurorluğa şikayət edib, amma bununla bağlı hər hansı adekvat ölçü götürülməyib. Öz rəqibinə rüşvət təklif etməklə qanunu pozan namizədə yalnız MSK səviyyəsində xəbərdarlıq olunub. Səsvermə günü baş verən ciddi pozuntulara dair də müstəqil müşahidəçilərin qeydə aldığı çox sayda faktlar mövcuddur. Əsas pozuntular isə bunlardır:

  • məntəqələrdə müşahidə kameralarının sıradan çıxarılması;
  • dövlət idarə və müəssisələri hesabına təşkil olunan xüsusi “seçici dəstələrinin” dairə ərzisindəki bütün məntəqələri gəzərək təkrar-təkrar səs verməsi;
  • dairə ərazisində qeydiyyatda olmayan şəxslərin Mənzil İstismar İdarələri tərəfindən verilən saxta arayışlarla həmin dairədə səs verməsi;
  • saxtakarlıqlara etiraz edən, mane olmaq istəyən müşahidəçilərin və vəkillərin məntəqələrdən uzaqlaşdırılması, hətta fiziki zorakılığa məruz qalması, polis bölmələrinə aparılması;
  • səsvermə zamanı bir seçiciyə bir neçə bülletenin, o cümlədən arıtq müvafiq namizədin lehinə işarələnmiş hazır bülletenlərin verilməsi, səsvermə kabinələrinə eyni vaxtda iki və daha çox seçicinin daxil olub birlikdə səs verməsi, seçki qutularına topa bülletenlərin atılması;
  • səs verməyə gələn seçicilərin yerinə artıq səs verildiyinin qeydə alınması, hətta dünyasını dəyişmiş şəxslərin də adlarının səs verənlər içərisində olması;
  • səslər sayılarkən qutulardakı bülletenlərdən başqa əvvəlcədən hazırlanmış bülletenlərin də səssaymaya daxil edilməsi;
  • dövlət orqanlarında çalışanların, eləcə də hərbçilərin inzibati qaydada səsverməyə gətirilməsi;
  • daşınar qutulardan (məntəqəyə gələ bilməyən seçicilərin öz evlərində səs verməsini təmin etmək üçün) saxtakarlıq məqsədilə istifadə olunması və s.

Milli Şura bu seçki prosesinin əvvəldən azad və ədalətli seçkiyə uyğun olmadığını və səsvermə günü baş verənləri nəzərə alaraq bir daha bəyan edir ki, 9 fevral növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və tamamilə saxtadır. Bu parlament Əliyevlərin razılıq verdiyi siyahı üzrə əvvəlcədən formalaşdırılıb və Azərbaycan xalqını təmsil edə bilməz.

Milli Şura Azərbaycan xalqını və dünyanın demokratik ictimaiyyətini bu seçkinin nəticələri ilə barışmamağa çağırır. Azərbaycan xalqı seçmək və hakimiyyətin mənbəyi olmaq kimi fundamental, konstitusion hüququndan məhrum edilib. Bu hüququ özünə qaytarmaq üçün o, dinc, kütləvi və ardıcıl mübarizə aparmağı bacarmalı, daha yaxşı təşkilatlanmağa, demokratiya uğrunda mübarizəni güzəştsiz təşkil edə bilən siyasi qüvvə ətrafında təmərküzləşməyə çalışmalıdır. Beynəlxalq birlik isə Azərbaycan xalqı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycan hakimiyyətinə avtoritar mövqeyindən geri çəkilmək üçün ciddi təzyiqlər göstərməli, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı ünvanlı sanksiyalar tətbiq etməlidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button