2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

O’Braynın Bakı səfəri: “Münasibətlərdəki gərginlik aradan qalxa bilər”

Şahin Cəfərli isə hesab edir ki, iqtidar mediası vəziyyəti hədsiz dərəcədə dramatikləşdirir

ABŞ həm ikitərəfli münasibətlər, həm də dünyadakı vəziyyətlə bağlı narahatlıqlarını çatdırmaq üçün Azərbaycanla qarşılıqlı əlaqəni davam etdirəcəyini bəyan edib.

Bu barədə dekabrın 11-də Dövlət Departamentinin rəsmisi Metyu Miller brifinqdə “Turan”ın müxbirinin Ceyms O’Braynın Bakıya səfəri ilə baglı sualına cavab verərkən bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı”, – deyə Dövlət Departamentinin sözçüsü əlavə edib.

Onun sözlərinə görə, Vaşinqtonun Bakıyla əlaqələrindən imtina etməsi, regiondakı maraqlarına ziddir:

“Azərbaycanla bütün diplomatik əlaqələrimizdən imtina etsək, bu, regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı”.

Diplomat xatırladıb ki, dekabrın 6-da ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Bakıya gələcək:

Onun sabah görüşləri var. Mən diplomatik danışıqlar baş verməmişdən əvvəl onlara toxunmamalıyam. Biz narahatlığımızı aydınlaşdırmaq üçün həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqə saxlamağa davam edirik. Azərbaycanı Ermənistanla davamlı sülhə çağırmaqda davam edirik. Bu, diplomatik təmaslarımızın mərkəzində qalacaq bir şeydir”.

Metyu Miller. ABŞ DD-in saytından screenshot

Miller həmçinin jurnalistlərin saxlanılmasından da narahatlığını ifadə edib:

Biz jurnalistlərin saxlanılması ilə bağlı son tendensiyadan narahatıq və insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə çağırmaqda davam edirik”.

Ancaq M.Miller dövlət katibinin köməkçisinin Azərbaycanda davam edən media repressiyaları məsələsini qaldırıb-qaldırmayacağı ilə bağlı suala diplomatik danışıqlar baş tutana qədər şərh verməkdən çəkinib.

“Turan” yazır ki, O’Braynın Azərbaycana səfəri dövlət katibi E.Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevi yüksək səviyyəli öhdəliklərini yerinə yetirməyə çağırmasından bir həftə sonraya təsadüf edir:

“Bakı iddia edir ki, Əliyev bu səfərdən sonra Azərbaycanın yüksək rütbəli məmurlarının ABŞ-a səfərinə qoyulan əsassız qadağanın aradan qaldırılması şərti ilə bu təkliflə razılaşıb. Bakı həmçinin O`Braynın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qarşısında verdiyi ifadəsinə də etiraz edib ki, Bakı və Yerevan arasında sülh sazişi olmayana qədər Vaşinqtonun Azərbaycanla münasibətlərində “adi iş” ola bilməz. Bu fikirlər Azərbaycan hökuməti tərəfindən “qərəzli” kimi qəbul edilib və noyabrın 20-də Vaşinqtonda Ermənistanla planlaşdırılan görüşün ləğvinə səbəb olub. Bunun ardınca Azərbaycanın iqtidaryönlü mediasında anti-Amerika kampaniyası başladı və hakimiyyət USAİD-in fəaliyyətinin qadağan edilməsinin zəruriliyini açıq şəkildə bəyan etdi. Eyni zamanda “Qərb casuslarını” ifşa etmək və xeyli müstəqil jurnalistin həbsi kampaniyası başlandı”.

Riçard KozlariçRiçard Kozlariç
Foto: Turan İA

Ötən əsrin 90-cı illərində ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç “O’Braynın qarşıdan gələn səfəri ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün kifayət edəcəkmi?” sualına belə cavab verib:

“Səfər ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətləri sabitləşdirməlidir. Ən mühüm məsələ Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsidir”.

Kozlariç hesab edir ki, O’Brayn ABŞ-da təhsil almış azərbaycanlı tələbələrin “agent” olması ilə bağlı haqsız ittihamlara da toxunmalıdır: “Nəhayət, dövlət katibinin köməkçisi “müstəqil jurnalistlərin davam edən həbsləri və Qubad İbadoğlunun qanunsuz həbsi məsələsini qaldırmalıdır”.

Siyasi şərhçi Şahin Cəfərli ABŞ-Azərbaycan münasibətlərinin iqtidar mediasında hədsiz dərəcədə dramatikləşdirildiyini düşünür.

Onun fikrincə, qoparılan fırtına, hay-küy münasibətlərin real səviyyəsinə adekvat deyil.

O, Meydan TV-yə deyir ki, hər şeydən xəbərsiz insan aparılan təbliğata baxanda, münasibətlərin tamamilə bitdiyini hesab edər:

“Amma praktik müstəvidə görürük ki, kəskin və həll olunmaz problemlər yoxdur. Düzdür, problem var, bu da ilk növbədə ondan irəli gəlir ki, ABŞ administrasiyası “907-ci düzəliş”ə ilk dəfə qadağa qoymadı. 1992-ci ildə qəbul edilən düzəlişlə bağlı Konqress prezidentlərə səlahiyyət verib ki, onlar istədikləri zaman bu düzəlişi əngəlləyə bilərlər. Nəticədə ABŞ prezidentləri hər dəfə düzəlişlərin qüvvəyə minməsinə qadağa qoyublar. Amma iki həftə əvvəl əksinə olduğundan problem əsasən bununla bağlıdır. Digər tərəfdən, Azərbaycanın son addımları da Vaşinqtonda narazılıq doğurub. Onlar iddia edirlər ki, Əliyev Qarabağda hərbi əməliyyat keçirməyəcəyini və məsələni sülh yoluyla həll edəcəyinə söz vermişdi. Bu iddia nə qədər doğrudur, bilmirəm”.

Şahin CəfərliŞahin Cəfərli
Foto: Şahin Cəfərlinin şəxsi arxivi

Başqa bir narazılıq isə Bakının son vaxtlar Rusiya-İran xəttinə yaxınlaşması ilə bağlıdır. Son həftələrdə Azərbaycan hakimiyyətinin siyasi ritorikasında belə bir tezis səslənir ki, kənar güclər regionun daxili məsələlərinə müdaxilə etməməlidirlər. Aydındır ki, regiondan kənar güc deyəndə, Qərb nəzərdə tutulur. Bu, Azərbaycanın mövqeyinin İran və Rusiyanın mövqeyi lə eyniləşməsi deməkdir. Çünki Tehran və Moskvanın ritorikasında bu mövqeyi görmüşdük”, – deyə Cəfərli qeyd edib.

Eyni zamanda, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuyla Naxçıvan arasında kommunikasiyaların qurulması İran ərazisi vasitəsilə gerçəkləşdirilir və bu yöndə real addımlar da atılıb. ABŞ bundan da narazıdır və layihənin Tehranla Moskvanın maraqlarına xidmət etdiyini düşünür. Həm də Vaşinqton Ermənistanın nəqliyyat-kommunikasiyalarından təcrid oluna biləcəyini hesab edirlər. Onlar deyirlər ki, ticarət yolları Ermənistanı da əhatə etməlidir, amma dəhliz statusunda olmamaq şərtilə. Dövlət katibinin köməkçisi O’Braynın çıxışında bu məsələ də yer almışdı”, – Şahin Cəfərli əlavə edib.

Siyasi şərhçi ABŞ-Azərbaycan dialoq kanallarının açıq olduğunu qeyd edib:

“Bu baxımdan Azərbaycanda aparılan təbliğat real duruma adekvat deyil. O’Braynın səfərinə razılıq verilməsi faktı göstərir ki, münasibətlərdə hər hansı bir qırılma yoxdur”.

Hüquq müdafiəçisi Anar Məmmədli Meydan TV-yə deyib ki, Millerin açıqlamasından bəlli olur ki, Vaşinqton-Bakı münasibətləri gərginləşən zaman da təmaslar və fikir mübadilələri olub:

Həmçinin Miller ABŞ-ın regionda və Azərbaycanda maraqlarını ifadə edir və həbsdə olan jurnalistlərin adını daxil etməsi insan hüquqlarının onlar üçün prioritet olduğunu göstərir”.

Anar MəmmədliAnar Məmmədli
Foto: sosial şəbəkə

Məmmədli onu da vurğulayır ki, hər halda son vaxtlar insan hüquqları məsələsinin ABŞ xarici siyasət kursunda, o cümlədən, Azərbaycanla bağlı olduğunu düşünmür:

Varsa belə, bu, bağlı qapılar arxasında olan məsələdir və ictimai-siyasi proseslərə təsir etmək iqtidarında deyil. Biz hər gün ölkədə repressiyaların şahidi oluruq”.

O hesab edir ki, ABŞ rəsmisinin bu gün baş tutacaq səfəri münasibətlərdəki gərginliyi aradan qaldıra biləcək:

“Lakin münasibətlərin gərginləşməsinin səbəblərində tərəflərin hansı öhdəliyinin olması aydın deyil. Konkret olaraq, münasibətlərin yaxın dönəmdə gərginləşəcəyini gözləmirəm. Ara-sıra belə gərginliklər yaşana bilsə də, hər iki ölkənin bir-birinə bağlılıqları və ehtiyacları var. Hakimiyyətlər arasında narazılıqlar ola bilər, yəni rəsmi Bakının rəsmi Vaşinqtondan gözləntiləri ola bilər. Ona görə münasibətlərin çox kəskinləşəcəyini gözləmirəm”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button