2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Odlar yurdu, yoxsa “Paşayevlər yurdu” ?

Bir dövləti, bir ailəyə sığışdırmaq cəhdi

Azərbaycan çox məşəqqətlərdən keçib, çox sınaqlardan çıxıb. Hələ 100 il əvvəl bu diyarda demokratik Cümhuriyyət qurulub, vətəndaşa səsvermə hüququ tanınıb, üç rəngli bayrağımız yaradılıb, dövləti və xalqı təmənnasız sevməyin nümunələri doğulub. Uzun illər keçib və yenidən bu xalq müstəqilik qazanıb, düşmən tanklarının üstünə yeriyib, faciələr adladıb, şəhidlər verib, “ilin xalqı” adına layiq görülüb. Əvəzində Allah bu xalqa böyük sərvətlər bəxş edib. Zəngin təbiətimiz, neftimiz, qazımız, münbit torpağımız var. Yəni, bu xalqın xoşbəxt, bu dövlətin güclü olması üçün hər şeyimiz var.
Amma biz saydığımızı sayaq, görək Paşayevlər nə sayır. Artıq xeyli müddətdir ki, “Odlar yurdu”, “Paşayevlərin yurdu”na çevrilib. Bir ailə özünü inandırıb ki, Azərbaycan bunların ata malı, xalq isə nökərləridi. Yəni, odlar yurdunun istisinə bir ailə qızışır. Milyonlarla vətəndaş isə doğma ocaqda donur, qızına bilmir.
Bunlar dövlət deyəndə Paşa Holdinqi nəzərdə tuturlar. Paşa sığorta, Paşa Bank və digər Paşalar isə bu dövlətin şəhərləridi. Heydər Əliyevin İlham Əliyevə hədiyyə etdiyi ölkəni, Paşayevlər də zorla özlərinə hədiyyə ediblər. Dövlətin büdcəsini şəxsi pul kisələri kimi talan edirlər. Utanmasalar yeni bir tarix kitabı çap edərlər və bu kitabda “Azərbaycan tarixi Paşayevlərdən başlayır” adlı paraqraf da olar. Bir müddətə qədər Azərbaycanın memarının Heydər Əliyev olduğunu iddia edirdilər. İndi isə Paşayevlər bu “qala”nı söküb, yenidən öz “memarlıq” qabiliyyətlərini işə salıblar. Guya, bunlar humanistdir, intellektualdır, mədəniyyət aşiqidir, insanpərvərdi, yardımsevərdi və s.
Amma reallıq budur ki, Paşayevlər daha acgöz, daha qəddar, daha nifrətlə doludurlar. Mütləq hakimiyyəti əldə etmək, dövləti əbədi zəbt edə bilmək üçün hər şeyə hazırdırlar. Hətta uzun illər bunlara xidmət edən adamları da, məkrli planlarına qurban verməyə hazırdırlar. Şeytan bunların niyyətindən xəbərdar olanda təəccübdən boğulur.
Bəli, bir vaxtlar heç bir dəftərdə adı olmayanlar, bələdiyyə sədri olacağını təsəvvür edə bilməyənlər, indi dövlət idarəçiliyinə can atırlar. Elə bilirlər ki, dövlət idarəçiliyi bahalı plastik əməliyyat keçirməkdi, Avropada xarabalıq təmir etməkdi, yarımçıq asfaltın lentin kəsməkdi, mənbəyi məlum olmayan fondun adından pul paylayıb, vətəndaşa minnət qoymaqdı.
Məsələ bundadır ki, Paşaların idarəçiliyində vəziyyət daha bərbad hala düşəcək və bunun simptomları aydın görünür. Dövlətə pul kimi baxan adamların, vətəndaşa qul kimi baxması təbiidir. Siyasətin “s”-sindən xəbəri olmayan qadını dövlətin başına keçirmək arzusu, siyasi terrora hazırlıqdı. Çünki bu zehniyyət dövlət deyil, market idarə etməyə yararlıdı. Dövlət isə “Bravo” market deyil, dövlət milyonlarla vətəndaşın təminatıdı.
Odlar yurdu Azərbaycanı, “Paşayevlərin yurdu” na çevirmək xəyanətdi, vətəndaşın təhqir olunmasıdı, düşmənin birmənalı qələbəsidi. Paşayevlər hansısa ölkədə ada satın ala bilər, amma düşməndən Qarabağı ala bilməz. Siyasət “Jara” festivalı keçirmək deyil, dövləti addım-addım önə keçirmək bacarığıdı. Uzaqgörənlik “Formula -1” avtomobilini Bakıda gəzdirmək deyil, ədaləti, hüququ, azadlıqları ölkədə gəzdirə bilməkdi.
Biz Paşayevlərin Azərbaycanının kölə vətəndaşı deyil, müstəqil və güclü Azərbaycanın azad vətəndaşı olmaq istəyirik. Paşayevlər bu ölkəyə hansısa mənasız idman yarışı gətirə bilər, amma vətəndaşa rifah, təminat, gözəl gələcək gətirə bilməz.
Paşayevlər istəyir ki, Odlar yurdunun sakinləri, “Paşalar yurdu” nun sakinliyinə adaptasiya olunsunlar.
Bunlar “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” deyimindəki adamlardı. Milyonlarla insanı istismar etməklə, milyardlarla dollar istehsal edirlər.
Ən böyük faciə bir xalqa məxsus olanın, bir ailənin nəzarətinə keçməsidir. Bizlərə yalançı inkişaf vəd edib, özlərinə həqiqi səltənət qururlar.
Ona görə də “Odlar yurdu”nun vətəndaşları, “Paşayevlər yurdu”nun “vəsiqə”sin daşımaqdan imtina etməlidir. Bir ailə bir dövlətin içinə sığışa bilər, amma bir dövləti bir ailəyə sığışdırmaq cəhdi dəhşətli fəlakət deməkdi. Yurdumuzu Paşayevlərə güzəştə getsək, Paşayevlər yurdumuzu şəxsi maraqlarına güzəştə getməyə davam edəcəklər. “Odlar yurdu”nun insanları bu yurda pis gözlə baxanları öz alovuyla yandırmağı bacarmalıdır. Müvəqqəti şamlara, “əbədi məşəl” haqqı tanımaq olmaz.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button