2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ombudsman hesabat verdi: Jurnalist həbsləri, mediaya basqı, insan hüquqlarının durumu gözə dəymədi

“Ombudsman var, onun aparatı mövcuddur, amma ölkədə insan haqları yoxdur, ləğv edilib”

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisə 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması ilə bağlı illik hesabat təqdim edib.

Onun sözlərinə görə, il ərzində Ombudsmanın ünvanına 29 min 411 müraciət edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ombudsman deyib ki, şikayətlər əsasən şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi kimi mövzularda olub.

Cəzaçəkmə müəssisələrindəki problemlər

İşgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzalara gəlincə, Səbinə Əliyeva bildirib ki, il ərzində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə 347 başçəkmə olub.

“2.500 nəfər üçün nəzərdə tutulmuş 1 saylı Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1.050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1.400 nəfərin saxlandığı, 1.200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1.411 məhkumun cəza çəkdiyi müəyyən edilib”.

Vəkillə görüşə maneə

Ombudsman bəzi hallarda tutulan şəxslərin vəkilləri ilə görüşünə izin verilməməsindən narahatlığını bildirib. Deyib ki, tutulmuş, həbs edilmiş şəxslərin polis orqanlarında vəkilləri ilə müvafiq order təqdim edilməsinə baxmayaraq, görüşlərinə maneə yaradılması ilə bağlı müraciətlər Bakı şəhərinin Xətai, Nəsimi, Nizami, Binəqədi Rayon Polis idarələrindən, habelə Abşeron Rayon Polis İdarəsindən, eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən olub:

“Bəzi hallarda polis orqanlarındakı sənədləşmədə olan nöqsan və çatışmazlıqlar qeydiyyat işinin düzgün təşkil edilməməsini, şəxslərin saxlanılması ilə bağlı prosessual müddətlərə riayət edilib-edilməməsini müəyyənləşdirməkdə çətinliklərə səbəb olur və bir çox hallarda belə pozuntuların aşkarlanmamasına xidmət edir”.

Səbinə Əliyeva
Source: Foto: arxiv

Digər nöqsan isə müvəqqəti saxlama yerlərindəki (MSY) şəxslərin kameralara onların əvvəlki məhkumluğu, səhhəti nəzərə alınmadan yerləşdirilməsi ilə bağlıdır.

“Belə ki, Nizami RPİ-yə başçəkmə zamanı daxili intizam qaydalarına zidd olaraq, ilk dəfə tutulan şəxslərin əvvəllər məhkumluğu olan şəxslərlə bir kamerada saxlanıldığı müşahidə edilib. Milli Prventiv Qrupun üzvləri eyni hala Xətai RPİ, Səbail RPİ, Şəmkir RPŞ və Ağstafa RPŞ-nin müvəqqəti saxlama yerlərində də rast gəlib”.

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-dək jurnalist həbs olunub. Onların bir neçə gün öncəyədək ailələri ilə danışmaq, görüşmək imkanları məhdudlaşdırılmışdı. Həmçinin, bu şəxslərin yaxınlarının ölkədən çıxışına qadağalar, bank hesablarına həbslər qoyulub. Vəkillərə müvəkkilləri ilə görüşlərdə maneə törədilib. Bütün bunlarla bağlı açıqlamalarda dəfələrlə Ombudsmana müraciət edildiyi bildirilib.

Lakin Ombudsmanın illik hesabatında vəkillərlə görüşə problem yaradılmasından savayı, qalan hallarla bağlı bir cümlə belə yer almayıb.

Bir sözlə, hesabatda vətəndaşların siyasi hüquqlarının pozulması, o cümlədən toplaşmaq, birləşmək, media, seçki hüquqları, jurnalistlərin həbsi, mediaların qapadılması, siyasi məhbusların problemləri ilə bağlı heç nə yer almayıb.

Ombudsman bunları niyə gözardı edib, onun əsl funksiyası nədir? Ombudsman baş verən hadisələr fonunda necə davranmalı idi?

Hüquqçu Yalçın İmanov deyir ki, Ombudsmanın funksiyaları “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanunda ətraflı şəkildə təsvir edilib. Qısaca ümumiləşdirilsə, bura ölkədə pozulan insan hüquqları və azadlıqlarının bərpası və insan hüquqları pozuntularının qarşısının alınması daxildir:

“Yəni, birinci istiqamət daha çox pozulmuş insan haqlarının pis nəticələrinin aradan qaldırılmasıdırsa, ikinci istiqamət preventiv xarakter daşıyır, başqa sözlə, mümkün insan haqlarının pozuntularını önləməkdir. Amma bu məsələnin qanuni tərəfidir. Nəzərə almaq lazımdır ki, ölkədə qanunla, realllıq arasında aşkar uyğunsuzluq, uçurum, bir-birinə aidiyyətsizlik var. Obrazlı desək, Azərbaycanda Ombudsman Aparatı insan haqları sahəsinə epitafiyadır, elegiyadır, nə bilim, daha necə istəsəz, başqa uyğun metaforlarla adlandırmağı davam etdirə bilərsiniz”.

Yalçın İmanovYalçın İmanov
Foto: Meydan Tv

“Ombudsman var, onun aparatı mövcuddur, amma ölkədə insan haqları yoxdur”

Hüquqçu deyir ki, Azərbaycan siyasi hakimiyyəti hər şeydə olduğu kimi, burada da ustalıqla görüntü, illuziya yarada bilib. Yəni, ombudsman var, onun aparatı mövcuddur, amma ölkədə insan haqları yoxdur, ləğv edilib:

“Yaxud insan haqsızlıqları boğaza çıxır. Yəni, insan hüquqları üzrə müvəkkil və ya onun aparatı ilə hər yerdə amansız şəkildə təqib edilən insan haqları sanki iki paralel dünya kimi bir-birindən müstəqil şəkildə mövcudluğunu davam etdirir”.

Hesabatda nələr yoxdur?

Yalçın İmanov Səbinə Əliyevanın hesabatını oxumayıb. Deyir, o sənəd qalağını, maklaturasını oxumağa nə vaxtı, nə həvəsi var:

“Bu qalağa ayrılan vaxta, zamana heyfim də gəlir. Ona görə də bilmirəm, həmin hesabatda nələr yazılıb. Amma o sənəd maklaturası ilə tanış olmasam da, orada nələrin yazılmadığını dəqiq bilirəm. Bu, yazılmayanlar, təkcə, siyasi hüquqların hər il təkrarlanan və şiddətlənən divanı, görkəmli iqtisadçı professorun və yaxud da əsas “günahı” ölkədə misilsiz elit korrupsiyanı ifşa edən nəcib, amma cəsur jurnalistlərin dünyanın diqqətində olan nümunəsi deyil, həmçinin siyasi hüquqlara heç aidiyyəti olmayan digər zorlanmış hüquqların da praktiki rəzil durumu yer ala bilməz”.

“Görünən təpəyə nə bələdçi?”

Hüquqçu deyir ki, məhz bunlar, məhz sadalananlar, Ombudsman Aparatı, yaxud da müvəkkil adlı dekorasiyanın mahiyyətinə, məzmununa ziddir:

“Qızara-qızara, heç bir xəcalət və kompleks hissi keçirmədən “Azərbaycanda siyasi məhbus yoxdur, ümumiyyətlə, bu anlayış Azərbaycan üçün ziddir”, – deyən bir adamın hesabatında başqa maraqlı nə ola bilər?! Təbii ki, heç nə. Mənim, baş tutmamış bu institutdan heç bir yaxşı gözləntim yoxdur, ona görə də onların hesabatlarını, maklaturasını da böyüdücü ilə tədqiq etməyə ehtiyac, lüzum duymuram. Necə deyələr, görünən təpəyə nə bələdçi?”

Ombudsmanın hesabatında əslində nələr yer almalıdır?

Yalçın İmanov deyir ki, əslində Ombudsman necə davranmalıdır, onun illik hesabatında hansı məsələlər yer almalıdır sualları nəzəridir. Bu sualların indiki Ombudsman Aparatı, yaxud da ombudsmanla heç bir bağlılığı, əlaqəsi yoxdur:

“Azərbaycanlılar, Azərbaycan xalqı nə vaxtsa, cürət edib siyasi münasibətlərdə legitimliyini bərpa edə bilsə, onda bu suallar da aktuallığını itiricək və “Azərbaycanda siyasi məhbus yoxdur”, – deyən bir adamın qaraladığı illik maklaturlar da sadəcə tarixi həqarət kimi xatırlanacaq”.

Ombudsmanın fəaliyyətini nə əngəlləyir?

“Müdafiə Xətti” hüquq müdafiə təşkialtının icraçı direktoru Rüfət Səfərov “Amerikanın Səsi”nə bildirib  ki, ölkədəki siyasi sistemin mahiyyəti ombudsmanın müstəqil fəaliyyətinə imkan vermir.

“Xüsusilə də son bir ildə respublikada repressiv tədbirlər, siyasi ağırlığa malik olan inzibati cinayət təqibləri və bunun yanında pis rəftarlar, işgəncə halları öz apogeyinə çatıb. Təəssüf ki, zaman-zaman Ombudsman Aparatından qeyd olunan xüsusatlara dair adekvat reaksiyaları görməmişik. Hesabatın mətnində də bu kimi məsələlər xüsusi ağırlığa malik deyil”.

Rüfət SəfərovRüfət Səfərov
Source:

Səfərov hesab edir ki, Azərbaycanda sərt avtoritar idarəetmə var. Belə bir şəraitdə Ombudsman Aparatı, həmçinin xanım Səbinə Əliyeva tam sərbəst surətdə ortaya fəaliyyət qoya bilməz:

“Baxın, ölkədə jurnalistlər həbsdədir. “AbzasMedia” təm şəkildə cəmiyyətdən təcrid olunub. “Kanal13”-ün Bakı bürosunun rəhbəri həbsdədir. Blogerlər, hüquq müdafiəçiləri, partiya sədrləri, ekologiya məhbusu, bütün bunlarla bağlı hesabatda məlumat əks olunubmu? Təbii ki, yox. Hər saat Bakıda, perefiriyalarda, yəni ölkəboyu dindarlara, inanclı insanlara qarşı təqiblər baş verir. Bunlarla bağlı ombudsmanın hesabatında bir narahatlıq ifadələri varmı? Təbii ki, yoxdur”, – o deyib.

Artan həbslər, təqiblər

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia” saytının əməkdaşlarıdır. “Kanal 13” saytının da bir neçə əməkdaşı müxtəlif ittihamlarla həbsdədir.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Martın 6-da isə polis Toplum TV-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Həbs edilənlərin hər biri bunun sırf peşə fəaliyyətləri ilə əlaqəli olduğunu bildirirlər.

Ombudsmanın tarixi

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Quruma düz 17 il Elmira Süleymanova rəhbərlik edib. 2019-cu ildənsə onu Səbinə Əliyeva əvəz etməyə başlayıb.

Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçilərindən Siyavuş Novruzovun həyat yoldaşıdır.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button