2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Parçalanmış, dağıdılmış media, minnətdar xalq – qeyd-şərtsiz qələbənin düsturu

Natiq Cavadlı

Əliyev artıq 5-ci dəfədir ki Prezident seçkilərində necə qalib gəlir

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində ilk “exit-poll”un nəticələrinə görə, seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verib. İlkin nəticələrə görə, o, 93,9 faiz səs toplayıb. Əliyevi artıq Belarus, Özbəkistan və Türkiyə prezidentləri təbrik ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Real rəqabətin olmaması, hökumətin mediaya təzyiqi və ictimai təşkilatlar tərəfindən seçkilərin monitorinqinə maneə” – Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Müşahidə Missiyası özünün 31 yanvar tarixli aralıq hesabatında Azərbaycanda növbədənkənar Prezident seçkilərinə hazırlığı belə təsvir edib.

Azərbaycanda ikinci dəfədir Prezident seçkisi növbədənkənar keçirilir. İlk dəfə 2018-ci ilin oktyabrında keçirilməli olan Prezident seçkisi apreldə baş tutdu. Seçkinin 6 ay əvvələ salınmasını Prezidentin köməkçisi Əli Həsənov tədbirlərin sıxlığı ilə əlaqələndirmişdi:

Foto: Meydan TV

“Konstitusiyaya uyğun olaraq 2018-ci il Prezident seçkilərinin payızda – oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən əvvəlində keçirilməsi daha məqsədəuyğundur”.

Prezident seçkiləri 2025-ci ildə keçirilməli olduğu halda ilyarım əvvələ keçirilib. 2008-ci ildə İlham Əliyev ikinci dəfə seçkiyə qatılanda, bu, onun sonuncu seçki yarışı olduğundan 1 il sonra referendum keçirldi. Referendumda eyni şəxsin iki dəfədən artıq Prezident seçilməsinə Konstitusiya qadağası ləğv edildi. Nəticədə Əliyev 2013-cü ildə üçüncü dəfə seçkiyə qatıldı. 

Konstitusiyada hüquqi əsası göstərilməyən növbədənkənar seçkilər

2016-cı il Konstitusiya referendumunda Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması ilə bərabər dövlət başçısına Milli Məclisi buraxmaq və növbədənkənar Prezident seçkisini elan etmək hüququ da verildi. Bundan əlavə I Vitse-prezident və Vitse-prezident vəzifələri yaradıldı. Yəni Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətləri I Vitse-prezident tərəfindən icra ediləcəkdi.

Amma yeni dəyişikliklərdə Milli Məclisi buraxmaq və növbədənkənar seçkilər üçün hüquqi əsaslar yer almamışdı. Yəni hansı halda parlament buraxıla və növbədənkənar seçkilər keçirilə bilər. Halbuki, bunların hüquqi, konstitusion əsasları müəyyən olunmalıydı. İkincisi, növbədənkənar seçkilərin qaydaları da Konstitusiyada öz əksini tapmalıydı, amma dəyişikliklərdə onlar yox idi. Ona görə də ölkə başçısı bu barədə istədiyi vaxt sərəncam imzalaya, özü də siyasi izah verə bilər.

Növbədənkənar seçkinin siyasi səbəbləri…

Dövlət başçısı İlham Əliyev 7 fevral növbədənkənar seçki qərarını bir neçə siyasi səbəblə əlaqələndirib. İlk növbədə, 2023-cü il sentyabr hadisələrindən (sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyat nəzərdə tutulur) sonra yeni dövrün başlanğıcı ilə bağlı olduğunu deyib. Əliyev ikinci səbəbi “işğaldan azad olunan ərazilərdə keçiriləcək birinci seçkilərin məhz Prezident seçkisi olmalı idi” deyə göstərib. Həmçinin, prezidentlik fəaliyyətinin 20 ilinin tamamlandığını da qeyd edib:

“Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən Prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.

Amma müxalifət İ.Əliyevin sadaladığı səbəbləri əsaslı saymayıb.

Milli Şuranın sədri, professor Cəmil Həsənli ölkə başçısının söylədiklərinə suallarla reaksiya verib:

Foto: Meydan TV

„İlham Əliyevin istinad etdiyi bu yeni dövr nə ilə səciyyələnir? Ölkənin Konstitusiyası, siyasi sistemi dəyişibmi? Xalqın idarəçilikdə iştirakı artıbmı? Belə olan halda yeni dövrü səciyyələndirən nədir? Xalqın rifah halı daha da aşağı düşüb, işğaldan azad olunmuş infrastruktur layihələrdə korrupsiya halları üzə çıxıb. Siyasi məhbusların sayı təkcə 2023-cü ildə iki dəfədən də çox artıb. Bəlkə yeni dövr artıq dünyada çoxdan keçmişə çevrilmiş COVİD-19 nədəniylə tətbiq edilən karantin şəraitində növbədənkənar, əslində isə qəfil seçkilər keçirməkdir? Bəlkə dövlət verdiyi imtiyazlardan istifadə edərək namizədlərdən birinin qəfil seçki haqqında daha öncədən məlumatlı olmasıdır yeni dövrün səciyyəvi məsələsi?”

Seçkinin ölkənin bütün ərazisində keçirilməsinə gəldikdə, Milli Şura sədri yenə sual edib ki, nə qədər qaçqın, köçkün yerinə-yurduna qayıdıb:

“Axı onların sayı 2-3 minin altındadır. Yenə qaçqınlar Sumqayıtda, Bakıda, Muğan-Mil düzündə səs verəcək. Yoxsa onları avtobusa mindirib aparıb Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə səs verdirəcəksiniz?”.

Qarabağ və seçki

1988-ci ildə Ermənistanın ərazi iddiası ilə başlanan Qarabağ münaqişəsi Azərbaycanın son 33 illik tarixində hakimiyyət dəyişikliklərinin katalizatoru olub. 1990-ci ildə hakimiyyətə gələn Ayaz Mütəllibov 2 il sonra onu itirdi. Ali Sovet Mütəllibovun hakimiyyətdən getməsində Xocalı faciəsini səbəb kimi göstərdi.

1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətə gəldi, 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu, iyunda Gəncə qiyamı ilə o da iqtidardan getməli oldu.

1993-cü ildə hakimiyyəti götürən Heydər Əliyevin iqtidarının ilk aylarında 6 rayon işğal olundu. Ancaq o sələflərindən fərqli olaraq müharibəni davam etdirməyib atəşkəsə getdi və onun 10 illik hakimiyyəti dövründə müharibə olmadı. Beləliklə, Qarabağ savaşının yaratdığı 90-cı illər məğlubiyyəti, xalqın inandığı milli azadlıq hərəkatının liderlərinin nüfuzdan düşməsi, sosial-iqtisadi səfalət Azərbaycan xalqının və cəmiyyətinin altşüurunda ağır travma yaratdı. Oğul Əliyev hakimiyyətinin 17-ci ilində 44 günlük müharibəyə başladı, son 3 ildə Qarabağı separatçılardan tamamilə təmizlədi. Şuşanın azad olunduğu gün Əliyevə qarşı barışmaz müxalifliyi ilə seçilən Əli Kərimli və İsa Qəmbər onu təbrik etdilər. 2003-cü il seçkilərində Əliyevin rəqibləri olan Etibar Məmmədov “xalq İlham Əliyevə Qarabağı azad etdiyinə görə minnətdar olmalıdır”, Lalə Şövkət Hacıyeva isə “Şuşanın hər birimiz üçün mistik əhəmiyyəti var. Azərbaycan Qarabağsız, Şuşasız tam canlı ola bilməzdi. Bu çox çətin işi İlham Əliyev milləti səfərbər edərək həll etdi”, deyərək ona alternativlər görmədilər.  

Əlbəttə, bütün bunlar cəmiyyətin İlham Əliyevə münasibətində dərin izlər buraxdı. Ardınca başda Ermənistan Baş naziri Nikol Paşinyan, Rusiya dövlət başçısı Vladimir Putin və bir sıra qərb dövlətlərinin liderləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdılar. Sonuncu olaylar rəsmi təbliğatda diplomatiyanın uğuru kimi təlqin edildi.

Foto: Meydan TV

Son 3 ilin hadisələri cəmiyyətin müxtəlif təbəqələrində Əliyevə münasibəti dəyişdi. Uzun müddət hakimiyyətə müxalif olan şəxslər əks mövqeyə keçdilər. Məsələn, Əliyev rejiminə etiraz olaraq mühacirətə gedən bəstəkar Cavanşir Quliyev Prezident seçkisində ona səs verəcəyini bildirdi. Yaxud 2000-ci illərin ortalarına qədər AXCP üzvü olan Akif İslamzadə seçkilərin ləğv edilməsini, Əliyevin əbədi prezidentliyindən danışdı. Demokratik Respublikanın qurucularından Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə “babam sağ olsaydı, İlham Əliyevə səs verərdi” deyə bəyan etdi. Nəhayət, seçki təşviqat kampaniyası zamanı prezidentliyə namizədlər də Əliyevə Qarabağ qələbəsində görə təşəkkür etdilər. Bütün bunlara ümumi yanaşdıqda Əliyevin seçkini reytinqinin ən yüksək dövrünə təyin etməsi düşünülmüş qərar olduğunu deməyə əsas verir.

Beləliklə, Əliyev seçkiyə ona təşəkkür edən xalqla, daim təhdid, repressiyalar altında olan parçalanmış, zəiflədilmiş müxalifətlə, dağıdılmış media və vətəndaş cəmiyyəti ilə gedir. Bunları isə ardıcıl olaraq izah edəcəyik.

Seçkiyə qədər yeni media və partiyalar haqqında qanunlar

Azərbaycanda seçkidən əvvəlki siyasi durum əvvəlki seçkilərlə müqayisədə fərqli rəng aldı. Adətən son 30 ilin siyasi tarixində fəal siyasi kəsimi və müstəqil, müxalif media seçkidən sonra təzyiqlərlə üzləşirdisə də, bu dəfə əksinə oldu. Ən əsası 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində yeni media və partiyalar haqda qanunlar qəbul edildi.

“Media haqqında” qanunun qəbul edilməsinin zəruriliyilə bağlı heç bir yazılı müşayiətedici əsaslandırma olmadığını söyləyən „Turan“ İnformasiya Agentliyinin direktoru Mehman Əliyev yeni qanunun dövlətin KİV üzərində nəzarətini gücləndirmək məqsədi güddüyünü deyib.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə yeni media qanunu ilə bağlı 40-dək təklif verilsə də, nəzərə alınmadığını bildirib:

“Yeni qanunda jurnalistlərə aid tələblər həddindən artıq çoxdur və bunların bir çoxu da Konvensiyaya uyğun deyil”.

Avropa Şurası Venesiya Komissiyası (VK) rəyində “Media haqqında” qanunu yararsız hesab etmişdi. Venesiya Komissiyası Avropa Şurasına üzv olan ölkədə belə bir qanunun tətbiq edilməməsini vurğulayıb. Venesiya Komissiyası öz rəyində müəyyən müddəaları da hədəfə alıb:

“Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “dondurucu effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, qanun olduğu kimi tətbiq edilməməlidir”.

Venesiya Komissiyası “Media haqqında” qanunla bağlı Azərbaycan hakimiyyətini təcili olaraq aşağıdakıları həyata keçirməyə çağırıb:

“Qanunun 26-cı maddəsi – KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilməlidir; Media Reyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır: akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; məzmunla bağlı qanundakı məhdudiyyətlər Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırılmalıdır; jurnalist qaynaqlarının qorunması ilə bağlı müddəalar dəyişdirilməlidir; platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməlidir; çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır”.

Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edib ki, jurnalist anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməli olduğu vurğulanır.

Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü il üzrə hesabatında da Azərbaycanda mətbuatın durumunun heç də yaxşı olmadığı göstərilmişdi. Təşkilatın Media Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə idi.

Bundan əlavə, Seçki Məcəlləsindəki “kütləvi informasiya vasitələri” sözlərinin “media subyektləri” sözləri ilə əvəzlənməsi də müstəqil media orqanlarının hansı aqibətlə üzləşəcəyi sualını yaradır.

Layihə Prezidentin 2023-cü il 8 aprel tarixli 2089 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin bənddə qanunların və Azərbaycan Prezidentinin aktlarının “Media haqqında” Qanuna uyğunlaşdırılması tapşırılıb”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Meydan TV-yə deyib ki, nəticə etibarı ilə dəyişiklik jurnalistlərin seçki prosesini işıqlandırmasına və şəffaflığına mənfi təsir göstərəcək:

“Artıq bəlli sayda jurnalistlər seçkidən reportaj hazırlaya biləcəklər. Bunun özü həm informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır, həm də seçkilərin aşkarlığı, şəffaflığı ilə bağlı yeni məhdudiyyətin yaradılmasına səbəb olacaq” .

Ölkə başçısının 2023-cü ilin yanvarın 11-də imzaladığı “Siyasi partiyalar” haqqında qanuna gəldikdə, sənəd xarici aləmdə də tənqidlə qarşılandı.

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu “Siyasi Partiyalar haqqında” yeni qanun haqqında birgə rəyində sənədin problemli olduğunu qeyd etmişdi:

“Yeni qanun ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətbiq edib”.

“Siyasi partiyalar kollektiv siyasi ifadə vasitələri kimi bu hüquqlardan tam istifadə etmək imkanına malik olmalıdır. Bu o deməkdir ki, qeydiyyat tələbləri məqbul olmalıdır. Siyasi partiyalar üzərində dövlət nəzarəti bununla məhdudlaşdırılmalıdır. Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsiplərilə bir araya sığmayan həddindən artıq bir tədbirdir. Siyasi partiyaların dayandırılması və buraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər”, – deyə rəydə deyilir.

Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hakimiyyətə çatışmazlıqları aradan qaldırmağı təklif etsə də, nəzərə alınmadı.

Qanun qəbul edildi, partiyalar özlərindən xəbərsiz buraxıldı

Qanunun qüvvəyə minməsindən 2 ay sonra 20-dən çox partiya özünü buraxdı. Ancaq Liberal və Cümhuriyyət Xalq partiyaları özlərindən xəbərsiz buraxılmışdı. Məsələn, iyunun 24-də Liberal Partiyasının VIII qurultayı keçirilib və elə həmin gün də partiyanın fəaliyyətinin dayandırıldığı haqda xəbər yayılıb. Partiyanın sədri Əvəz Temirxanın sözlərinə görə, onlayn formada keçirilən qurultay yenidən onu sədr seçib:

“Həmçinin, qurultay yeni parlament seçkilərinə qədər partiyanın fəaliyyətinin müvəqqəti dayandırılması haqda qərar qəbul edib, yəni bu, müvəqqəti dayanmadır, dekabrın 31-ə qədər. Ancaq məlumatı haradan alıbsa, musavat.com  saytı Liberal Partiyasının fəaliyyətini dayandırması haqda xəbər yayıb. Biz bilmirik ki, onlar bu məlumatı hardan alıblar”.

Reyestrdən ilk keçən hakim partiya, keçməyən müxalif…

İyunda isə partiyaların yenidən qeydiyyatına start verildi və ilk olaraq hakim Yeni Azərbaycan Partiyası reyestrdən keçdi.

AXCP, Müsavat, REAL və AMİP ilkin mərhələdə Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahılarla bağlı rədd cavabı aldı.

Maraqlı məqam Ədliyyə Nazirliyi hakim partiyadan sonra hökumətin siyasətini dəstəkləyən Ağ, Vətəndaş Həmrəyliyi, Milli Dirçəliş Hərəkatı, Milli Cəbhə, Ana Vətən, Haqq Ədalət və digərlərini qeydə alması oldu.

Yalnız bunlardan sonra müxalif partiyalar reyestrdən keçirildi.

Və ardınca 23 partiya İlham Əliyevə təşəkkür müraciəti ünvanladı.

Sadalananlar 2023-cü ilin sonu və cari ilin əvvəli Azərbaycanda media və siyasi partiyalar haqda qanunların qəbulu ölkədə siyasi azadlıqlarla bağlı hakimiyyətin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə adekvat olmadığının göstəricisi idi.

Seçki öncəsi həbslər…

2022-ci ilin dekabrında Bəxtiyar Hacıyev həbs olunanda ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. 2023-cü ilin iyunun 16-da ictimai fəala qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham da verildi. Noyabrda isə daha bir ittiham, Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürüldü. Əksəriyyət B.Hacıyevin dekabrın 9-da ABŞ-ın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polkovniki Kərim Əlimərdanova qarşı sanksiya tətbiq edilməsindən sonra həbsini təsadüfi saymır.

Foto: Meydan TV

Ötən ilin iyulunda Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu həbs edildi. İqtisadçı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilsə də, həbsini siyasi fəaliyyəti və azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə bağlı araşdırmalarla əlaqələndirdi.

Noyabrın 20-dən başlayaraq Azərbaycanda fəaliyyət göstərən və son illərin ən səs-küylü jurnalist araşdırmalarına imza atan “AbzasMedia”nın rəhbər heyəti həbs olundu. Sevinc Abbasova (Vaqifqızı), Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçalmalçılıq) ilə cinayət işi açıldı. Həmçinin, Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova ilə yanaşı, Ülvi Həsənlinin anası Esvira Musayevanın pensiya, bacısı Sədaqət Həsənovanın, saytla əməkdaşlıqda suçlanan iqtisadçı Toğrul Vəliyevin isə maaş kartlarına da blok qoyulub.

Foto: Meydan TV
Haşiyə: Sevinc Vaqıfqızı 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkisi zamanı 25 saylı seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki çəkilişlərinə görə 1000 manat cərimələnmişdi. Jurnalist ərazidə “karusel” əməliyyatını çəkdiyinə görə 251 saylı orta məktəbin direktorunun müavini Elmira Alandarova tərəfindən məhkəməyə verilmişdi.

Dekabrın 6-da ictimai fəal İlhamiz Quliyev Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə həbs olunub. Ardınca Teymur Kərimov, Şamo Eminov həbs olundular.

Dekabrın 14-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbs edildi. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürüldü.

Foto: Meydan TV

Dekabrın 23-də saxlanılaraq 25 sutka inzibati cəza alan III Respublika Platformasının Qurucu Heyətinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyevin komputer və əşyaları hələ də qaytarılmayıb.

Yanvarın sonunda isə “Youtube”dakı “Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olan A.Sayadoğlu DTX tərəfindən oğurlandı. O, ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığını tez-tez tənqid edirdi.

Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Sadayoğlu barəsində həbs qətimkan tədbiri seçilib. Amma media A.Sadayoğlu haqda rəsmi orqandan məlumat ala bilmir.

Seçki tövsiyələri, müxalifətsiz komissiyalar

Seçki öncəsi vəziyyət ATƏT-in 2018-ci il növbədənkənar Prezident seçkisindən sonra hakimiyyətə tövsiyyələrini də yada salmağı vacib sayır. Bu, seçki öncəsi durumun mənzərəsinə işıq salır. Belə ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2018-ci il növbədənkənar Prezident seçkiləri barədə yekun hesabatında seçki komissiyalarının təyin edilməsi formulunun praktikada seçkilərin qərəzsiz idarə olunmasını nəzərdə tutduğunu qeyd etmişdi:

„Bununla əlaqədar, seçki komissiyalarının qərəzsizliyini və ictimaiyyətin onların işinə inamını artırmaq üçün onların tərkibinə yenidən baxılması tövsiyə edilib. Prioritet tövsiyələr arasında diffamasiya və böhtanın, o cümlədən onlayn-kontentdə, dekriminallaşdırılması təklif edilib“.

Amma bütün bu tövsiyələr hələ də yerinə yetirlməyib. Qanunvericiliyə görə (Seçki Məcəlləsi, maddə 22), pozuntuya yol verən komissiya üzvü vəzifəsindən xaric olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda seçki pozuntuları ilə bağlı 100-dən çox qərarı var, bunlar 2005-2010-2015-ci il parlament seçkiləri ilə bağlı şikayətlər əsasındadır.

Bu istiqamətdə iş aparan vəkil Əsabəli Mustafayev 2020-ci il seçkiləri ilə bağlı 30-dən çox şikayətin göndərildiyini bildirib:

“Ümumilikdə, Avropa Məhkəməsinə şikayətlər əsasən Bakı, Sumqayıt və Abşerondan olur, səbəb də rayonlarda vəkillərin az olmasıdır. Məsələn, Naxçıvandan seçki pozuntusu barədə heç vaxt Avropa Məhkəməsinə şikayət edilməyib”.

Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinin qərarına əsasən pozuntuya yol verən komissiyaların tərkibi dəyişməliydi, amma heç bir dəyişiklik olmayıb:

“Halbuki, Avropa Məhkəməsinə ünvanlanan müraciətlər komissiyaların tərkibini, MSK və DSK-ların, məhkəmələrin şikayələrə baxılma qaydasını, qeydiyyata alınmanı daha çox özündə ehtiva edir. Bütün bu şikayətlərə görə Avropa Şurası Venessiya Komissiyasının seçki komissiyalarının tərkibi barədə xüsusi rəy və tövsiyələrini açıqladı. Amma komissiyaların tərkibində dəyişikliklər olmadı. Ona görə də həmişə irad bildiririk ki, məhkəmənin qərarlarına rəğmən seçki qanunvericiyi daha da sərtləşdirilir”.

125 dairənin 8-də katibi, 6319 məntəqənin 320-də üzvü olan müxalif partiya

2020-ci il parlament seçkilərində REAL Partiyasından Erkin Qədirli mandat qazandığından MSK-da olmasa da, dairə və məntəqə komissiyalarında “realçı”lara yer ayrıldı. Partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bildirib ki, 8 seçki dairəsində katib, 320 məntəqədə isə sıravi komissiya üzvləri var:

“Katibi olduğu iki üzvümüz Bakıdadır, qalanları Sumqayıt və başqa regionlardadır. Məntəqə üzvülüyunə irəli sürdüyümüz adamlar isə rayonlardadır”.

Amma REAL Partiyasının MSK-ya üzv kimi irəli sürdüyü Mətin Rəhimli qəbul edilmədi.

Əlbəttə, 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi ilə müqayisədə 8 katib, 320 məntəqə üzvü çox azdır.  

Bu baxımdan Azərbaycanda MSK başda olmaqla dairə və məntəqə komissiyalarının tərkibində əsaslı dəyişiklik olmadığını söyləmək olar.

Vətəndaş cəmiyyəti… dalana dirənmiş vəziyyət

7 fevral növbədənkənar seçkilərini müstəqil vətəndaş cəmiyyəti qruplarının müşahidəsinə gəlincə, Seçki Müşahidə Alyansı qiymətləndirmə sənədi yayacaq. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi qeydiyyatı olmadığı üçün MSK-ya müraciət edə bilməyib. Ədliyyə Nazirliyi mərkəzin qeydiyyatını 2008-ci ildə ləğv edib. Avropa Məhkəməsi 2021-ci ildə qeydiyyatın bərpa olunması haqda qərar çıxarsa da, Ali Məhkəmə hələ də işə baxmayıb.

Hazırkı mənzərənin səbəblərini araşdırmaq üçün təxminən 10-12 il əvvəl hakimiyyətin vətəndaş cəmiyyətinə total təzyiqlərini yada salmaq lazımdır. 2013-2014-cü illərdə qanunvericiliyə sərt dəyişikliklər bu sektoru sıradan çıxardı.

Hüquqşünas Xalid Ağəliyev rəsmi məlumatlara əsasən Azərbaycanda dörd mindən artıq QHT-nin qeydiyyatdan keçdiyini vurğulayaq deyib ki, əhalisi 4 milyon civarında olan Gürcüstanda QHT-lərin sayı 20 mindən artıq, əhalisi 1 milyon yarımdan az olan Estoniyada isə 34 mindən çoxdur. O, 2013 və 2014-cü illərdə QHT sahəsini tənzimləyən qanunlara üst-üstə ciddi məhdudlaşdırıcı 40-dək dəyişikliyin edildiyini bildirib:

“Kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda QHT-lərin qeydiyyatına 40 gün, əlavə araşdırma zəruri olduqda daha 30 gün əlavə edilir. Qeydiyyat qurumu bütün proseduru qanun çərçivəsində idarə etdikdə bir QHT-nin qeydiyyatı prosesi ümumilikdə 140 təqvim günü apara bilir. Təcrübədə durum daha pisdir. Dəyişikliklərə görə, QHT-yə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilərsə, təşkilat Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. İnzibati məsuliyyət də ağırlaşdırılıb, 2016-cı ildə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsi QHT-lər üçün olduqca ağır cərimələr nəzərdə tutur. Bu cərimələrin məbləği 25 min manatı ötür”

“QHT-lərin qrantlara çatımı, demək olar ki, mümkünsüz olub. Nazirlər Kabineti 2015-ci ilin iyununda “Qrant müqavilələrinin qeydə alınması qaydası”nı təsdiqləyib. Ardınca hökumət “Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası”nı qəbul edib. Ədliyyə Nazirliyi Kollegiyası isə “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi” qaydalarını təsdiqləyib”,-deyə Ağəliyev əlavə edib.

Onun sözlərinə görə, 2014-cü ilin mayında Baş Prokurorluq Ədliyyə Nazirliyinin məlumatları əsasında QHT-lərlə bağlı cinayət işi açması ilə əsas QHT-lər tamamilə sıradan çıxarılıb:

“Həmin cinayət işinin ardınca əsas QHT-lərin, onların rəhbərlərinin, işçilərinin bank hesablarına həbs qoyulub, ölkədən çıxmaları yasaqlanıb, istintaqa cəlb ediliblər. Digər tərəfdən vergi yoxlamaları başlanıb, ağır vergi cəzaları tətbiq edilib”.

Hüquqşünas bildirib ki, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Media Hüququ İnstitutu, Sülh və Demokratiya İnstitutu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Hüquqları Klubu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Demokratik Jurnalistika Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi və digər təşkilatlar vergi yoxlamasına məruz qalıb:

“Tətbiq edilən vergi cəzalarının məbləği 1 milyon manatdan artıqdır. Təkcə yerli təşkilatlar deyil, Oxfam, İREX, Chamonix İnternational, Milli Demokratiya İnstitutu, World Vision, ABA CEELI, OSIAF, Fridrix Ebert Fondu, Fridrix Nauman Fondu kimi xarici QHT-lər də yoxlama və istintaqa məruz qalıb. Xarici QHT-lərin məruz qaldığı vergi cərimələrinin məbləği 3 milyon manatdan artıqdır. Onların bir çoxu ölkəni tərk edib”.

Prezidentliyə namizədin təşkilatı “exit-poll” keçirəcək

MSK-in “exit-poll” keçirmək üçün qeydə aldığı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində prosesi gerçəkləşdirəcək.

Bu qurumların müstəqilliyinə gəlincə, “Rəy” Monitorinq Mərkəzinin 2018-ci il növbədənkənar Prezident seçkisində keçirdiyi “ex­it-poll”un nəticəsinə əsasən, hazırkı dövlət başçısı, YAP-ın Prezidentliyə namizədi İlham Əliyevin 84,49 faiz səslə qalib gəldiyi açıqlanmışdı.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hökumətə yaxınlığı ilə tanınır və onun Azərbaycanın Avropa Şurası nümayəndə heyətinin bəyanatını dəstəkləməsi dediklərimizi təsdiqləyir. Onun tərəfdaşı olan “ORACLE ADVİSORY GROUP”un nümayəndəsi Vlada Galan Azərbaycanda birinci dəfə deyil ki, “exit-poll” keçirəcək.

“Böyük fəxrlə deyə bilərəm ki, Azərbaycanda keçiriləcək seçki bizim iştirak etdiyimiz 25-ci qlobal səsvermə olacaq. Həmçinin bu, Azərbaycanda iştirak edəcəyimiz 5-ci seçki olacaq. Bundan əvvəl biz ölkənizdə keçirilmiş 4 seçkidə iştirak etmişik”, – deyə Vlada Galan bildirib.

“Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-in sədri hazırkı prezidentliyə namizəd Zahid Orucdur. Baxmayaraq ki, Z.Oruc sədr kimi fəaliyyətini dayandırıb, amma əvvəlki illərdə də mərkəzin apardığı bütün sorğularda YAP-in namizədi İlham Əliyev ən reytinqli şəxs kimi göstərilib.

İlham Əliyevin “rəqibləri”

20 ildir ölkəyə rəhbərlik edən İlham Əliyevlə seçki yarışına başlayan deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyevdir.

Adları çəkilən deputatlardan üçü partiya rəhbəridir, Fazil Mustafa Böyük Quruluş, Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi, Razi Nurullayev Milli Cəbhənin.

Onların arasında BAXCP sədri Qüdrət Həsənquliyev son 20 ildə keçirilən bütün Prezident seçkilərində iştirak edib və onun topladığı ümumi səslər 7.79 faiz civarındadır. Məsələn, MSK-nın məlumatına görə, Qüdrət Həsənquliyev 2003-cü il seçkilərində 0.50 faiz (12071), 2008-ci il seçkilərində 2.28 faiz (83037), 2013-cü ildə 1,99 faiz, (73586), nəhayət, sonuncu 2018-ci il seçkilərində 3.02 faiz (119 311) səs toplayıb. Maraqlı məqam BAXCP sədrinin 2018-ci il seçkilərində partiyası olmayan Zahid Orucdan da az səs toplamasıdır. Yəni MSK-nın nəticələrinə əsaslansaq, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “ana müxalifət”dir.

Deputat Zahid Oruc ilk dəfə 2013-cü il Prezident seçkilərində iştirak edib və rəsmi məlumatda onun 1,45 faiz (53717) səs topladığı qeyd olunub. Növbəti 2018-ci il seçkilərində Zahid Oruc 3.12 faiz (122 956) səs toplamaqla seçki yarışına qatılan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu (3.03), BAXCP sədri Qüdrət Həsənquliyevi (3.02), Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəni (1.38), Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyevi (1.17) və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevi (0.78) geridə qoyub. Beləliklə, Z.Orucun 2 seçkidə topladığı ümumu səs 4.57 faizdir. Və bu dəfəki seçkilərə də qatılan Zahid Orucun sədri olduğu Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələrində İlham Əliyev həmişə ən yüksək reytinqli siyasətçi kimi göstərilib. Bəs bunu bilə-bilə mərkəz sədri niyə üçüncü dəfədir seçkilərdə iştirak edir? Hər halda bu suala onun özü cavab verə bilər.

Digər namizədlər Fazil Mustafa və Razi Nurullayev isə 2-ci dəfədir Prezident seçkisinə qatılırlar. Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa 2008-ci il seçkilərində 2.47 faiz (89985), Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə 2018-ci ildə 0,74 faizlə (29.229) 8 namizəd arasında sonuncu nəticəni göstərib.

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev də ikinci dəfədir Prezident seçkilərində iştirak edir. Fuad Əliyev ilk dəfə 2008-ci il seçkilərinə qatılarkən Liberal Demokrat Partiyasının sədri olsa da, 1 faizdən də az səs toplayıb (0.78 faiz). Maraqlıdır ki, namizədliyinin qeydə alınması üçün MSK-ya 40 min imza təhvil verən F.Əliyev 28 min 423 nəfər səs almışdı. Bu cür əcaiblik Azərbaycan seçkilərində adi haldır.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə gəlincə, keçmiş AMİP-çi ilk dəfədir dövlət başçısı seçkisi yarışında özünü sınayır. Dediyinə görə, 2003-cü ildə namizədliyini irəli sürsə də, MSK onu qeydə almayıb.

Beləliklə, 7 fevral növbədənkənar Prezident seçkisinə qatılan namizədlərin əvvəlki seçkilərdə topladığı səslər ümumilikdə 16,35 faizdir. Bu isə İlham Əliyevin təkcə 2003-cü il Prezident seçkilərində topladığından (76.84 faiz) 6 dəfə azdır. Sual yaranır, 20 il əvvəlki dövrlə müqayisədə qat-qat güclü olan və Qarabağ problemini həll edən Əliyevlə yarışa girənlər hansı nəticəni əsas götürüb prosesdə dividentlər qazanacaqlarını hesablayıblar? Məsələn, 2003-cü ildən bəri keçirilən bütün Prezident seçkilərində ümumi səs qazancı 7-8 faiz civarında olan və siyasi fəaliyyəti boyu hakimiyyəti dəstəkləyən Qüdrət Həsənquliyevi, əvvəlcədən nəticələrini bildiyi “seçki tamaşası”nda iştiraka hansı amillər vadar edir? Əlbəttə, Azərbaycan gerçəkliyi “axan çaya iki dəfə girmək olmur” məntiqini rədd edir.

Hətta onların ümumi səsi 20 il əvvəlki seçkilərdəki rəsmi məlumata görə ikinci və üçüncü yerləri bölüşdürən İsa Qəmbər (13.97) və Lalə Şövkətin (3.62) birgə topladıqlarından da (17.59 faiz) azdır.

Müxalifət seçkini boykot etdi

Ölkənin əsas müxalif partiyaları seçkini boykot etdi. AXCP sədri Əli Kərimli bu sətirlərin müəllifinə deyib ki, indiki şərtlər daxilində, yəni ölkədə bir neçə ayda siyasi məhbusların sayının 2 dəfə artdığı, son 5 ildə sərbəst toplaşmaq azadlığının tam qadağan olunduğu, mətbuatın son qalıqlarının məhv edildiyi, müxalifətə qarşı az qala düşmən münasibətinin yaşandığı, həbsxanalarda işgəncənin adi hala çevrildiyi, seçki komissiyalarının hakimiyyətin nəzarətində olduğu şəraitdə, səslərin normal hesablanmadığı prosesdə seçki keçirilə bilməz:

“Bu baxımdan 7 fevralda seçki yox, seçki tamaşası keçiriləcək. Xalq Cəbhəsi də seçki tamaşasını boykot edir və ümid edir ki, xalq da bu tamaşada rol almasın”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli indiyə qədər keçirilən prezident seçkilərində iştirak etməyib. O, 2003-cü il seçkisində AMİP sədri Etibar Məmmədovun, 2013-cü il seçkisində Milli Şura sədri Cəmil Həsənlinin namizədliyini dəstəkləyib.

Müsavat Partiyası bəyanatında bildirib ki, hakimiyyəti seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyini təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb:

“Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Partiya hesab edir ki, hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib” .

Müsavat Partiyası yalnız bir dəfə, 2003-cü ildə İsa Qəmbərin namizədliyi ilə seçkiyə qatılıb və rəsmi məlumatda ikinci nəticəni göstərsə də, partiya seçkilərin saxtalaşdırıldğını bildirib. 2013-cü ildə isə Milli Şuranın namizədi C.Həsənlini dəstəkləyib. 

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) oxşar mövqe sərgiləyərək qeyd edib ki, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətindədir, azadlıqlar boğulur, siyasi məhbuslar var, bütün bunlar demokratik seçki şəraitinin olmadığının göstəricisidir. KXCP də Prezident seçkilərində öz namizədi ilə qatılmayıb, 2003-cü il seçkisində İsa Qəmbərin namizədliyini dəstəkləyib. 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisində öz namizədi ilə qatılmayacağını bəyan edib. Ancaq partiya hazırkı ölkə başçısını seçkinin əsas favorit namizədi hesab edib. Partiyanın sədri, deputat Sabir Rüstəmxanlı yalnız 2003-cü il seçkisində iştirak edib.

REAL Partiyası seçkiyə qatılmasa da, əhalini seçkidə iştirak çağırışı edib. Partiya qərara gəlib ki, 7 fevral seçkisini parlament seçkilərinə hazırlıq kimi müşahidəçilik institutu genişləndirsin.

III Respublika Platforması fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisində namizəd irəli sürməyəcək və hər hansı prezidentliyə namizədi də dəstəkləməyəcəyini açıqlayıb. Platformanın seçkidə iştirak edə bilməməsinin başlıca səbəbləri sırasında qurumun yeni təsis edilməsi, maliyyə və kadr resurslarına malik olmaması göstərilib. Amma Platforma seçkiylə bağlı bütün addımları rədd etmədiyini də bildirib:

“Səsvermədə iştirak vətəndaşlarımızın seçki vərdişinin qorunub saxlanılması üçün mühümdür. Səbəbi nə olursa olsun, seçki ənənələri itməməlidir və gələcəkdə münbit şərait üçün qorunub saxlanılmalıdır. Buna görə də platformamız seçki ənənəsinin vacib elementi olan səsvermə vərdişinin saxlanılması üçün səsvermədə fərdi qaydada iştirakı dəstəkləyir” .

Qeydə alınmayanlar

Prezidentliyə namizədliyini irəli sürən hüquqşünas Namizəd Səfərov, Mətləb Mütəllimli və Sarvan Kərimovun müraciətləri MSK tərəfindən qəbul edilməyib.

Namizəd Səfərov imza toplamaq üçün az vaxtın verilməsindən şikayətlənib:

“Mən dekabrın 25-də imza vərəqələri almaq üçün sənədlərimi MSK-ya təqdim etsəm də, yalnız 31 dekabrda imza vərəqələrini ala bilmişəm. Halbuki dekabrın 21-dən komissiyaya müraciət etmişəm və 25 dekabra qədər hər gün MSK-ya getsəm də, qapıdakı polis deyir ki, telefonla zəng edin, cavab verəcəklər. Nəhayət, 25 dekabrda sənədləri götürüblər, buna görə arayışı da tələb edəndən sonra almışam, yoxsa onu da uzadacaqdılar”.

Digər iddiaçı Mətləb Mütəllimli bildirib ki, hakimiyyətin təyin etdiyi namizədlər üçün bütün şəraitlər yaradıldığı halda müraciətlərinə baxan yoxdur:

“Dəfələrlə mənim də, Namizəd Səfərovun da səlahiyyətli nümayəndələrimiz Mərkəzi Seçki Komissiyasına gedib, onları nəinki qapıdan içəri də buraxmayıblar, bir nəfər nümayəndə belə qarşılarına çıxıb şikayətlərini dinləməyib. Tam laqeyd münasibət göstərilib”.

Başqa bir namizədliyə iddiaçı Sarvan Kərimov YAP sədri İlham Əliyevin qeydiyyatının ləğv olunmasıyla bağlı məhkəməyə müraciət edəcəyini bildirib:

“Əsas pozuntu ondadır ki, seçki təbliğat-təşviqat mərhələsi başlamadığı halda ölkənin hər yerində Əliyevin şəkilləri yayılıb. O cümlədən, televiziyalarda hər gün indiki ölkə başçısı təbliğ edilir. Bütün bunlar Seçki Məcəlləsinin 75.2 maddəsinin pozulmasıdır. Yəni təbliğat-təşviqat kampaniyası seçki gününə 23 gün qalanda başlamalıdır, amma Azərbaycan hakimiyyəti bu tələbə məhəl qoymur”.

Siyasi şərhçi Ərəstun Oruclu fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisində namizəd olmaq üçün sənədlərini bir neçə gündür ki, Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilməyib. O deyib ki, səbəb bürokratik əngəllərdir.

Ərəstun Oruclu ölkədən kənarda olduğundan bir nəfərə onlayn etibarnamə verməlidir.

Onun sözlərinə görə, bu məsələni çox mürəkkəbləşdiriblər:

“Notariusla əlaqə saxlayıram, amma o qədər bürokratik əngəllər yaradıblar ki, vaxtı uzadırlar. Ona görə xaricdən etibarnamə alıb göndərdim, amma bu sənədin Azərbaycanda işləyib-işləməməsi başqa sualdır. Dekabrın 30-da isə dövlət idarələri günortaya qədər işləyəcək. Etibarnaməmi verdiyim şəxs bu gün sənədlərimi MSK-ya verməlidir, yaxın 1 saatda bilinəcək. Əgər qəbul etsələr, 5 gün ərzində mənə imza vərəqələri verməlidirlər” .

Namizədlər pullu efir vaxtından istifadə etsələr, gündəlik 18 min manat ödəməlidir

Yanvarın 15-də Azərbaycanda növbədənkənar Prezident seçkisinin təşviqat kampaniyasına start verilib.

7 namizədin seçki fondu barədə ötən həftə yayılan məlumata gəlincə, hakim partiyanın namizədi İlham Əliyev öndə olub. Onun seçki fonduna 250 min manat daxil edilib. Vəsaitin partiya hesabından gəldiyi qeyd edilsə də, hesabatın xərclər hissəsi boş idi. İkinci yerdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir. BAXCP sədrinin hesabatında 20 min manat gəlir əksini tapıb.

Həsənquliyev xüsusi vəsaiti 10 min, fiziki şəxslərdən də 10 min manat gəlir əldə etdiyini qeyd edib. Həmçinin vəsaitin 15 min manatının seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatına, seçici imzalarının toplanması üçün müvafiq şəxslərə sərf edildiyi vurğulanıb.

Namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun maliyyə hesabatında 19 min manat gəlir göstərilib.

Bildirilib ki, onun da 8 min manatı seçici imzalarının toplanmasına, texniki tədbirlərin maliyyə təminatına sərf edilib.

Böyük Quruluş Partiyasının (BQP) namizədi Fazil Mustafanın maliyyə hesabatında 10 min manat gəlir qeyd olunub. Bunun da namizədin xüsusi vəsaiti olduğu vurğulanıb.

F.Mustafa 8 min manatın xərclərə sərf edildiyini qeyd edib.

Namizədlər arasında ən az seçki fondu Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayevin, Fuad Əliyevin və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevindir.

MCP sədri R.Nurullayev fiziki şəxslərdən 3 min manat gəlir əldə etdiyini qeyd etsə də, xərclər hissəsində heç bir rəqəm göstərməyib.

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev hesabatda fiziki şəxslərdən 1500 manat gəlir əldə etdiyini bildirib. Elşad Musayev deyib ki, ödənişli efir vaxtından istifadə etməkdənsə, rayonlarda seçicilərlə görüşlərə üstünlük verəcək.

Namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Əliyev isə maliyyə hesabatında 2 min manat gəlir göstərib. Fuad Əliyevin səlahiyyətli nümayəndəsi Xəzər Teyyublu bildirib ki, indiki halda ödənişli efir vaxtından istifadə və ya çap mətbuatına təbliğat materialı vermək nəzərdə tutulmayıb.

Seçki Müşahidə Alyansının sədri Məmməd Məmmədzadə deyib ki, əgər bir namizəd 10 dəqiqə efir vaxtı götürürsə, gündəlik 18 min manat ödəməlidir: “2 telekanala isə 36 min manat ödəməlidir. Əgər 22 gündən götürsək, bu, 396 min manat edir. Yox, gündə 3 televiziyada efir vaxtı götürəcəksə, təxminən 1 milyon 200 min manat edir. Amma bu efir vaxtı saat 8-10 arasıdır, saniyəsi 30 manatdır. Səhər saatları bir qədər ucuzdur”.

Məmmədzadənin sözlərinə görə, göstərilən ödəniş məbləğləri nəinki seçki fondu az olan namizədlərin, hətta hakim partiyanın da seçki fondunun vəsaitinə uyğun deyil.

AŞPA və AİHM olmadan?

Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanatla çıxış edərək, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını açıqlayıb.

Bəyanatla çıxış edən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qərarı Azərbaycana qarşı ədalətsiz mövqe, təşkilatda islamofobiya və azərbaycanofobiya meylləri ilə əlaqələndirib.
Yanvarın 25-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci il yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsi qərara alınıb.

Bu qərarın lehinə 76 deputat, əleyhinə 10 deputat səs verib, 4 deputat isə bitərəf qalıb.

Qərardan əvvəlki müzakirələr zamanı çıxış edənlər Azərbaycanda media azadlığına təzyiqlər və siyasi məhbusların olması ilə yanaşı, Azərbaycanın fevralın 7-də keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün AŞPA nümayəndə heyətini dəvət etmədiyini də qeyd ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşündə bu məsələ ilə bağlı kifayət qədər sərt danışıb. Əliyev bildirib ki, Avropa Şurası Parlament Assambleyasının qərarı parlament platformasının ənənələrinə ziddir:

“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir. Əgər nümayəndə heyətinin hüquqları bərpa olunmasa, Azərbaycan Avropa Şurasında və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxacaq”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button