«Məni Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişdilər. Bu gün də (mayın 15-i) getdim, danışdıq».
Bunu mayın 15-i Bakı şəhər Baş Polis İdarəsindən qayıdan keçmiş məhbus Elvin Abdullazadə bildirib.
Onun deməsinə görə, polisdə danışıq yarım saatadək davam edib: «Konkret niyə dəvət edildiyimi demədilər. Amma təxmin etdim ki, 10 mayla bağlı (keçmiş prezident Heydər Əliyevin doğum günü) statuslarıma görə çağırıblar. Xəbərdarlıq olaraq «ağıllı» olmağımı tövsiyə etdilər və bununla da söhbət bitdi».
E.Abdullazadə mayın 12-də polisə çağırılmışdı. Həmin vaxt, o, polisə çağırılmağı ilə bağlı bunları demişdi: «Məncə, Facebook-dakı statuslarıma görə çağırıblar. Mayın 10-da belə statuslarım olub, Qiyas İbrahimov və Bayram Məmmədov barəsində yazmışam. Başqa səbəb çətin olsun».
Keçmiş məhbusun Bakı şəhər Baş Polis İdarəsinə çağırılmasına, hələlik, nə bu qurumdan, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.
XATIRLATMA
Elvin Abdullazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü ikən, 2015-ci il yanvarın 8-də saxlanmışdı. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunmuş və 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı.
Gənc cəbhəçi məhkəmədə ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayırdı. Onun şikayətinə Ali Məhkəmə instansiyanda baxılanda, ittiham olunduğu maddə dəyişdirilmiş, CM-nin 234.1-ci (şəxsi məqsədlə narkotik istifadəsi) maddəsinə tövsif olunmuşdu.
Gənc cəbhəçinin cəza müddəti də 6 ildən 2 il 6 aya endirilmişdi.
E.Abdullazadə bu il ölkə başçısının Novruz bayramında imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb. O, həbsdən çıxdıqdan sonra AXCP-ni tərk edərək Müsavat Partiyasına üzv qəbul olunub.
Qiyas İbrahimov və Bayram Məmmədov da narkotik ittihamı ilə tutulub. Ötən il mayın 10-da saxlanan bu iki gənc isə 10 il həbs cəzası alıblar. Hüquq-müdafiə təşkilatları gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazıldığına görə həbs edildiyini bəyan ediblər.
24saat.org
Mənbə – azadliq.org