2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumunda çıxış edib – YENİLƏNİB 2

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Hörmətli qonaqlar, xanımlar və cənablar, Qarabağa, Şuşaya xoş gəlmisiniz.

Mən çox şadam ki, sizi bu gün burada görürəm, çox sağ olun bizim dəvətimizi qəbul etmisiniz və Şuşa Qlobal Media Forumunda iştirak edirsiniz. Bu, bizim ölkəmiz üçün və əlbəttə, Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir.

Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir. Baxmayaraq ki, işğal dövründə o, məqsədli şəkildə, qəsdən dağıdılmışdır.

Mən hesab edirəm ki, uzun nitq söyləməyim, birbaşa müzakirələrə keçək və sizi maraqlandıran suallara cavab verəcəyəm. Mən burada nitqimi dayandırıram və sözü moderatora verirəm.

Moderator: Zati-aliləri, icazə verin, əvvəlcə, Sizə təşəkkür edim ki, bu gün bizimlə bir yerdəsiniz. Xanımlar və cənablar, cənab Prezident qeyd etdiyi kimi, müxtəlif fikir mübadiləsi aparmaq üçün buradayıq.

Cənab Prezident, icazənizlə biz iştirakçılardan suallar qəbul edəcəyik. Məlumat vermək istəyirəm ki, bəzi iştirakçılar öz suallarını artıq əvvəlcədən təqdim ediblər ki, vaxta qənaət edək. Mən onları bir-bir səsləndirəcəyəm. Ancaq iştirakçılardan xahiş edirik ki, sualları olduqca onu cənab Prezidentə təqdim etsinlər.

Cənab Prezident, icazənizlə başlaya bilərikmi?

TRT World, Türkiyə – Bora Bayraktar, buyurun.

Bora Bayraktar: Cənab Prezident, dəvətə görə təşəkkür edirəm. Mənim sualım Qarabağ Zəfəri ilə bağlıdır. Bilirik ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Əlbəttə, bu əlaqələrdə liderlərin şəxsi münasibətləri müstəsna əhəmiyyətə malikdir. Biz bilirik ki, Zati-alinizin Türkiyə Prezidenti cənab Ərdoğanla çox gözəl münasibəti var və bu xüsusi münasibətin Qarabağın azad olunmasında xüsusi rolu olmuşdur.

Cənab Prezident, Türkiyə Prezidenti artıq növbəti beş illiyə prezident seçilibdir. Bu, o deməkdir ki, Siz növbəti beş il ərzində də bir yerdə çalışacaqsınız. Zənnimcə, bu, çox gözəl bir fürsətdir. Cənab Prezident bu növbəti beş ildə Sizin prioritetləriniz nədən ibarət olacaqdır? Yəni, zənninizcə, biz bir yerdə nələri etməliyik, Türkiyə ilə əməkdaşlıq baxımından ən aktual məsələlər hansılardır?

Prezident İlham Əliyev: Tamamilə haqlısınız, bizim Prezident Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi.

İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Həmin Bəyannamə bu mehmanxanadan bir neçə yüz metr kənarda imzalanıb və münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni, əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir. Qardaşım Prezident Ərdoğanın yenidən seçiləcəyinə mənim şübhəm yox idi. Çünki onun hakimiyyətdə olduğu 20 il ərzində Türkiyə üçün etdiyi öz xalqına və ölkəsinə sadiqliyin təzahürüdür. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Əlbəttə, Azərbaycanda elə bir adam tapmaq çətin olar ki, seçkilərin nəticəsindən məmnun olmasın. Əlbəttə ki, növbəti beş il ərzində biz sıx tərəfdaşlığımızı davam etdirəcəyik, dünya dəyişir, regionda vəziyyət dəyişir. Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button