2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qərbi Azərbaycan Xronikası: “Göyçə xalçaçılığında “Çələbi” izi”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə xalçaçılığında “Çələbi” izi” adlı veriliş efirə gedib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, verilişdə Qərbi Azərbaycanın Göyçə mahalının füsunkar təbiətinin xalçaçılıq sənətinə təsirindən söz açılır.

Bildirilir ki, Göyçə xalçaçılıq məntəqəsi bütövlükdə Azərbaycan xalçaçılıq məktəbinin müxtəlif elementləri ilə daha zəngin idi: “İnsanlar öz dünya görüşlərindən irəli gələrək birinci ibtidai, primitiv toxuculuq nümunələri yaradırdılar. Onların içərisində məişətdə istifadə olunan duzqabıdan tutmuş at çulu, xurcuna qədər, daha sonrakı dövrdə kilimin və palazın ən primitiv növlərindən mürəkkəbə, xalçaya, tikiş sənətinin zirvəsi sayıla biləcək iri ölçülü xalçaçılığa doğru bir dəyişim oldu”.

Qeyd olunur ki, Çələbi xalçası Göyçə xalçaçılıq məntəqəsində də çox geniş yayılıb: “Çələbi” xalçalarında çox gizli kodlar, açarlar, bədii sənətkarlıq nümunəsi, mistik aləmin elementləri var. Xalçaçılar adi yaddaşla toxuduqları bu elementlərdə sufilikdən, ondan əvvəl isə tenqriçilikdən və şamanlıqdan irəli gələn elementləri əks etdirirdilər. Göyçə mahalı yaxınlıqda olan digər Azərbaycan əraziləri ilə, mahalları ilə, sıx mədəni, ticari əlaqədə olduğundan Göyçə xalçalarının içərisində Gəncə, Qazax-Borçalı, Qarabağ xalçalarının nümunələri, Təbrizdə, Ərdəbildə, Naxçıvanda toxunmuş xalçalarında elementləri var. Ənənəvi mücərrəd həndəsi işarələrin xalçada özünə yer etməsi Azərbaycanın əksər xalçaçılıq məktəbləri üçün xarakterik olduğu kimi, Göyçə xalçalarında da nəzərə çarpır. Göyçənin cecimi, ladı, zilisi, heybəsi, yəhər üstüsü, ləmiqabağı, xaralı dünyanın bir çox məşhur kolleksiyalarında layiqli yerini tutub”.

Həmçinin Göyçənin bütöv Azərbaycanın tərkib hissəsi, onun mədəniyyətini, folklorunu, etnoqrafiyasını yaşadan türk xalqlarının böyük tarixinin bir zərrəsi olduğu da diqqətə çatdırılır.

Verilişdə “Çələbi” adlı xalça kompozisiyasının ilk dəfə Qarabağın ətraf kəndlərində, o cümlədən Bərdənin 10 km şərqində yerləşən Çələbi kəndində toxunduğu ehtimal olunduğu, xalçanın adının Tanrı anlamı verən Çələb, daha sonralar isə “Allah adamı” mənası verən “Çələbi” sözündən götürüldüyü və türk xalqlarında “Çələbi” sözünün yüksək mənsəb sahiblərinə verilən fəxri titul sayıldığı vurğulanır.

Diqqətə çatdırılır ki, Robert Montqomeri Skott tərəfindən “Freeman’s Auctioners”də hərraca çıxarılan 3,02 kvadratmetr ölçülü “Çələbi” xalçası 341 min 625 dollara satılıb: “Çələbi” xalçalarının üzərində iki, üç və daha artıq medalyonlar olsa da, satılan xalçanın bir medalyonu var. Bir medalyonlu “Çələbi” xalçasının dünyada dörd nümunəsi var. Onlardan biri Londonda Viktoriya və Albert muzeyində saxlanılır. Digər bir nümunə isə 1800-cü ilə aid “Çələbi” xalçasıdır ki, 1995-ci il dekabrın 14-də Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında iştirakçılara təqdim olunub və yüksək qiymətə satılıb. XVIII əsrin sonlarına aid sonuncu bir medalyonlu “Çələbi” xalçası isə “Christie’s” hərracında satışa çıxarılıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 18-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button