Loading...
Loading...
Cəmiyyət

“Qanlı kaha” filminin çəkilişləri başa çatıb

“Qanlı kaha” filminin Başlıbel kəndi ərazisində çəkilişləri başa çatıb.

Pressklub.az xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasının “Telefilm” Yaradıcılıq Studiyası tərəfindən hazırlanan sənədli-bədii film 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində mühasirədə qalmış sakinlərin başına gələnlərdən, erməni silahlı birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamdan bəhs edir. Yaradıcı heyət hadisə şahidlərinin iştirakı ilə 10 gün ərzində Başlıbel kəndindəki sığınacaqların demək olar ki, hamısında çəkilişlər aparıb.

Filmin ssenari müəllifi araşdırmaçı-jurnalist, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov, rejissoru isə Pərviz Həsənovdur. Yeni ekran əsərinin bu ilin noyabrında təqdimat mərasiminin keçiriləcəyi və AzTV-nin efirində yayımlanacağı planlaşdırılır.

Xatırladaq ki,  1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. İşğalın ilk günlərində kəndə soxulan erməni quldurları müxtəlif ərazilərdə 7 nəfəri amansızcasına qətlə yetirib. Aprelin 18-də isə Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış bölmələri mülki şəxslərin sığındığı kahaların yerini aşkarlayaraq mağaraları atəşə tutub. Bu zaman silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər kahalarda qətlə yetirilib. Hücum nəticəsində 10-u qadın və uşaq, 4-ü kişi olmaqla 14 nəfər girov götürülüb. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə mayın 12-də qətliamın törədildiyi kahalara yaxınlaşaraq burada qəbirlər qazmaqla şəhidləri paltarlı vəziyyətdə dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Onlar iyulun 22-də gizli yollarla Kəlbəcərdən Daşkəsən rayonuna keçməklə 113 gün davam edən mühasirədən qurtula biliblər…

24 saat” ““Qanlı kaha” filminin çəkilişləri başa çatıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  General Bəkir Orucov barəsində həbs qətimkan tədbiri seçilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button