Siyasət

Qarabağ məsələsi həll edilib. Ermənistan ağlını başına yığmasa yeni zərbə alacaq – İlham Əliyev

Bakı/27.09.21 Düz bir il bundan əvvəl Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazanıb. Bu barədə dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü ilə əlaqədar xalqa müraciətində bildirib.

“Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil”, deyə Əliyev qeyd edib.

O, ilk gündən Azərbaycanın yanında olan qardaş Türkiyəyə xüsusi minnətdarlığını bildirib. “Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”, deyə o bildirib.

Dövlət başçısı müharibə zamanı tarixi Vətənlərinə əllərindən gələn köməyi göstərən bütün dünya azərbaycanlılarına təşəkkür edib.

Ermənistanda Azərbaycanofobiya hökm sürür, bu, azad olunmuş ərazilərdə hər şeyin məhv edilmiş olmasında özünü göstərib. “Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik”.

“Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!

Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”, deyə dövlət başçısı qeyd edib. -02B-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button