Rusiya sərhəddə COVID-19 ilə bağlı qadağaları götürür
İyulun 15-dən Rusiya COVID-19-un yayılması ilə əlaqədar sərhəd keçidi ilə bağlı bu ölkədə qoyulmuş bütün məhdudiyyətləri aradan qaldıracaq. Qadağalar pandemiya səbəbindən 2020-ci ilin martından qüvvədədir.
Dəniz və hava keçid məntəqələri ilə girişə qoyulan məhdudiyyətlər hələ iyunun 14-dən götürülüb, indi ölkəyə quru nəqliyyatı ilə də daxil olmaq mümkündür. Eyni zamanda, Belarus vətəndaşları istisna olmaqla, əcnəbilərin daxil olması üçün PCR-testindən keçmək tələbləri qalır.
Hərçənd, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son bir həftə ərzində COVID-19-a yeni yoluxma halları 18 faiz artıb, dünyada dörd milyondan çox yoluxma qeydə alınıb. Yeni yoluxmaların ən böyük həftəlik artımı Yaxın Şərqdə qeydə alınıb- 47 faiz. Avropada koronavirus infeksiyası ilə xəstələnmə bir həftə ərzində 1/3 dəfə çoxalıb.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.