2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sahibə Qafarova: “Azərbaycanla Türkiyənin bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək”

“Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə keçirilmiş tədbirdə çıxışında deyib.

S.Qafarova bildirib ki, qardaş ölkənin davamlı inkişaf yolunda əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xalqlarımızın və dövlətlərimizin qardaşlığı və dostluğu bizim ən böyük sərvətimizdir.

O, qeyd edib ki, biz həmişə məmnunluqla söyləyirik ki, ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipi üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin dediyi kimi, “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Milli Məclisin sədri xalqlarımızın bu birliyinin XX yüzilin əvvəllərində Çanaqqala savaşında, Azərbaycanda və paytaxt Bakıda erməni-bolşevik dəstələrinə qarşı döyüşlərdə, üç il öncə işğalçı Ermənistana qarşı 44 günlük Vətən müharibəsində, bu ilin sentyabr ayında Qarabağda antiterror tədbirlərində sınaqlardan çıxdığını söyləyib.

Spiker nəzərə çatdırıb ki, təqribən 10 gündən sonra Azərbaycanda Zəfər Günü qeyd ediləcəkdir. O, torpaqlarımızın işğalına son qoymaq, dövlətimizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək üçün 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dünyanın Türkiyə-Azərbaycan qardaşlığına və dostluğuna bir daha şahid olduğunu deyib.

S.Qafarova öz çıxışında bildirib ki, müharibə günlərində Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, münaqişəyə kənar müdaxilələr qarşısında “qırmızı xətt” xəbərdarlığı, bütün Türkiyənin tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə, onun lideri və xalqı hər yerdə və hər zaman olduğu kimi, Azərbaycanın yanındadır.

Spiker qeyd edib ki, 2021-ci ilin iyun ayında Türkiyə və Azərbaycan prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi qardaşlıq və dostluq münasibətlərimizi ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəltmişdir.

Milli Məclisin sədri bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə nəinki Cənubi Qafqazın, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələrin planlı şəkildə və əzmlə həyata keçirildiyini söyləyib.

O, ölkələrimizin fəal iştirakı ilə reallaşdırılan enerji-nəqliyyat layihələrinin Avrasiya qitəsinin enerji təhlükəsizliyinin qorunmasında, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində önəmli rol oynadığını deyib. Türkiyə-Azərbaycan birliyinin və həmrəyliyinin türk dünyasının daha sıx birləşməsinə kömək göstərdiyini qeyd edib.

Parlamentin sədri bildirib ki, Türkiyə 30 illik işğal dövründə vandalların viran qoyduğu Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində də, bütün digər məsələlərdə də bizim yanımızdadır.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button