2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Siyasi şərhçi Bakının müxtəlif bəhanələrlə sülhdən yayındığını deyir

Sabiq nazir isə Ermənistanı günahlandırır

ABŞ Ermənistan və Azərbaycan arasında sülhsevər addımları alqışladığını və tərəfləri sülh sazişi əldə etməyə çağırdığını bildirib.

Bu barədə yanvarın 18-də ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, “Turan”ın sülh prosesinin hazırkı vəziyyəti haqqında sualını cavablandırarkən deyib ki, müqavilə nə qədər tez imzalansa, o qədər yaxşı olar:

Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır”.

Metyu Miller. ABŞ DD-in saytından screenshot

Millerin sözlərinə görə, son bir ildə tərəflər əhəmiyyətli irəliləyiş əldə ediblər:

Biz onları əvvəlki danışıqlara əsaslanaraq bu sürəti qoruyub saxlamağa təşviq edirik və sülh sazişini imzalamağa çağırırıq”.

Ancaq Metyu Miller Dövlət Departamentin baş müşaviri Lui Bononun Ermənistana son səfəri və görüşlərinin təfərrüatlarını açıqlamaqdan çəkinib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard KozlariçABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç
Foto: “Turan”

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç bir neçə gün əvvəl demişdi ki, Azərbaycanın sərhəd problemlərini gündəmdə saxlaması diqqət yayındırıcı xarakter daşıyır:

Azərbaycan Ermənistanla “əbədi və layiqli” sülh sazişi barədə danışıqlar aparmaq istəmir. Bakı öz sülh ideyasını qəbul etdirmək istəyir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi mətbuat konfransında Azərbaycanın Rusiya ərazisində sülh müqaviləsini imzalamağa hazır olduğunu səsləndirmişdi:

Sergey Lavrov, Alexandros Michailidis/shutterstock

“Qərb tərəfdaşlarının Ermənistan-Azərbaycan sülh müqaviləsini yalnız onların ərazisində imzalanmasını istəmələri faktdır. Azərbaycanın bu, münaqişənin dayandırıldığı Rusiya ərazisində yekunlaşmasını istəməsi də faktıdır. Yerevanın buna nə qədər hazır olması mənə məlum deyil”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, sülh sazişi haqqında danışılanda hansı sazişdən söhbətin getməsi aydınlaşmalıdır:

Bu, bir növ saziş yox, çərçivə sülh sazişidir. Onun bünövrəsi rəsmi Bakının ötən il beynəlxalq qanunlara əsaslanan irəli sürdüyü 5 prinsipə əsaslanan təkliflərlə qoyulub. Ardınca rəsmi Yerevan təklif etdi ki, həmin prinsiplər təsdiqlənsin, amma onların hansısa dəqiqləşməsi sonrakı danışıqlarda həllini tapsın. Azərbaycan da bildirdi ki, sülh sazişində sərhədlərə aid ümumi prinsip öz əksini tapacaq. Amma konkret xətti bu və ya danışıqların nəticəsində müəyyən olunacaq”.

Tofiq Zülfüqarov indiki vəziyyətdə çərçivə sülh sazişinin imzalanmasına maneənin olduğuna inanmır:

Tofiq Zülfüqarov. Foto: Meydan TV

Amma Ermənistan özünün təklif etdiyi şəkildə ərazi bütövlüyünün tanınmasını istəyir, gah 1975-ci ilin xəritələri, gah da 1991-ci ilin xəritələrini gündəmə gətirirlər. Sonra məlum olur ki, Yerevan 1991-ci ilin Almatı Prinsiplərini də qəbul etməyib. Bütün bunlara baxmayaraq müxtəlif dairələrdə Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edirlər. Hansı ərazi bütövlüyündən danışırlar ki, bununla bağlı müzakirə belə aparılmayıb. Bu baxımdan Ermənistan və havadarları bu tezisi təbliğ edirlər. Kozlariç də bu xorun iştirakçısıdır”.

Siyasi şərhçi Rauf Mirqədirov isə rəsmi Bakının sülh danışıqlarını davam etdirmək səylərindən yayındığı qənaətindədir:

Fikir verin, rəsmi Bakı açıq şəkildə demir ki, sazişi Rusiyada, yaxud Ermənistanın təklif etdiyi meydançalarda məqbuldur. Müxtəlif bəhanələrlə bunlardan yayınır və Qərb ölkələri ilə münasibətlərin gərginliyi də davam edir, misal üçün Fransa ilə”.

Rauf Mirqədirov bildirib ki, seçkiqabağı müəyyən situasiyaların gedişata təsiri var:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Danışıqların başa çatacağı və sülh sazişinin imzalanacağı deyiləndə bunun mümkünsüz olduğunu demişdim. Azərbaycanın Qərb meydançalarından imtinasının əsas səbəbi Rusiyayla səhnəarxası “centlemen razılaşmasıdır” və burada təminatçı tərəf rəsmi Ankaradır. Yadınıza salın, Ərdoğanın Putinlə Soçi görüşündən sonra 1 günlük əməliyyat oldu. Yəni Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən biri odur ki, ən az Qərb meydançalarında sülh sazişi imzalamayacaq”.

Sergey Lavrov da dünən dedi ki, Azərbaycan sənədi Rusiyada imzalamağa razıdır və rəsmi Bakı hələ təkzib etməyib. Əslində, Azərbaycanda son günlər Qərblə münasibətlərdəki gərginliklər bəhanədir və jurnalistlərin həbsi də köklü səbəb deyil, Avropa ölkələrinin daxili işlərimizə müdaxiləsi və s. Məqsəd Qərblə münasibətləri müəyyən gərginlik səviyyəsinə çatdırmaq və buna istiqamətlənərək sülh danışıqları ilə bağlı əməkdaşlığı ləngitməkdir. Hamı bilir ki, Qərbin Azərbaycanın daxili işlərinə qarışmaq istəyi və imkanları çox aşağı səviyyədədir, hətta belə bir istək də yoxdur”, – deyə o bildirib.

R.Mirqədirov hakimiyyətin Qərblə aqressiv ritorikanın səviyyəsinin seçkilərdən sonra aşağı düşəcəyini hesab edir:

İstisna etmirəm ki, 2024-cü il ərzində Azərbaycan sülh danışıqlarını canlandırmağa və sona çatdırmağa çalışacaq. Prezident İlham Əliyevin son açıqlamalarında maraqlı detal vardı: indiyə qədər milli ideyamız ərazilərin azad olunması idi. Məsələ ondadır ki, torpaqların azad edilməsi milli ideya ola bilməz və onun çərçivələri daha böyükdür. Ərazilərin azad olunması məqsəd ola bilər. Əliyevin söylədikləri onun göstəricisidir ki, o, artıq cəmiyyəti Qarabağ məsələsinin bağlanmasına hazırlayır, yəni bununla qurtarmaq lazımdır. Ona görə seçkilərdən sonra danışıqlarda canlanmanın olacağını düşünürəm”.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Amma Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button