2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Soğan bahalaşdı, rüsumdan azad edildi, ixracı tənzimlənəcək

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən…faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.

Azərbaycan Nazirlər Kabineti bununla bağlı qərar verib.

Beləliklə, ölkəyə idxal olunan soğan mayın 1-dək gömrük rüsumundan azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Soğan bahalaşıb

Son vaxtlar Azərbaycanda soğanın qiyməti bahalaşıb. Hazırda Azərbaycan bazarları və pərakəndə satış məntəqələrində soğan keyfiyyətindən asılı olaraq, əsasən, 1 manat 20 qəpik-1 manat 50 qəpik arasında təklif edilir. Halbuki bir həftə öncə bu qiymət 80 qəpik-1 manat arasında dəyişirdi.

Yay aylarında isə Azərbaycanda 1 kiloqram soğan 40-50 qəpik arasında təklif edilirdi.

Bahalaşma səbəbləri…

Rəsmi açıqlamalara görə, Azərbaycan soğana olan tələbatını özü ödəyir.

Soğanın son vaxtlar Azərbaycanda belə bahalaşması müxtəlif amillərlə izah edilir. Rəsmilərin fikrincə, bu artım, əsasən, region bazarlarında, xüsusilə də MDB ölkələri bazarlarında qeyri-sabitliyin yaranması ilə bağlıdır.

Amma bu mövzuda AzadlıqRadiosuna danışan fermerlər deyiblər ki, yay aylarında anbara yığılan məhsulların böyük bir hissəsi xarab olub.

Nazirlər Kabineti soğan ixracına dair də qərar qəbul edib. Baş soğanla şalot (el arasında arpacıq soğan kimi tanınıb -red.) soğanın ixracı keçici olaraq tənzimlənən malların siyahısına salınıb. Bu o deməkdir ki, hökumət soğan ixracını məhdudlaşdırmaqda maraqlıdır, çünki sözügedən siyahıya salınanların ixracına, digər məhsullardan fərqli olaraq, İqtisadiyyat Nazirliyi rəy verməsə, baş tutmaz. İndiyədək bu siyahıya iribuynuzlu diri mal-qara, mal-qara əti, ev toyuqları, ev toyuqlarının əti, qatılaşdırılmış süd, kərə yağı, dənli bitkilər, zeytun, günəbaxan, qarğıdalı yağları, şəkər daxil idi.

Nazirlər Kabineti soğanın ixracını məhdudlaşdırmaqla yanaşı, onun idxalını artırmağı stimullaşdıran qərar da verib. Yeni qərarda bildirilir ki, baş soğan və şalot (arpacıq) soğanın idxalı 2023-cü il mayın 1-dək gömrük rüsumundan azad edilir.

Son illər dünyada təchizat zəncirinin pozulması bir çox qida məhsulunu bahalandırıb. Ötən ilin əvvəllərində Rusiya-Ukrayna savaşının başlaması ərzaq məhsulları ilə bağlı yeni problemlər ortaya çıxardı, axı hər iki ölkə dünya kənd təsərrüfatı bazarında ən böyük oyunçular arasındadır. Bu üzdən hökumətlər qıtlıq təhlükəsinin önünü kəsməkdən ötrü ərzaq məhsulları ilə bağlı əlavə tənzimləmələrə əl atmağa başladı. Elə Nazirlər Kabinetinin bəzi məhsulların ixracının tənzimlənməsi ilə bağlı ötənilki qərarında da belə amillər səbəb göstərildi. “İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilmişdir”, – qərarda belə deyilirdi.

Soğan ixracı niyə məhdudlaşdırılır?

Soğanın qiymətləri artıq bir müddətdir Azərbaycanda dartışılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə soğan qiymətlərinin ötən ilin dekabr və bu ilin yanvarında son 5 ilin ən yüksək səviyyəsinə çatdığını bildirib. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, soğan 2022-ci il boyunca 27 faiz bahalaşıb.

Dövlət qurumunun nümayəndəsi bildirib ki, Ukraynada satışa çıxarılmaq üçün yetişdirilən soğanın təxminən 80 faizinin cəmləşdiyi cənub rayonlarının işğalı dünya bazarını, ən azı, 20 min ton soğandan məhrum qoyub. Digər tərəfdən, Ukrayna məcbur qalaraq Polşa, Rumıniya, Moldova, Azərbaycan, Qazaxıstan və Türkiyədən soğan idxal edib. Bu, həm regionda, həm də ölkə içində soğanın qiymətini bahalaşdırıb. Yeni ilin əvvəlində qiymətlər dekabrın sonu ilə müqayisədə 12 faiz artıb.

Soğan bazarı ilə bağlı çətinlikləri çoxaldan başqa səbəblər də var. Təkcə Ukraynada deyil, soğan yetişdirən digər ölkələrdə də problemlər gözə çarpır. Soğan tədarükündə önəmli yer tutan Pakistandakı təbii fəlakətlər, hazırda Avropa bazarının soğana tələbatını ödəyən Niderlandda müşahidə edilən quraqlıq dünyada soğana tələbatı artırıb. Nəticədə dünyanın ən böyük ixracatçılarından olan Pakistan idxalçıya çevrilib. Eyni zamanda, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanda ilin əvvəlində müşahidə olunan anomal şaxtalar izolyasiya edilməmiş anbarlarda saxlanılan böyük soğan ehtiyatını məhv edib.

Problem nə zaman çözüləcək?

Ekspertlərin fikrincə, dünya bazarlarında soğanla bağlı yaşanan problemlər yeni məhsullar toplananadək sürəcək. Azərbaycanda soğan istehsalı, yazlıq və payızlıq olmaqla, əsasən, iki mövsümdə gerçəkləşdirilir. Yazlıq soğanın əkini yanvar-fevral aylarında, məhsul yığımı isə həmin ilin avqust-sentyabr aylarında aparılır. Payızlıq soğanın əkini avqust-sentyabr aylarında, məhsul yığımı növbəti ilin aprel-may aylarında gerçəkləşdirilir. Aqrar Tədqiqatlar Mərkəzinin açıqlamasında da bildirilirdi ki, yeni məhsulun çıxdığı dövrədək soğan ixracına məhdudiyyət qoyulsun və idxalına güzəştlər tətbiq edilsin. Bu üzdən, Nazirlər Kabinetinin qəbul etdiyi qərarın, ən azı, həmin vaxtadək qüvvədə qalacağını ehtimal etmək olar.

Fermerlər nə düşünürlər?

Qarabağ-Aran Soğan İstehsalçıları Assosiasiyasının nümayəndəsi də mediaya açıqlamasında soğanın qiymətinin bahalaşmasını bir neçə amilə bağlayıb. Bu amillər sırasında mövsümlə əlaqədar tələbin artması, anbarlarda soğan ehtiyatının azalması və ölkəyə soğan idxalının azalması qeyd edilib. Soğan istehsalçılarının fikrincə, aprelin əvvəlində Qarabağ bölgəsində soğan yığımı başlayacaq. Təzə soğan çıxınca köhnə soğan ucuzlaşacaq. Ancaq soğan yetişdirənlər qiymət artımlarına digər amillərin də təsir göstərdiyini düşünürlər. Axı dünya bazarlarında soğan yetişdirərkən istifadə edilən mineral gübrələr, pestisidlər kəskin bahalaşıbsa, demək, bu məhsula çəkilən xərclər də artıb. Digər tərəfdən, soğan istehsalçıları bunu da bildiriblər ki, məhsulun bahalaşması onların ürəyincədir.

The post Soğan bahalaşdı, rüsumdan azad edildi, ixracı tənzimlənəcək appeared first on 24 saat.

“24 saat “Soğan bahalaşdı, rüsumdan azad edildi, ixracı tənzimlənəcək” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button