2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru

Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin misli yoxdur. İstər SSRİ dövründə respublikamıza rəhbərlik edəndə, istərsə də müstəqilliyimizi əldə edəndən sonra 1990-cı illərin əvvəllərində, yəni yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlər göz qabağındadır.

Saytların yığılması Saytlarin yigilmasi

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi andan etibarən Azərbaycanı parçalanmadan xilas etdi və bütün dünyaya ölkəmizin birliyini nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına sadiq şəxsiyyət idi. Ulu Öndərsiz illər çox faciəli olub. Həmin dövrlər ölkəmiz 10 min nəfərdən artıq şəhid vermiş, eləcə də həmin illərdə minlərlə insan əlil olmuşdu. Ulu Öndərin hakimiyyətdə olmadığı illərdə Azərbaycan torpaqları erməni silahlı qüvvələri tərəfindən işğal edildi və 1 milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvalarından didərgin düşdü. Məhz Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu bəladan qurtardı və ölkəmizi parlaq gələcəyə aparan möhkəm siyasətin əsasını qoydu.

Heydər Əliyev hansı vəzifədə çalışmasından asılı olmayaraq, o hər zaman xalqın iradəsinə arxalanır, gücünü xalqın birliyindən alırdı. Ulu Öndər milli enerjini milli gücə çevirməyi, cəmiyyəti vahid amal və milli ideya ətrafında səfərbər etməyi müvəffəqiyyətlə bacarırdı. Heydər Əliyev böyük dövlət xadimi və təcrübəli siyasətçi kimi onu da gözəl bilirdi ki, hər bir cəmiyyətin , dövlətin inkişafının təməlində sabitlik amili dayanır. Sülh və əmin-amanlıq olmayan yerdə inkişafdan danışmaq mümkün deyil. Bunun yolu isə milli birlikdən, vətəndaş həmrəyliyindən keçir.

1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər Azərbaycanda sabitlik və əmin-amanlığın təmin olunması ilə yanaşı ölkənin müstəqil inkişaf relslərinə çıxarılmasını, bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu gün Azərbaycanda həyatın elə bir sahəsi, elə bir platforma yoxdur ki, orada Heydər Əliyevin gərgin zəhməti, onun parlaq izləri görünməsin. Ona görə də müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var olduqca, yaşadıqca, Heydər Əliyevin adı yaşayacaq!

Bir məsələni də vurğulayım ki, bu gün ölkəmiz tam əmin əllərdədir. Rəhmətlik Heydər Əliyev sağ olsaydı, bu gün ona baxıb qürur duyardı ki, özündən sonra xalqın belə bir lideri var. Prezident İlham Əliyevin bu 20 ildə elədikləri saymaqla qurtarmaz. Bu işlər təkcə xalqın yox, dünyanın gözü önündədir. 20 il böyük zaman kəsiyi deyil. Lakin keçdiyimiz yola nəzər salanda, prosesləri analiz edəndə görürük ki, bu dövrdə qazanılan uğurlar bir neçə onilliyə bərabərdir. Prezident İlham Əliyev ölkəmizin inkişafına nail olmaqla yanaşı, həm də beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarını təmin edir. Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanır.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması idi. Heydər Əliyev o günün gələcəyinə dərindən inanırdı. 44 günlük müharibədə qazanılan Zəfərlə Prezident İlham Əliyev Ulu Öndərin 2003-cü ildə xalqımıza müraciəti zamanı etdiyi vəsiyyəti yerinə yetirdi. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhər və kəndlərimiz yenidən tikilir, bərpa-quruculuq işləri aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir. Böyük Qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köçkünlər tədricən doğma yurdlarına geri dönürlər. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda onların məşğulluğu, sosial rifahı üçün geniş imkanlar yaradılır. Bu amillərin hər biri Azərbaycanda həyata keçirilən sosial siyasətin bariz nümunəsidir.

Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırıb. İkinci Qarabağ – Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Qarabağa Böyük Qayıdışın əsasını qoydu.

Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edəcək. Ulu Öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana, onun inkişafına, tərəqqisinə həsr edib. Bu baxımdan, dövlətimizin başçısının sözügedən Sərəncamı xalqımız tərəfindən çox yüksək dəyərləndirilir.

Bu qərar dahi siyasətçinin dərin zəkasının, fitri diplomatik istedadının, siyasi uzaqgörənliyinin, geniş dünya görüşünün, siyasi iradəsinin, hadisələri qiymətləndirmə bacarığının, peşəkar rəhbərlik xüsusiyyətlərinin, ensiklopedik biliyinin, məharətli natiqlik bacarığının daha dərindən və ətraflı öyrənilməsi baxımından çox vacibdir. Heydər Əliyev irsinin və şəxsiyyətinin öyrənilməsi yalnız ölkəmizdə deyil, elə bütün dünyada diplomatiya və politologiya sahələrinə bəxş edilmiş böyük töhfədir. Digər tərəfdən, Heydər Əliyev şəxsiyyətinin, irsinin, fəaliyyətinin və xidmətlərinin öyrənilməsi elə müasir Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin öyrənilməsi deməkdir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd olunduğu kimi: “Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Yazı Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda elan etdiyi fərdi yazı müsabiqəsinə təqdim edilir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button