2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Tərtər işgəncələrini araşdıran hakimlər polis rəislərindən Vilayət Eyvazova şikayət edib

Hakimlər hesab edir ki, polislər məhkəmə qərarlarını icra etmir

Tərtərdə yüzlərlə hərbçiyə qarşı işgəncələrlə əlaqədar hazırda davam edən iki məhkəmə prosesindən birində hakimlər Daxili işlər naziri Vilayət Eyvazova müraciət etmək barədə qərar çıxarıb.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimlər Camal Ramazanovla Rafiq Abbasovun qəbul etdiyi qərarda 10-dan çox rayonun polis şöbəsi və həmin qurumların rəislərinin fəaliyyətindən narazılıq da öz əksini tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

Tərtər işgəncələrilə bağlı məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Lakin bu işlərə Bakı Hərbi Məhkəməsinin sədri və iki hakimi baxır. Son 10 ay ərzində bu işgəncələrlə əlaqədar 3 qrupun işi məhkəməyə göndərilib. Bu qruplardan birinin məhkəməsi noyabrda yekunlaşıb, təqsirləndirilən 4 nəfərə 5 ildən 9 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası verilib. Daha iki qrupun məhkəməsi isə davam edir. Bunlardan birində 4, digərində isə 5 nəfər mühakimə olunur.

Dekabrın 26-da 4 nəfərlik qrupun – 2017-ci ildə Tərtərdəki hərbi hissələrdən birində xüsusi təyinatlı qrupun keçmiş komandiri, leytenant Ruslan Mikayılov və müddətdən artıq xidmət edən üç gizir – Cabir Qəhrəmanov, Sənan Maşıyev və Elçin Əliyevin məhkəməsində hakimlər bildirib ki, zərərçəkmişlərə çağırış göndərilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməyib. Hətta sentyabr və noyabr aylarında zərərçəkmişlər haqqında çıxarılmış məcburi gətirilmə qərarları, həmin qərarların icrası üçün müxtəlif rayonların polis orqanlarına göndərilən məktublar da nəticə vermir. Bir çox zərərçəkmiş var ki, indiyədək məhkəmədə dindirilməyib.

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

Hakimlər kollegiyası qərar verib ki, məcburi gətirilmə qərarının icrasına daha məsuliyyətlə yanaşılması üçün Daxili işlər naziri Vilayət Eyvazova müraciət olunsun. Nazirə məktubda Şəki, Mingəçevir, Astara, Ağdam, Bərdə, Sabirabad, Goranboy, Qəbələ, Gəncə, Yevlax və Tərtər, Bakının Qaradağ və Nəsimi rayon polis idarə və şöbələri, onların rəislərindən narazılıq da öz əksini tapıb. Bu rayonlarda polis idarə və şöbələrinin səlahiyyətli şəxslərinin məhkəmə qərarını icra etmədiyi vurğulanıb.

Bakı Hərbi Məhkəməsinin hakimləri müraciət qərarında nazir Vilayət Eyvazovdan xahiş edib ki, zərərçəkmişlərin məhkəmədə iştirakı – məcburi gətirilmə qərarının icrası üçün yuxarıda adları çəkilən rayonların polis rəislərinə göstəriş versin.

Sənan Maşıyev, Elçin Əliyev, Cabir Qəhrəmanov və Ruslan Mikayılov 2017-ci ilin may-iyun aylarında Tərtərdə 190 nəfərdən çox hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsini işgəncə ilə öldürməkdə, yaxud da intihara vadar etməkdə ittiham olunur.

Adları çəkilən şəxslər bundan öncə də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 6 il həbs cəzası verilib. Bu cəzanın da bir hissəsini çəkib, azadlığa buraxılıblar. 2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar.

Tərtər hadisələrilə bağlı cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button