2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Tərtər işi: Generala 9 il 6 ay həbs cəzası verildi

“Tərtər işi”ndəki işgəncələrə görə generala və dörd hərbçiyə dekabrın 28-də hökm oxunub.  

Bakı Hərbi Məhkəməsinin icraatında olan və Sumqayıt Məhkəmə Kompleksində keçirilən “Tərtər işi” üzrə məhkəmə proseslərindən biri də başa çatıb. Söhbət “Bəkir Orucovgilin işi” kimi tanınan məhkəmə prosesindən gedir. 

Bu iş üzrə beş nəfər – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi, general-mayor Bəkir Orucov, Korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov, Ülvi Rəşidov və snayper bölüyünün keçmiş komandiri, polkovnik-leytenant Ziya Kazımov mühakimə olunurdu. 
 
Məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxslərdən biri Ziya Kazımov “son söz” çıxışı edib. (Ötən məhkəmə iclasında “son söz” demək növbəsi ona çatanda halı pisləşdiyi və təcili yardım briqadası çağırıldığı üçün məhkəmə təxir olmuşdu). Ziya Kazımov özünü təqsirli bilməyib və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib. Sonra hakim heyəti müşavirə otağına yollanıb. Qayıtdıqdan sonra hökmü elan edib. Məhkəmənin hökmüylə 
Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ülvi Rəşidov, Ziya Kazımov azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Ülvi Rəşidovla başqa yerə getməməklə bağlı iltizamlı olan Ziya Kazımov məhkəmə zalında qandallanıb.  

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurdular.

Məhkəmə Bəkir Orucov, Ziya Kazımov və Ülvi Rəşidovu 9 il 6 ay, İntiqam Məmmədov və Rahib Məmmədovu  isə 6 il 6 ay  həbs cəzasına məhkum edib. 

Beyləqan korpusundakı işgəncələr üzrə məhkəmə ötən aylar ərzində 62 zərərçəkmişi, 21 şahidi dindirib.  Bəkir Orucov və digər təqsirləndirilən şəxslər mart ayından davam edən məhkəmə proseslərində təqsirsiz olduqlarını bildirirdilər. Elə hökmü də narazı qarşılayıblar. Vəkillər Toplum TV-yə bildiriblər ki, müvəkkilləriylə bağlı hökmdən apellyasiya şikayəti verəcəklər. 

Xatırlatma 

Bəkir Orucov hələ ötən həftə “son söz” çıxışında 2-ci korpus komandiri Mais Bərxudarovu, müdafiə naziri Zakir Həsənovu, Müdafiə Nazxirliyinin keçmiş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırmışdı. “İndi kimin adamı, pulu var, vəzifədədir. Bizi isə qurban seçiblər. Xainlər siyahısını kim tərtib eləyib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim? Korpus komandirinin xəbəri və icazəsi olmasaydı, təhqiqatçı gəlib nəinki kiməsə işgəncə vermək, heç içəri girə bilməzdi. Heç Rauf Kişiyev (Müdafiə Nazirliyinin Hüquq İdarəsinin o vaxtkı rəisi) gəlib orada kimisə həbs elətdirə bilməzdi”, – general ötən məhkəmə iclasındakı çıxışında demişdi. O, məhkəməyə bildirmişdi ki, baş verənlərdən narahatlığını Bərxudarova məruzə edib, ancaq bu, heç nəyi dəyişməyib. 

General baş verənlərə görə müdafiə naziri Zakir Həsənovu da günahlandırmışdı: “Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı korrupsiya üzə çıxır, deyir, xəbərim yoxdur. Bu boyda Tərtər hadisələri baş verir, yenə deyir, xəbəri yoxdur. Bəs bu nazirin nədən xəbəri var”?  

2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb. Əslində bu işi “Beyləqan işi” adlandırmaq olar. Çünki proseslər təkcə Tərtərdə yox, Beyləqanda da baş verib. Beyləqandakı hərbi hissələrdən birində işgəncə yeri düzəldilib və hərbçilərə işgəncələr verilib. İşgəncələr nəticəsində bir hərbi qulluqçu Adil Sabirli dünyasını dəyişib. Beyləqan işgəncələri də “Tərtər işi” çərçivəsində araşdırılıb. Çünki 1-ci Ordu Korpusunda (Tərtər) və 2-ci Ordu Korpusunda (Beyləqan) baş vermiş hadisələr eyni vaxta təsadüf edir. Bu səbəbdən də hər iki Korpusdakı hadisələr “Tərtər işi” kodu altında birləşir. Bu işləri eyni istintaq qrupu ayrı-ayrı icraatlarda araşdırıb. Məhkəməyə də beş nəfərdən ibarət qrup şəklində göndərilib. “Tərtər işi” kodu altında Tərtər ərazisindəki hərbi hissələrdə və köhnə qərargah binalarındakı işgəncələrlə bağlı digər tutulanların da işləri ayrı-ayrı icraatlara bölünüb və daha üç qrupun işi məhkəməyə göndərilib. Bunlardan “Vüsal Ələsgərovgilin işi” üzrə qrupa (dörd hərbçi) artıq hökm oxunub. “Maşıyevgilin işi” və “Fuad Ağayevgilin işi” isə hələ davam edir.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button