2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Tərtər işi” ilə bağlı aksiya: “İlham Əliyev məsuliyyət daşıyır”

Etirazçılar məhkəmə proseslərindən narazıdırlar

2017-ci ilin may-iyun aylarında Tərtərdə yüzlərlə hərbçiyə qarşı işgəncələrlə bağlı bu əməllərdə ittiham olunan şəxslərdən ibarət bir neçə qrupun məhkəməsi davam edir.

Amma zərərçəkənlər – işgəncəyə məruz qalmış hərbçilər, eləcə də Tərtər hadisələri nəticəsində həyatını itirənlərin ailə üzvləri məhkəmə proseslərindən narazıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Zərərçəkmişlər noyabrın 22-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər.

Onlar deyir ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenidən başlayanda əvvəlkindən fərqli olaraq, bu dəfə həqiqətlərin ortaya çıxarılacağını və təqsiri olan şəxslərin cəzalanacağını düşünürdülər. Lakin prosesin gedişində yanıldıqlarını görüblər.

Zərərçəkmişlər iddia edir ki, prokurorluq formal istintaq aparmaqla, əsl təqsirkarları, baş verənlərə rəhbərlik edən yüksək vəzifəli məmurları məsuliyyətdən kənarda saxlayıb.

Onların sözlərinə görə, Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Camal Ramazanov və Rafiq Abbasovdan ibarət hakimlər kollegiyası da eyni formada prosesi davam etdirdi.

Noyabrın 22-də Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirilən vaxtda əraziyə xeyli sayda polislər də cəlb olunmuşdu.

Onlar etirazçıları Prezident Administrasiyasının qarşısına getməyə qoymayıb.

Təxminən 100 metr kənarda – metronun “İçərişəhər” stansiyasının ətrafındakı parkda zərərçəkmişlər etirazlarını ifadə ediblər.

Tərtər hadisələri zamanı işgəncə nəticəsində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, bu cinayətdə böyük rolu olan məmurlar bu gün də vəzifədədir:

“İstintaqın təzələnməsindən iki il keçir, amma Tərtər qatilləri hələ azadlıqdadır. Orada həyatını itirən oğullarımıza da “şəhid” adı verilməyib. Məhkəmədə nə qədər vəsatətlər vermişik, heç biri təmin olunmur. İstintaq təzələnəndən sonra biz nə gördük? İstintaq qrupunun rəhbəri Qasım Məmmədov (o həm də Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavinidir) cinayətkarları məsuliyyətdən kənarda saxlamaq, qatillərə haqq qazandırmaq üçün hər cür saxtakarlığa getdi. Şəxsən mənim övladımın videosunu saxtalaşdırdı. Eyni oyunları məhkəmə də davam etdirdi. Qatilləri prokurorluq, məhkəmə qoruyur”.

Validə Əhmədova tələb edir ki, Prezident və ya Birinci Vitse-prezident zərərçəkənləri qəbul etsin, onları narahat edən məsələləri eşitsin:

Mən cəbhə bölgəsində yaşayıram. 30 il başımıza güllələr yağıb. Cəbhədəki hərbçilərə əllərimlə qulluq eləmişəm, həkim gələnə qədər yaralarını sarımışam. Mənim öldürülən balam onlara yemək daşıyıb. Güllənin altında böyütdüyüm, yatanda oyatmağa qıymadığım balamı işgəncə ilə öldürüblər, qatillər də azadlıqdadır. Bu gün həmin qatilləri qoruyurlar. Tərtər hadisələrindən sonra vəzifəsi böyüdülən Teymur Məmmədov (Tərtərdə hərbi hissə komandiri olub) belin sapını oğlumun başına vura-vura öldürüb. İşgəncələr dövründə orada olub, balalarımızın öldürülməsinə birbaşa şahidlik edən, bu cinayətdə rolu olan Kərim Vəliyevin də vəzifəsini böyüdüb, onu Baş Qərargah rəisi qoydular. Mayın 5-nə qədər o, Tərtərdə hadisə yerində olub. Bu cinayətlərdə o da iştirak edib. Məhkəmədə sübuta yetirildi ki, videokonfranslar vasitəsilə nazir Zakir Həsənov, Nəcməddin Sadıqov birbaşa göstərişlər verirmiş. Kim qoruyur bu adamları? Hərbi Prokuror Xanlar Vəliyevi, onun müavini Şəfahət İmranovu?”.

Tərtər hadisələrində həyatını itirmiş Süleyman Kazımovun anası Leyla Qurbanova da həm istintaqdan, həm də məhkəmədən narazıdır.

Onun sözlərinə görə, işgəncə nəticəsində övladının daxili orqanları partlamışdı. Bu barədə ekspertiza rəyi də var:

Niyə qəsdən adam öldürmə ittihamı vermirlər təqsirkarlara? Bizə deyirlər ki, niyyət öldürmək olmayıb, ona görə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi verilə bilməz. Niyyət öldürmək olmasaydı, o cür işgəncə verərdilər?”.

Həyatını itirmiş başqa bir hərbçi Ruslan Ocaqverdiyevin həyat yoldaşı Rəvanə Ocaqverdiyeva deyir ki, Tərtərdə işgəncələrə birbaşa rəhbərlik etmiş, o dövrdə korpus komandiri olan general Hikmət Həsənovu prokurorluq çağırıb dindirməyibsə, məhkəmə də bu barədə verilən vəsatətləri rədd edirsə, heç bir araşdırmadan söhbət gedə bilməz.

O, baş verənlərə görə Prezident İlham Əliyevin də məsuliyyət daşıdığını vurğulayıb:

“Mən istintaqa əvvəl inanırdım. Amma sonradan gördüm ki, bizi aldadırlar. Orada da dedim ki, Hikmət Həsənov dindirilməyibsə, məni niyə çağırmısınız bura? Bu gün Tərtər qatilləri çöldədirsə və Prezident də buna susursa, deməli, o da bu prosesin içindədir. Mən ailəmi itirəndə 28 yaşım vardı. Balalarım onun bunun qapısında böyüdü. Niyə? Bizi bədbəxt eləyənlər – Xanlar Vəliyevi, Şəfahət İmranovu, bu cinayətdə əli olan müstəntiqləri nə vaxta qədər qoruyacaqsınız?”.

Tərtər hadisələri zamanı həyatını itirən polkovnik-leytenant Saleh Qafarovun həyat yoldaşı Natəvan Qafarova bildirib ki, əri 22 il qüsursuz xidmət edib. Buna görə xeyli orden və medalları var:

“Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları aparır polkovnik-leytenantı. Mayın 4-də aparılır, işgəncədən komaya salınır. Onun dırnaqları çəkilib, toka verilib, ağzına əski salıb, suda boğub işgəncə veriblər. Bud nahiyələri deşik-deşik idi. Qatillər niyə cəzalandırılmır? Niyə buna göz yumulur?”.

Tərtər işgəncələrində həyatını itirmiş Təmkin Nizamioğlunun atası Nizami Quliyev də hesab edir ki, təqsirkarlara Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 274-cü (dövlətə xəyanət) maddələrilə ittiham verilməlidir.

Onun sözlərinə görə, istintaqda və məhkəmədə xeyli vəsatətlər verib, amma heç biri təmin edilməyib.

Zakir Həsənov, Nəcməddin Sadıqov, Hikmət Həsənov, Teymur Məmmədov, Xanlar Vəliyev – hamısı vəzifədədir…”, – Nizami Quliyev vurğulayıb.

Etirazçılar deyir ki, istintaqın yenilənməsinin yalnız bir faydası olub – Tərtər hadisələri nəticəsində həbs olunub, dövlətə xəyanət və başqa ağır ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilənlərdən 19 nəfərinə 5 il yarım sonra da olsa, bəraət verib, azadlığa buraxblar.

İddia edirlər ki, xeyli adam yenə də saxta ittihamla həbsdədir.

Ofelya Qasımova deyir ki, oğlu Elşənə ömürlük həbs cəzası verilib.

Onun sözlərinə görə, oğlu ağlasığmaz işgəncələrə məruz qalıb:

“Ona hər cür işgəncə verilib. Axsaya-axsaya gəzir. Aprel döyüşlərində can qoymuş oğulu “vətən xaini” damğasıyla saxlayırlar. 7 ildir balam zülm çəkir. Mən avqustun 17-də Baş prokuror Kamran Əliyevin qəbulunda oldum. Mənə dedi ki, sizə bir aya cavab veriləcək. Niyə yalan danışırlar? Niyə insanları insan yerinə qoymurlar?”.

Tərtər hadisələrində işgəncəyə məruz qalmış Ruslan Fərzəliyev deyir ki, Prezidentin onları qəbul etməsini, həqiqətləri eşitməsini istəyir:

“Özü demişdi ki, korrupsiya, qanunsuzluqla üzləşəndə mənə siqnal verin. Biz də gəlmişik, 100 metrlikdəyik, siqnal verməyə çalışırıq. Amma bizi eşidən yoxdur”.

Tərtər hadisələri nəticəsində həbs olunub, 16 il azadlıqdan məhrum edilmiş, istintaq yenilənəndən sonra 2022-ci ilin dekabrında bəraət alaraq azadlığa buraxılmış Müşfiq Əhmədli də hazırda işgəncədə ittiham olunanların məhkəmələrində zərərçəkmiş qismində tanınıb.

O bu məhkəmələrin gedişindən narazıdır:

Məhkəmə düzgün aparılmır. Öz azərbaycanlısına o cür işgəncələr verdirən Xanlar Vəliyev, Şəfahət İmranov, Kərim Vəliyev, Zakir Həsənov, Nəcməddin Sadıqov, Hərbi Prokurorluğun müstəntiqləri niyə məsuliyyətdən kənarda qalıb? Tərtər Hərbi Məhkəməsində Kamal Əliyev mənim haqqımda sanksiya verib, həbs qətimkan tədbiri seçmişdi. Oğlu Vətən Əliyev də müstəntiq kimi işimi aparırdı. Sonradan oğluna Baş Prokurorluqda yüksək vəzifə verdilər. Budur ədalət?”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button