2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tezliklə offşorların sirri qalmayacaq

Ötən bazar günü Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi dünyada ən böyük offşor qeydiyyatçılarından biri olan Panamanın Mossack Fonseca hüquq şirkətinin məlumatlar bazası əsasında aparılmış birgə araşdırmanın nəticələrini dərc ediblər.
Bu firmanın adı bilavasitə Azərbaycanla, onun siyasi isteblişmenti ilə bağlıdır. “Panama sənədləri” offşorların mövcud olduğu bütün müddət ərzində offşorlar və offşor sövdələşmələri haqqında ən geniş miqyaslı “sızıntılardan” biri oldu. Bu siyahıda təkcə mürəkkəb və şübhəli əməliyyatlar vasitəsilə vergilərdən yayınmış müxtəlif çaplı biznesmenlərin deyil, baş nazirlərin, nazirlərin, parlament deputatlarının, prezidentlərin də adları var. Siyahıya Azərbaycanda məşhur olan soyadlar, prezidentin ailə üzvlərinin adları da daxil olub.
Məşhur ailənin xaricdəki hesabları, daşınmaz əmlakları, adaları, yaxtaları, otelləri haqqında yayılmış faktları təkrar etməyin mənası yoxdur. Bu haqda kifayət qədər çox yazılıb. “Panama sənədləri”nə reaksiya hər yerdə fərqli olub. Belə ki, İspaniyanın sənaye naziri Xose Manuel Soria, İslandiyanın baş naziri Siqmyundyur David Gyunnleyqsson bu qalmaqalla əlaqədar istefa veriblər. Transparency International-ın Çili şöbəsinin rəhbəri Qonsalo Delavo, Avstriyanın Hypo Vorarlberq bankının rəhbəri Mixael Qrahammer də vəzifələrindən məhrum olublar.
Əlbəttə, Bakıda da bu materiallara reaksiya verilib. Hakimiyyətə xas tərzdə reaksiya olub. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumundan olan həmkarları ilə birlikdə Azərbaycandan çoxmilyonluq vəsaitin offşorlara köçürülməsi haqqında araşdırma aparmış jurnalist Xədicə İsmayılova həbsə atılıb. Bu materialları dərc etməyə cürət etmiş KİV-lərə qarşı təqiblər başlayıb.
“Panama sənədləri” ilə bağlı qalmaqal ölkənin maliyyə sisteminin zəifliyini, qanunvericilik bazasının natamamlığını, qanunların hakim elitanın maraqlarına görə qəbul edildiyini üzə çıxarıb. İlk baxışda vəziyyət elə də pis deyil: “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun qüvvədədir, dövlət qulluqçularının xaricdə biznes əməliyyatlarında iştirakı və xaricdə hesablara malik olması qadağandır. Əslində isə hər şey terrorçu təşkilatların fəaliyyət göstərdiyi potensial riskli ölkələrə pul köçürmələrinə nəzarətdən ibarətdir. Digər istiqamətlərdə maliyyə axınlarına gəlincə, bu barədə, demək olar ki, məlumat yoxdur.
Qərbdən fərqli olaraq, Azərbaycanda nəzarət olunan xarici şirkətlər haqqında qanun işləmir, dövlət məmurlarının öz gəlirlərini və əmlakını (offşor şirkətlər və xarici hesablar da istisna deyil), habelə həyat yoldaşlarının və yetkinlik yaşına çatmamış övladlarının gəlirlərini və əmlakını bəyan etməsi təcrübəsi yoxdur. Nəticədə, bizim siyasətçilərimiz, məmurlarımız Panamanın Mossack Fonseca firmasının köməyilə şübhəli yolla əldə olunmuş pulları yuyublar, sanksiyalardan qaçıblar və vergilərdən yayınıblar. Onlar bilirlər ki, offşor sxem təkcə hüquqi müdafiə və yerli məhkəmə icraatından çıxış deyil, həm də gəlirlərin və ictimai şəxsin biznesdə iştirakı faktının gizlədilməsi üçün əlverişli vasitədir.
Səs-küyə səbəb bu olan qalmaqal fonunda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) maliyyə və vergi şəffaflığında yeni mərhələyə keçid nəzərdə tutan vahid vergi məlumatlarının avtomatik mübadiləsi standartları hazırlayıb. İƏİT iştirakçısı olan ölkələrin vergi orqanları investisiya gəlirləri (dividendlər, faizlər, sığorta müqavilələrindən və maliyyə aktivlərinin və daşınmaz əmlakın satışından əldə olunan gəlirlər), bank hesablarında qalan pul vəsaitinin məbləği, trastdan gəlir götürənlər və şirkət səhmdarları haqqında və s. məlumatları ehtiva edən informasiyanın avtomatik mübadiləsini həyata keçirəcəklər.
Hələlik Azərbaycan hakimiyyəti beynəlxalq vergi mübadiləsinə qoşulmağa hazır olduğunu bəyan etməyib, 40 dövlət isə, o cümlədən dünyada məşhur olan offşor yurisdiksiyalar – Britaniyanın Virjin adaları və Gibraltar artıq 2017-ci ildə avtomatik məlumat mübadiləsinə başlamaq üçün qrafiki təsdiq ediblər (“early adopters”). Yeri gəlmişkən, Rusiya 2018-ci ildə beynəlxalq vergi mübadiləsinə qoşulacağını bəyan edib. Mahiyyətcə, bütün bunlar o deməkdir ki, dünya elitasının offşorlardan “gizli cib” kimi istifadə etməsi artıq mümkün olmayacaq. Aydındır ki, bir çox şirkətlər vergilərin optimallaşdırılması üçün offşor yurisdiksiyalarından istifadəni davam etdirəcəklər, amma orada oğurlanmış pulları gizlətmək artıq mümkün olmayacaq. (turan)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button