2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vəkili Araz Əliyevin psixiatrik ekspertizadan keçirilməsini istəyib

Çünki normal adam küçədə gedə-gedə özü-özünə söyüş söyməz”

Yeni yaranan “III Respublika” Platformasının Qurucu Heyət üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyev haqqında 25 sutkalıq inzibati həbs qərarından apelyasiya şikayəti verilmişdi. Həmin şikayətə dekabrın 29-da Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Habil Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında Araz Əliyevin vəkili Nemət Kərimli bir neçə vəsatət qaldırıb. O, müvəkkili haqqında psixiatrik ekspertizanın təyin olunmasını istəyib:

Saytların yığılması Saytlarin yigilmasi

 “Çünki normal adam küçədə gedə-gedə özü-özünə söyüş söyməz. Araz Əliyev haqqında məhkəmə qərarında isə yazıblar ki, küçədə ünvansız söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmayıb”.

Bu vəsatət təmin olunmayıb.

Vəkilin daha bir vəsatəti isə “Neftçi” idman bazasının yaxınlığındakı təhlükəsizlik kameralarından görüntülər alınıb, onlara baxılması haqda olub. Vəkil bu vəsatətini əsaslandırarkən deyib ki, Araz Əliyev həmin ərazidə saxlandığını deyir. Amma polislər onu Nizami rayonu ərazisində saxladıqlarını iddia edir:

Neftçi” bazasının yerləşdiyi ərazidə çoxsaylı kameralar var. Xahiş edirəm, məhkəmə təhlükəsizlik kameralarının görüntülərini almaq üçün sorğu versin, biz də görüntülərə baxaq, görək ki, Araz Əliyevin dedikləri düzdür, ya yox”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Müdafiəçi həmçinin birinci instansiya məhkəməsində izahatı alınmış polislərin yenidən məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb. Lakin bu vəsatət də rədd edilib.

Araz Əliyev özü də məhkəmədə danışıb. O bildirib ki, küçədə söyüş söyməsi, polislərə tabe olmaması, ümumiyyətlə, Nizami rayonu ərazisində saxlanması – məhkəmə qərarında bu haqda yazılanların hamısı yalandır. Onu dekabrın 23-də axşam saat 18 radələrində “Neftçi”nin bazasının yanında saxlayıblar. Onun sözlərinə görə, həm saxlanılanda, həm də avtomobildə Nizami rayonu, 24-cü polis bölməsinə aparılanda polislərin zorakılığına məruz qalıb:

“Əlimdən kompüterimi, telefonumu aldılar. Məni tutanlardan ikisi elektron əşyalarımı götürüb, elə oradan çıxıb getdilər. Digərləri məni polis bölməsinə apardılar”.

Həbsinin siyasi baxışları, xüsusən “III Respublika” Platformasının fəaliyyətilə bağlı olduğunu deyən Araz Əliyevin sözlərinə görə, ona yalnız bu mövzuda suallar veriblər: “Bu təşkilatı yaradan kimdir, nə istəyirsiz, kim maliyyələşdirir – belə suallar verirdilər”.

Araz Əliyevin sözlərinə görə, ona əməkdaşlıq da təklif olunub, lakin o imtina edib.

Gənc fəal ona dövlət hesabına vəkil təyin olunan Polad Mehdiyevdən də narazılıq edib: “Bu adam guya vəkildir, amma məndən heç nə soruşmadı. Bircə onu soruşdu ki, evlisən, uşağın var? Vəssalam”.

Araz Əliyev əlavə edib ki, məhkəmədə o, belə hadisə baş vermədiyini – söyüş söymədiyini, tabesizlik göstərmədiyini, protokolda yazılanların doğru olmadığını deyib. Vəkil Polad Mehdiyev isə onun dediklərinin əksinə, çıxışında bildirib ki, Araz Əliyev polislərə tabesizlik göstərib.

Araz Əliyevin özü də, vəkili Nemət Kərimli də Nizami Rayon Məhkəməsinin 25 sutkalıq həbs qərarının ləğvini istəyib. Lakin hakim Habil Məmmədov apelyasiya şikayətini rədd edərək, bu qərarı qüvvədə saxlayıb.

Eyni zamanda, NİDA Vətəndaş Hərəkatının üzvü olan Araz Əliyev dekabrın 23-də saxlanılıb. Dekabrın 24-də onun həyat yoldaşı Gülarə İsmayılova Daxili İşlər Nazirliyinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Əlində “Araz Əliyev hardadır?” yazılmış plakat tutan İsmayılova həyat yoldaşının yerini öyrənməyə çalışıb. Az sonra isə Araz Əliyevə 25 sutka inzibati həbs cəzası kəsilməsi barədə xəbər çıxıb.

Universitet müəllimi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb. İddia olunub ki, Araz Əliyev dekabrın 23-də axşam 21:30 radələrində küçədə gedəndə qışqıraraq söyüş söyüb. Polislər ondan intizamlı olmağı tələb etsələr də, tabe olmayıb. Bu üzdən saxlanılaraq, Nizami rayonu 24.-cü polis bölməsinə aparılıb.

“III Respublika” Platdorması bəyanat yayaraq, Araz Əliyevin siyasi motivlərlə həbs olduğunu bildirib.

Dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib. Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.

Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.

Platformanın şüarı belədir: “Tək Adama deyil, Hüquqa itaət edirik!”

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button