2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vəkilləri Əvəz Zeynallıya bəraət istədilər

Jurnalistin anasının müxtəlif orqanlara ünvanladığı məktub işə əlavə edilib

“Xural TV” internet televiziyasının rəhbəri, ilyarıma yaxındır ki, həbsdə olan Əvəz Zeynallının vəkilləri onun təqsirsiz olduğunu deyir və bəraət verilməsini istəyirlər. Vəkillər Fəxrəddin Mehdiyev və Rəşad Əliyev yanvarın 26-da məhkəmədə çıxışlarında onun təqsirsizliyilə bağlı arqumentlərini səsləndiriblər.

Əvəz Zeynallı və onunla birlikdə mühakimə edilən “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun işinə 2023-cü ilin aprelindən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Artıq məhkəmə istintaqı yekunlaşıb və prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 26-da məhkəmədə məlum olub ki, Əvəz Zeynallının anası Şamama Zeynalova müxtəlif dövlət orqanlarına, o cümlədən prezidentə, vitse-prezidentə, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə məktublar göndərib. O, oğlunun işinə obyektiv baxılmasını, ədalətli qərar çıxarılmasını istəyib. Həmin məktublar məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədova yönləndirilib. Hakim məktubları iş materiallarına əlavə edib.

Bundan başqa, 79 nəfər media nümayəndəsi də Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edib.

Hakim məktubları elan edəndən sonra vəkillər müdafiə çıxışı edib.

Vəkil Rəşad Əliyev deyir ki, müvəkkilinə qarşı ittihamların qanunsuz və əsassız olduğu elə ittiham aktının özündən görünür. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi vəzifəli şəxslərə aiddir. Halbuki, Əvəz Zeynallı vəzifəli şəxs deyil və ona bu ittiham verilə bilməz.

Vəkilin sözlərinə görə, iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri də Əvəz Zeynallıya qarşı ittihamların əsassızlığını sübut edib.

Digər vəkil Fəxrəddin Mehdiyevin də çıxışı eyni məzmunlu olub. O vurğulayıb ki, istintaq zamanı bu işlə bağlı çoxsaylı qanun pozuntularına yol verilib.

Vəkillərin hər ikisi çıxışlarını Əvəz Zeynallıya bəraət istəməklə yekunlaşdırıblar.

Məhkəmə prosesi fevralın 9-da Əvəz Zeynallının üçüncü vəkili Aqil Layıc və Elnur Şükürovun vəkilinin çıxışıyla davam edəcək. Daha sonra Əvəz Zeynallı və Elnur Şükürov son sözünü deyəcək və ardınca hökm oxunacaq.

Əvəz Zeynallı və Elnur Şükürov 2022-ci ilin sentyabrından həbsdədir. Onların heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button