2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vasif Talıbovun yarımçıq işləri – Məktəb, zavod…

[

Məlum olduğu kimi, artıq bir müddətdir mətbuatda Naxçıvanda “Arkoz” şirkətinin həyata keçirdiyi tikinti layihələrində çalışan fəhlələrin əməkhaqlarını ala bilməmələri ilə bağlı məlumatlar yayılır. İddia olunur ki, buna səbəb Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun vəzifədən getməsindən sonra yeni rəhbərliyin sözügedən şirkətin icra etdiyi inşaat layihələrini dayandırmasıdır. 

Gununsesi.info xəbər verir ki, yaranan problemə aydınlıq gətirmək üçün bir qrup jurnalist Naxçıvanda olub, vəziyyətlə yerində tanış olub.

Saytların yığılması Saytlarin yigilmasi

Aydın olub ki, bir çox obyektlərin, o cümlədən, Naxçıvan Dövlət Universitetinin rektorluq binası, Naxçıvan Texnologiyalar Parkı, Duz İstehsalı Zavodu və digər obyektlər nəzərdə tutulan vaxtda və keyfiyyətdə inşa olunaraq sifarişçi qurumlara təhvil verilməyib. Həmçinin bəzi istismara verilən obyektlərdə, o cümlədən 14 nömrəli məktəbdə, Hərbi Hospitalda sonradan ciddi problemlər yaranıb.

Fotoda: 14 nömrəli tam orta məktəb

Naxçıvan şəhərinin ən böyük təhsil müəssisələrindən olan 14 nömrəli tam orta məktəbin binası 2007-ci ildə tikilib təhvil verilib. Lakin üzərindən bir müddət keçəndən sonra məktəb binasında problemlərin olması üzə çıxıb. Məktəb rəhbərliyinin sözlərinə görə, dərs zamanı şagirdlər silkələnmə hiss ediblər. Daha sonra valideynlərin tələbi üzrə binada yoxlama aparılıb və tikinti zamanı normaların ciddi şəkildə pozulduğu aydınlaşıb.

Məktəblə tanışlıq zamanı jurnalistlərə bildirilib ki, vaxtilə məktəb binasının inşası heç bir tender keçirilmədən sonradan “Arkoz” kimi rebrendinq edilən “GəmiQaya” Holdinqə tapşırılıb. Şirkətin rəhbəri isə vaxtilə Vasif Talıbovun şəriki olan Emin Uçar adlı şəxsdir. Həmçinin məktəbin tikintisinə Muxtar Respublikanın keçmiş Arxitektura Komitəsinin sədri və baş nazirin birinci müavini, hazırda “Arkoz” şirkətinin nümayəndəsi olan Asəf Məmmədov nəzarət edib. Problem aşkarlandıqdan sonra “Arkoz” şirkəti tərəfindən məktəbə 10 ədəd sütun, 6 ədəd də dəmir konstruksiyalı kəmər qoyulub və bunun əvəzində isə Naxçıvan Təhsil Nazirliyinə 180 min manatlıq hesab-faktura göndərilib. Halbuki binada aşkarlanmış problem müqavilə öhdəliyinin yerinə yetirilmədiyini göstərir. Amma şirkət rəhbərliyi problemi həll etmək əvəzinə, fəhlələrin zəhmət haqqını ödəməkdən imtina edib və dövlətə qarşı təxribata yönəldib.

Naxçıvan Hərbi Hospitalı da ciddi nöqsanlar aşkarlanan obyektlərdən biridir. Binada mərtəbələrarası beton qatı normalara uyğun qoyulmayıb. Hospitalın tavanı hazırda yararsız vəziyyətdədir və yağış yağanda strateji obyektin bütün mərtəbələrindən su damır. Hospitalın morqu demək olar ki, istifadəyə yararsızdır, havalandırma sistemi yoxdur. Bina buna görə də sifarişçi tərəfindən təhvil alınmayıb.

Fotoda: NDU-nun rektorluq binası

Hazırda tikintisi dayandırılan obyektlərdən biri də Naxçıvan Dövlət Universitetində rektorluq üçün nəzərdə tutulan keçmiş Hərbi Hospitalın binasıdır. 105 yaşlı bina restavrasiya edilməli olsa da, binanın mövcud vəziyyətindən heç nə saxlanmayıb. İkimərtəbəli binaya qanunsuz olaraq üçüncü mərtəbə artırılıb. Muxtar Respublikanın yeni rəhbərliyi Fövqəladə Hallar Nazirliyinə müraciət edərək binanın vəziyyəti haqda rəy istəyib. Mütəxəssislər baxış keçirdikdən sonra tikilinin məhdud işlək və yararsız olduğunu ortaya çıxarıblar. Rəydə binanın sökülməli olması da əksini tapıb. Binadakı üçüncü mərtəbə isə 2 il əvvəl Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Komitənin tərkibində yaradılan “Naxçıvan Tikinti” tərəfindən inşa olunub. Hazırda binanın sifarişçisi və tikintini həyata keçirənlərə qarşı Muxtar Respublika Prokurorluğunda cinayət işi açılıb, işlə bağlı istintaq davam edir. Qədim binada problem tək üçüncü mərtəbənin əlavə edilməsi deyil. Burada tikinti keyfiyyəti normaları da ciddi surətdə pozulub.

Naxçıvan Dövlət Universiteti üçün 2018-ci ildə tikintisinə başlanılan Texnologiyalar Parkı da belə binalardandır. Texnoparkın tikintisinə ötən 5 il ərzində dövlət büdcəsindən milyonlar ayrılıb. Tikinti şirkəti ayrılan vəsaiti xərcləyib bitirsə də, amma iş görülməyib. Əraziyə daxil olanda bir qrup işçi ilə bərabər şirkət rəhbərliyi, o cümlədən, Asəf Məmmədov da orada idi. A.Məmmədov isə hazırkı vəziyyəti inkar etməsə də, bunu binanın layihəsinin ikinci dəfə dəyişdirilməsi ilə əlaqələndirir: “Tikintidə problem ola bilməz, çünki o, layihə əsasında tikilib. Bu binanın ilkin layihəsi başqa olub və sonradan dəyişdirilib. İkinci layihəyə görə biz fasadı yenidən sökməli olduq. Hazırda işlər dayandırıldığına görə biz iş görə bilmirik. İşlər davam etdirilsəydi, bəlkə də təhvil verilərdi.

Məktəb binası isə 8 il əvvəl tikilib təhvil verilib. Ola bilər, beton özü deformasiyaya uğrayıb. İndi gəlib irad bildiriblər ki, binada silkələnmə olub. Tələb olunduğuna görə biz də beton laylar atdıq və problem aradan qaldırıldı”.

Fotoda: “Arkoz” şirkətinin rəsmisi

Texnologiyalar Parkında sözügedən natamam binaya tikinti rəhbərliyi ilə birgə baxış keçirdik. Lakin bina ilə tanış olan zaman məlum oldu ki, 5 mərtəbəli binanın bütün mərtəbələri təmir olunub, divarları, tavanına alçipan vurulub, daxilində elektrik naqilləri çəkilib. Havalandırma sistemləri çəkilib, kondisionerlər quraşdırılıb. Amma 2018-ci ildən bu yana binanın dam örtüyü vurulmayıb deyə yağış, qar birbaşa içəri tökülür və görülmüş işlər zay olur. Həmin gün yağış yağdığından binanın yuxarı mərtəbələrində iri gölməçələr var idi. Artıq binadakı armaturlar və digər tikinti materialları korroziyaya uğrayıb. Qarşı tərəf isə layihənin dəyişdirilməsini tikintinin layihəyə uyğun aparılmaması, tikinti normalarının ciddi şəkildə pozulması, tikintiyə icazənin olmaması və digər səbəblərlə əsaslandırır.

Fotoda: Texnologiyalar Parkının natamam binası

Daha bir problemli obyekt Naxçıvan Duz İstehsalı Zavodudur. İl yarımdır fəaliyyətsiz qalan zavodda problem həm tikinti, həm də təchiz edilən avadanlıqların keyfiyyətsiz olması ilə bağlıdır. Zavodun ümumi inşasına və avadanlıqların alınmasına 6.7 milyon manat vəsait sərf edilib. Layihənin sifarişçisi Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura İdarəsi, icraçısı isə “Arkoz” İnşaatdır. Zavodun fəaliyyəti natamam olduğu üçün təhvil götürülməyib. Məlumata görə, əsas problemlərdən biri avadanlıqların uyğunluq sertifikatlarının olmaması, istehsal ölkələrinin məlum olmaması, birinci əl yeni avadanlıq adına köhnə avadanlıqların rənglənib zavoda yerləşdirilməsidir. Qısa müddətdir istismara verilməsinə baxmayaraq, zavodda borular pas atıb. Burada istifadə edilən avadanlıqlar duzun gildən ayrılmasını təmin etmir. Bu isə istehsal edilən duzun rənginin qara olmasına səbəb olur. Problemin yaranmasına bir səbəb də havalandırma sisteminin düzgün qurulmamasıdır. Bu vəziyyət həm də işçilər üçün sağlamlıq problemləri yaradır. Bu da zavodun fəaliyyətinin dayandırılması üçün daha bir səbəb kimi dəyərləndirilib.

Bağlanmış müqaviləyə görə, burada istehsal olunan duz ağ duz olmalı olsa da, keyfiyyətsiz avadanlıqlar səbəbindən lazımi keyfiyyətdə məhsul almaq olmur. Bir sıra ölkələrdən duz alışı ilə bağlı sifariş gəlsə də, bu sifarişləri reallaşdırmaq mümkün olmayıb. Bağlanma isə zavoda külli miqdarda – 5 milyon manata yaxın zərərin dəyməsinə səbəb olub. Müəssisənin inşaatçısı isə nöqsanı aradan qaldırmaq üçün əlavə 600 min dollar tələb edir.

Sadalanan problemlərə aydınlıq gətirilməsi üçün Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə üz tutduq. Qurumun əməkdaşı Həbib Kərimovun sözlərinə görə, əvvəldə qeyd etdiyimiz, hazırda fəaliyyəti və ya inşası dayandırılan obyektlərin heç tikintiyə icazə sənədi belə yoxdur: “Naxçıvan Dövlət Univetsitetinin Texnologiyalar Parkında tamamlanmayan işlər çoxdur. İnşaat şirkəti tərəfindən bir sıra qüsurlara yol verilib, dam örtüyü vurulmayıb. Həmçinin tikintiyə icazə sənədinin olmaması, layihənin düzgün təsdiq olunmaması, tikinti normalarına əməl olunmaması, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsinə əsasən, 12 oktyabr 2023-cü il tarixindən etibarən tikintinin dayandırılması haqqında qərar qəbul edilib. Bir sıra belə obyektlər var. Naxçıvan Dövlət Universitetinin ərazisində rektorluq binası, NDU-nun Texnologiyalar Parkı, Ordubad rayonunda su elektrik stansiyası və s binalar nöqsanlar aşkarlanan və tikintiyə icazənin olmaması səbəbindən dayandırılan obyektlərdir. Bunlara, ümumiyyətlə, torpaq sahələri də o məqsədlə ayrılmayıb. Tikinti-quraşdırma işləri normalara uyğun aparılmayıb. Rektorluq binası köhnə binadır, müayinə olunmadan əlavə mərtəbə artırılıb”.

Fotoda: Həbib Kərimov 

H.Kərimov əlavə edib ki, hazırda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən bir sıra köhnə binalarda, həmçinin layihədən kənaraçıxma halları olan yeni binalarda müayinələr aparılır. Qurum rəsmisi həmçinin 14 nömrəli tam orta məktəbdə yaranmış problemə də aydınlıq gətirib: “14 nömrəli məktəbdə sonradan bir sıra qüsurlar yaranıb. Biz əraziyə baxış keçirmişik. Yükdaşıyıcı bloklarda, konstruksiyalarda möhkəmləndirmə işlərinə ehtiyac yaranmışdı. Həmin məktəbdə seysmik rayon tələblərinə uyğun kolonlar qoyulmayıb, konstruksiyası düzgün işlənməyib. Nəticədə müayinədən sonra bərpa-gücləndirmə işləri aparılıb, hazırda problem yoxdur.

Digər sadalanan ərazilərdə isə biz aşkarladığımız nöqsanlarla bağlı dayandırma qərarı vermişik. Bununla bağlı hüquq-mühafizə orqanlarına, icra hakimiyyəti orqanına və sifarişçiyə məlumat verilib. Hazırda sadalanan faktlarla bağlı araşdırma aparılır”.

 

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button