2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zəlimxan Məmmədli: “Əli İnsanov hüququ tapdalayıb, xəyanət edib”

Ali Məclisin sabiq sədri partiya sədrini “despot” adlandırıb

Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun Ali Məclisin sədri Zəlimxan Məmmədlini partiyadan uzaqlaşdırdığı bildirilir.

Zəlimxan Məmmədli bu haqda sosial şəbəkədə yaydığı videomüraciətdə danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, partiya sədri Əli İnsanovun belə addım atmasının kökündə kənar qüvvələrin rolu var.

Zəlimxan Məmmədli
Source: Arxiv

“2023-cü il oktyabrın 21-də Ali Məclisin növbəti sessiyası keçirildi. Əli İnsanov hesabat dövründə əldə etdiyimiz uğurlara görə mənə və birinci müavinim Xalidə Məmmədovaya təşəkkür etdi. Növbəti toplantıda isə bir ay öncə təşəkkür alan Xalidə Məmmədovanı heç bir nizamnaməyə, ədəb-ərkana sığmayan formada partiyadan xaric elədi. Etirazımı bildirdim, dedim ki, belə olmaz”, – Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, Əli İnsanov partiyaya Ali Məclis və Rəyasət Heyətinin lazım olmadığını deyib:

“Əli İnsanov dedi ki, sədr də toplantılara elə İdarə Heyətinin üzvü kimi gəlsin. Səbəbini soruşanda, bildirdi ki, Ali Məclisdə qiyam, çevriliş cəhdlərinin olması ilə əlaqədar məlumatım var. Dedim ki, bu, hallüsinasiyaya oxşayır. Belə bir şey heç ağlıma gəlməyib. Partiyanın güclənməsi üçün çalışmışam”.

Zəlimxan Məmmədli deyir ki, 30 nəfərlik İdarə Heyətinin qarşısında ünvanına xoşagəlməz sözlər eşidib:

“Məni aşağılamaq, tabe etmək, sındırmaq istiqamətində cəhdlər edib. Sakit dura bilməzdim, ona etiraz edib, kəskin iradlarımı bildirmişəm. Əli İnsanov hardansa informasiya alır ki, Zəlimxan Məmmədli getməlidir. Ona dedim ki, mənimlə bu cür danışa bilməzsən”.

Keçmiş sədrin sözlərinə görə, sonrakı iclaslarda iştirak etməyib:

“Bu hadisədən sonra İdarə Heyətinin iki toplantısında iştirak etmədim. Əli İnsanova da dedim ki, monoloqa qulaq asmaq həvəsində deyiləm. O da dedi ki, biz qardaşıq. Könlümü almaq istədi. İdarə Heyətinin sonrakı iclasında səhhətimlə əlaqədar iştirak edə bilmədim. Bununla bağlı da Əli İnsanovun köməkçisinə məlumat verdim”.

“Fikirləşdim ki, müalicəm bitsin, sonra Əli İnsanovla görüşüm və soruşum ki, məndən nə istəyirsən? Cavabını alandan sonra gələcəyimi müəyyən edim. Noyabrın 25-də nə fırtına baş verirsə, mən evdə xəstə yatıram. Qərar qəbul edib, məni partiya sıralarından xaric edirlər”.

Zəlimxan Məmmədli bildirib ki, partiyadan bu cür kənarlaşdırılması hüquqa, nizamnaməyə sayğısızlıqdır, “Siyasi partiyalar haqqında” Qanuna ziddir:

“Belə bir addım Azərbaycanın siyasi tarixində ciddi bir ləkədir. Orada alternativ fikir yoxdur. Əli İnsanov başda olmaqla bir qrupun mənfəətinə hesablanan bir hikkədir, İlham Əliyevin xoşuna gəlsinlər ki, nəsə versin. Əli İnsanovun despotunu Zəlimxan Məmmədli götürə bilməz. Bunu sırğa edib, qulağından assın”.

O, Əli İnsanovu xəyanətdə də ittiham edib:

“Salam-kəlamı, çörəyi tapdalayıb, hüququ tapdalayıb, xəyanət edib. Cəsarətlə deyirəm, HƏP-də haqq-ədalət yoxdur, hüquq yoxdur. Bu gün yığışıb desələr ki, adam öldürmək lazımdır, onun da qərarını ala bilər…”

Meydan TV məsələ ilə əlaqədar HƏP-lə əlaqə saxlamağa çalışıb, lakin zənglərə cavab verilməyib.

Haqq-Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 2020-ci ildə təsis edilib.

2021-ci ildə isə dövlət qeydiyyatına alınıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button