2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zamin Salayev: “Demişəm ki, narkotik satışının başında polis dayanır”

 “Bu sözlərimə görə şərlənib tutulmuşam”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri, həbsdə aclıq edən Zamin Salayev (yaxın ətrafı onu Əlizamin adlandırır-red.) iyulun 13-də məhkəmə qarşısına çıxarılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyilə onun 4 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə baxılıb.

Bundan öncə həbsdə 114 gün aclıq edən Zamin Salayevin iyulun 10-dan yenidən aclıq etdiyi bildirilir. O, gəzməkdə çətinlik çəkir, məhkəmə zalına da əsa ilə gəlmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmədə çıxış edən vəkilləri Zamin Salayevin təqsirsiz olduğunu vurğulayaraq, ona bəraət verilməsini istəyib.

Vəkil Nemət Kərimli deyir ki, Qaradağ Rayon Məhkəməsində Zamin Salayev haqqında sübutlara düzgün qiymət verilməyib. Vəkil bildirib ki, cinayət işində adları hal şahidi kimi keçən şəxslərin məhkəmədə dindirilməsini istəyirlər. Çünki ümumiyyətlə, belə adamların mövcudluğuna şübhəylə yanaşırlar.

Digər vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Zamin Salayevin bıçaqla xəsarət yetirdiyi iddia olunan Natiq Süleymanov da, belə bir hadisəni gördüyünü deyən şahidlərin üçü də narkotik istifadəçisidir:

“İstintaq orqanı bu hadisənin şahidi olan başqa birini tapmadı? Zamin Salayev bildirir ki, ümumiyyətlə, belə bir hadisə baş verməyib, o, heç kimə bıçaqla xəsarət yetirməyib. İstintaq orqanı isə iddia edir ki, onu 15 nəfərə yaxın adam tutub saxlayıb. Bəs niyə o adamların heç birini dindirməyiblər?”.

Vəkil Nemət Kərimli həmin ərazidəki 8 kameranın heç birinin görüntülərinin verilməməsinə diqqət çəkib. O bildirib ki, vəkil olaraq, həmin kamera görüntülərini almaq üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib. Lakin cavab alıb ki, görüntülər pozulub, yoxdur. İstintaq orqanına isə nazirlikdən cavab gəlib ki, həmin gün 8 kameranın heç biri işləməyib: “Elə əhəmiyyətli ərazidə 8 kameranın heç biri işləməyib. Buna görə kimsə cəzalanıbmı? Niyə müdafiə tərəfinə bir cür cavab verilir, istintaq orqanına başqa cür?”.

Fəxrəddin Mehdiyev müvəkkilinin AXCP üzvü olduğunu vurğulayıb. Onun haqqında Qaradağ Rayon Məhkəməsində çıxarılmış 4 il azadlıqdan məhrumetmə hökmünün qanunsuz, əsassız və ədalətsiz olduğunu deyib: “Zamin Salayev çox dəyərli insandır. Nəzərə almaq lazımdır ki, məhkəmənin bir şəxsə münasibətdə yol verdiyi ədalətsizlik bütövlükdə cəmiyyətə qarşı ədalətsizliyidir. İnsan öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmamalıdır”.

Zamin Salayev özü də məhkəmədə çıxış edib. O bildirib ki, həbsinin səbəbi ölkədə narkotik satışının başında polisin dayanması haqda səsləndirdiyi fikirlərdir:

Mən özümü təqsirkar, cinayətkar saymıram. Mən AXCP üzvüyəm, buna görə fəxr edirəm. Azərbaycan hakimiyyətinin AXCP üzvlərini görən gözü yoxdur. Ölkədə narkomaniya baş götürüb gedirdi. Bu bəla hər birimizin övladının başına gələ bilər. Mən də buna qarşı mübarizə aparırdım. Buna görə buradayam. Demişəm ki, narkotik satışının başında polis dayanır. Bu sözlərimə görə şərlənib tutulmuşam”.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror isə Zamin Salayevin təxribat nəticəsində şərlənib həbs olunması haqda deyilənlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, istintaq zamanı kamera görüntülərinin alınmasına cəhd olunub, lakin nəticə əldə etmək mümkün olmayıb.

Vəkillərin şübhə ilə yanaşdığı məqamlardan biri də polislərin qısa müddətdə hadisə yerinə gəlməsilə bağlı idi. Prokuror bu məsələyə də münasibət bildirib.

“Polislərin tez gəlməsi də normaldır. Çünki hadisə gecə olub. O zaman tıxac olmur. Yollar boş olur. Belə təqdim olunur ki, sanki böyük bir qrup Zamin Salayevi izləyib, təxribat hazırlanıb… Belə hallar kinolarda olur”, – prokuror əlavə edib.

O, çıxışının sonunda hökmün qüvvədə saxlanmasını istəyib.

Hakimlər də bir neçə dəqiqəlik müşavirədən sonra hökmün qüvvədə saxlandığını elan edib.

Zamin Salayevin vəkilləri Fəxrəddin Mehdiyev və Nemət Kərimli. Foto: Meydan TV

Vəkillər Meydan TV-yə bildirib ki, apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Zamin Salayev qanunsuz və əsassız həbsdə saxlandığını bildirərək, fevraldan başlamaqla, 114 gün aclıq etmişdi. Vəkillərinin bildirdiyinə görə, həmin aclığın fəsadları hələ də onun üzərində qalır. O, böyrəklərində və dizlərində kəskin ağrılardan əziyyət çəkir.

AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir. Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunan Salayev Qaradağ rayon Məhkəməsinin hökmüylə 4 il azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Zamin Salayev bildirib ki, bu ittiham yalan olmaqla, həbsi əvvəldən planlaşdırılmış təxribatdır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında həmin ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün taksiyə doğru gedərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli polis çıxıb və onu tutub aparıb.

Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button