Now Reading:
Zindanda əsirlik həyatı yaşayan Rüfət Səfərova

Zindanda əsirlik həyatı yaşayan Rüfət Səfərova

Mətləb Mütəllimli, istiqlalçı millət vəkili

Açıq məktub

Əzizim Rüfət bəy!

Bilirəm, indi sənə yazdığım bu məktubu heç cür oxuya bilməyəcəksən. Ona görə ki,hal –hazırda sən ömrünün ən ağır, çətin günlərini yaşayırsan,9 saylı cəzaçəkməəssəsindəki növbəti qanunsuz karsdasan. Artıq 2-ci ildir ki,bütün qanunlara tüpürülən bu ölkədə təkcə cəza çəkmirsən, girovluq,əsirlik həyatı yaşayırsan. Əsirliyin buynuzu olmur ki? Hər şey ondan başladı ki, hüquq mühafizə orqanlarında, o cümlədən, çalışdığın prokurorluq sistemində olan qanunsuzluqlara,özbaşınalıqlara etiraz əlaməti olaraq müstəntiq vəzifəsindən istefa verdin. Bəli,bu hərəkətinlə sən, sözün həqiqi mənasında , hakimiyyəti şoka saldın. Bu işi belə qoymaq olmazdı, qoymadılar da, əks halda, neçə– neçə belə istefalar ola bilərdi ki,bu da sonda hakimiyyəyin iflası demək idi. Siyasi tapşırıq alan Baş prokuror Z.Qaralov qısa bir müddətdə sənin işini düzüb qoşdu, yaxın keçmişdə ən yaxşı müstəntiq kimi Fəxri fərman verdiyi səni “rüşvətxor” elan etdi və tələsik həbs etdi.Çox keçmədi həbsini sifariş vermiş siyasi rəhbərlik, “humanistlik” nümayiş etdirdi- ev dustağı edildin və susmağın müqabilində ən yüksək vəzifə təklif edildi. Onlar elə hesab etdilər ki, həbslə səni qorxudacaq, demokratiya, insan azadlıqları ilə bağlı fikirlərindən daşındıracaq , ən yüksək vəzifə verməklə ömürlük səni gözü kölgəli edəcəklər. Axı , onların təcrübəsində nə qədər belə hallar olmuşdur ki,illərlə həbsxanada çürüdüb neçə-neçə zəif iradəli insanları heykəlin qarşısında sınmağa məcbur etmiş, sonra da ömürlük özlərinin süfrəsinin pişiyinə çevirmişlər. Anan Tahirə xanımın südü sənə halal olsun ki, şərə,böhtana , zülmə boyun əymədin, saf gələcəyini məhv etmədin, bir çoxları kimi nəfsinin quluna çevrilmədin.Bu onları daha da qəzəbləndirdi, heç bir sübut olmadan sənə 9 il iş kəsildi. Bu qəddarlıq da onların ürəyini soyutmadı,səni cəzaçəkməəssisəsində də rahat buraxmadılar. Sənin hər addımını izləyir, sənə qarşı müxtəlif təxribatlar törədir,ağır cinayətlərə görə cəza çəkən məhbusları sənin üzərinə qaldırdılar və indi də qaldırırlar. Əzizim Rüfət bəy! Başa düşürəm, sən hüquq mühafizə orqanlarında ilkə imza ataraq baş verən qanunsuzluqlara etiraz edib istefa verəndə elə bilirdin ki,sivil bir mübarizəyə qoşulursan, mərdi-mərdanə ideoloji döyüşdə iştirak edəcəksən.Nə yazıqlar ki,çoxları kimi sən də zənnində yanıldın, bu hakimiyyətin mahiyyətini olduğu kimi qiymətləndirmədin.Bu hakimiyyət heç vaxt sivil ideoloji mübarizə nə olduğunu bilməmiş, həmişə zora arxalanmış , qanun adı ilə saysız hesabsız qanunsuzluqlar törətmişdir. Bəli,necə deyərlər,divin canı şüşədə olduğu kimi, bu gözə kül üfürən hakimiyyətin də canı yalandadır,saxtakarlıqdadır. Əgər, bu belə olmasaydı, xalqın kütləvi surətdə yoxsulluq həddində yaşamasına baxmayaraq qırmızı-qırmızı yoxsulluğun cəmi 5 faiz olduğunu tirajlamazdılar,kütləvi işsizlik olduğu halda, işsizliyin də cəmi 5 faiz olduğunu deməzdilər. Düzünü bilmək istəyirsənsə,əslində bilirsən də, bu cəzaları sənə heç də 9 saylı cəzaçəkməəssisəsinin rəisi Baba Əsgərov verməyib. Bu cəzanı sənə heç Penitensiar Xidmətinin Rəisi Ceyhun Həsənov da verməyib. Açığını desək bu cəza heç ədliyyə naziri, ailənin yaxın qohumu olan Fikrət Məmədovluq da deyil. Bu cəzalar birbaşa “Qurani-Kərim”ə əl basıb, sənin, mənim, hamımızın hüquqlarını qoruyacağına and içən, beynəlxalq kürsülərdən Azərbaycanda insan hüquq və azadlıqlarının tam qorunduğunu bəyan edən,əslində isə,torpaqlarımızın işğaldan azad edilməməsinə, millətin sərvətlərinin çapılıb talanmasına,bu rejimin cinayətlərinə etiraz edənlərin həyatının alt-üst edilməsinə yönələn tapşırıqlar bir nəfərdən- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəlir.

Əziz Rüfət bəy! Azərbaycanın müstəqilliyində xırda da olsa xidmətləri olan, Müstəqillik Aktına imza atan şəxs kimi sənə və sənin kimi xalqın həqiqi azadlığı üçün mübarizə aparan gənclərə xitabən deyirəm ki, çətinliklərə mərdliklə sinə gərin,millət yolunda qarşılaşdığınız bütün əzabları,işgəncələri Allahdan pay kimi qəbul edin və bu haqq yolunuzda tezliklə arzularınıza çatacağınıza əmin olun. 

Bu müqəddəs və şərəfli işinizdə bütün uğurlar sizin olsun. Allah tezlilə qapınızı açsın,cənab gələcəyin Baş prokuroru Rüfət Səfərov !

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.