Siyasət

Əli Kərimlinin mühafizəçisinin 14 gündür həbsdə aclıq etdiyi bildirilir

AXCP sədri: “İlham Əliyev unutmasın ki, Niyaməddin Əhmədovun həyatına görə şəxsən o, məsuliyyət daşıyır…”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun 14 gündür quru aclıq etdiyi, nəticədə səhhətinin kəskin pisləşdiyi bildirilir. AXCP-dən Meydan TV-yə verilən məlumata görə, Niyaməddin Əhmədov artıq sərbəst hərəkət edə bilmir. Buna baxmayaraq, o, quru aclığı davam etdirməkdə israrlıdır.

2020-ci ilin mayından Bakı İstintaq Təcridxanasında saxlanılan AXCP fəalı sentyabrın sonunda Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsinə (“Tubzon”) köçürülüb. Onun səhhəti pisləşib, COVİD-19 əlamətləri müşahidə ediləndən sonra test olunub. Sentyabrın 30-da testin cavabının pozitiv olduğu, cəbhəçi gəncin koronavirusa yoluxduğu aşkarlanıb.

“Niyaməddin Əhmədov prokurorun məhkəmədə qanunsuz və əsassız olaraq, ona 15 il cəza tələbindən sonra aclığa başlayıb. Hətta su belə qəbul etməyib. Virusa yoluxduğu aşkarlanandan sonra da iynə-dərman qəbulundan imtina edib. Aclığa sentyabrın 22-dən başlayıb. Sentyabrın 25-də bu barədə ərizə də yazıb. Bu müddətdə quru aclıq edib. Yalnız oktyabrın 3-də bir dəfə su içib. Vəziyyəti çox ağırdır. Ayaqları tutulub, hərəkət edə bilmir”, – partiyadan bildirilib.

AXCP sədri Əli Kərimli mühafizəçisinin həyatının təhlükə altında olduğunu, onunla bağlı hər hansı xoşagəlməz hadisəyə görə birbaşa dövlət başçısı İlham Əliyevin məsuliyyət daşıdığını deyir:

“Qarşılaşdığı dəhşətli haqsızlıq qarşısında Niyaməddin bəy faktiki olaraq intihar yolunu tutub. Artıq aşağı ətrafları hərəkət edə bilmir. Niyaməddin bəyi əsir almış namərdlər, zalımlar isə onu hər gün bir az da ölümə yaxınlaşdırırlar.

İlham Əliyev unutmasın ki, Niyaməddin bəyin həyatına görə şəxsən o, məsuliyyət daşıyır…”

Əli Kərimli eyni zamanda, Niyaməddin Əhmədova müraciət edərək, onu aclığı dayandırmağa çağırıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov oktyabrın 1-də Niyaməddin Əhmədovun aclıq etməsi haqda açıqlamasında bu məlumatı təkzib edib. O bildirib ki, cəbhəçinin aclıq aksiyası keçirməsi barədə deyilənlər həqiqətə uyğun deyil: “Həmin şəxs aclıq aksiyası keçirmir, səhhətində də hər hansı narahatlıq yoxdur”.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona karantin rejimini pozma ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib. Bu cəza bitdiyi gün barəsində Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə cinayət işi başlanıb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, bəzən də təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. İddia edilir ki, Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyir, bu məqsədlə həmkəndlisi olan Niyaməddin Əhmədova pul göndərib.

Niyaməddin Əhmədov isə ittihamı rədd edir, Əli Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırıldığını, onun əleyhinə ifadə verməsi üçün ağır işgəncələrə məruz qaldığını deyir.

Məhkəmədə dindirilən şahidlər də bildirib ki, Qabil Məmmədov Azərbaycandan köçəndə bir çox adama, o cümlədən həmkəndlilərinə borcu vardı. Sonradan Almaniyadan hissə-hissə pul göndərərək, borclu olduğu adamlara çatdırılmasını istəyib. Niyaməddin Əhmədova da borcunun bir hissəsini qaytarıb.

Buna baxmayaraq, prokuror sonuncu məhkəmə iclasında çıxışında Niyaməddin Əhmədova 15 il həbs cəzası verilməsini istəyib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button