2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

68 yaşlı qadının vəhşicəsinə ölümü: ata ilə oğlu üz-üzə – qatil kimdir?

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Şahbaz Xəlfəyev oğlu ilə birlikdə bacısı Rəfiqə Ağayevanı amansızlıqla qətlə yetirməkdə təqsirləndirilirlər.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər, şahidlər və qətlə yetirilən şəxsin hüquqi varisi ifadə verib. Məhkəmədə prokuror Fərid Nağıyev ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verib. İlk olaraq ata ilə oğul elan olunan ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.  Prosesdə qətlə yetirilən Rəfiqə Ağayevanın qızı Seynal Ağayeva ifadə verib. O, qətldə qardaşından, qardaşı oğlundan və qardaşının həyat yoldaşından şübhələndiyini bildirib.
Şahid deyib ki, uzun zamandır, anası Rəfiqə qardaşı Şahbaz tərəfindən təzyiqlərə, hədə-qorxulara məruz qalıb: “İstəyirdilər ki, anamı evdən çıxarsınlar. Anam da ata evi idi deyə çıxmaq istəmirdi. Danışanda deyirdi ki, onu döyürlər, incidirlər. Mənim Şahbaz və oğlu İslamla münasibətim yaxşı idi. Deyirdim ki, anamla işiniz olmasın, yaşlı qadındır ölüb gedəcək. Tək övladı mənəm, mənim də evim var. Şahbazın arvadı Şəhla evdən çıxıb getmişdi. Sonra qayıtdı. Nə baş verdisə, o gələndən sonra oldu. Bir müddət sakitçilik idi. Ancaq mən nəsə olacağından şübhələnirdim”.
Seynal Ağayeva hadisədən iki gün sonra eşitdiklərini də məhkəmədə danışıb: “Hadisə olan gün Şahbazı şübhəli kimi tutdular. Sonra isə buraxdılar. Həmin gün biz də o evdə idik. Yas saxlayırdıq. Axşam Şəhla ilə Şahbazın söhbətini eşitdim. Şahbaz Şəhlaya dedi ki, “nə vecinə, siqaret damağında, çay da qabağında. Ara yerdə mənim oğlum getdi”. Şəhla isə cavab verdi ki, “gərək onu öldürməzdik. Ayaqlarını sındırardıq”. Mərhumun qızının ifadəsindən sonra təqsirləndirilən İslam atası Şahbaza üzünü tutaraq bu sözü həqiqətən də deyib-demədiyini soruşub. İslamla atası arasında bu sözə görə mübahisə yaranıb.
Təqsirləndirilən İslam Xəlfəyev ifadəsində hadisədən xəbərsiz olduğunu və istintaqa ifadəsini təzyiq altında verdiyini deyib: “Mən o qədər aciz deyiləm ki, yaşlı qadını o şəkildə öldürüm. Bibimlə münasibətin elə də yaxşı olmasa da, bu işi mən eləməmişəm. Axşam evdə deyildim. Gecə evə gəldim. Səhər oyananda bundan xəbər tutduq. İlk ifadəmi təzyiq altında verdim. Dedilər ki, boynuna almasan, ananı da tutacağıq. Mənə işgəncə də verilib. Atam da döyülüb. Mən meyiti görəndə tanımadım. Heç kişi ya da qadın olduğunu bilmədim”.
Digər təqsirləndirilən Şahbaz Xəlfəyev hadisədən xəbəsiz olduğunu, bacısını qətlə yetirmədiyini deyib.
Məhkəmədə növbəti ifadə verən şəxs Xəyalə Ağayeva olub. O, mərhumun nəvəsi, Seynal Ağayevanın qızıdır. X.Ağayeva ifadəsində nənəsinin dayısı Şahbaz tərəfindən təzyiqlərə məruz qaldığını, torpaq üstündə dəfələrlə döyüldüyünü söyləyib.
Adı cinayətdə hallanan Şahbaz Xəlfəyevin arvadı Şəhla da məhkəmədə şahid qismində dindirilib. O, ifadə verərkən hadisədə oğlunun əlinin olmadığını, qətli əri Şahbazın törətdiyini açıqlayıb.
O, bunu belə izah edib ki, əri ondan qisas almaq üçün bu hadisəni törədib: “Şahbaz mənə ər olmayıb. Münasibətimiz heç olmayıb. Mən evdən getmişdim. İki ay əvvəl evə qayıtdım. Məni inandırdı ki, balaca oğlumuzu sünnət etdirəcəyik. O, qətli törədib mənim üstümə atmaq istədi. Günahsız yerə oğlum içəri düşdü”.
Hakim bildirib ki, ekspert rəyində Şəhla Xəlfəyevanın saçının mərhumun əlində olduğu qeyd edilib.
Dövlət ittihamçısının sualını cavablandıran Şəhla Xəlfəyeva ölən qadının əlində onun saçlarının olmasını belə izah edib: “Şahbaz mənim saçlarımı onun əlinə qoyub. Darağın üstündən saçımı götürüb. Oğlum günahsızdır. Şahbaz məndən qisas almaq üçün belə edib. Hadisə günü meyiti də Şahbaz görüb. Səhər çölə çıxanda qayıdıb gəldi ki, həyətdə meyit var. Mən də çıxdım, ayağını gördüm. Amma baxmadım. Qorxub içəri girdim. Kim olduğunu bilmədik. Sonra İslamın telefonundan bibisi Rəfiqəyə zəng elədik. Telefon meyitin üstündə idi. Səs oradan gələndə bildik ki, ölən baldızımdır”.
Dövlət ittihamçısı deyib ki, Şəhla Xəlfəyeva müstəntiqə ikinci ifadəsində qətli ərinin və oğlunun törətdiyini deyib: “Demisiniz ki, İslam vurdu. Daha sonra isə Şahbaz “sən vura bilmirsən” deyib, özü vurdu”.
Şəhla Xəlfəyeva isə söyləyib ki, bu ifadəni təzyiq altında verib.
Təqsirləndirilən şəxs Şahbaz Xəlfəyevin bacısı Əsmər Xəlfəyeva isə ifadəsində qardaşı ilə baldızı arasında münasibətlərin yaxşı olmadığını və torpaq üstündə mübahisə etdiklərini bildirib: “İslam axşam bizdə idi. Sonra evə getdi. Onlar arasında mübahisə olurdu”.
Təqsirləndirilən Şahbazın 7 yaşlı oğlu Bilal da məhkəmədə ifadə verib. O, hadisə baş verən gün qardaşı İslamla birlikdə bibisigildə olduğunu, axşam evə qaytıdığını və səhər hadisədən xəbər tutduğunu bildirib. istintaqı yekunlaşıb və növbəti proses sentyabrın 15-nə təyin olunub. Məhkəmə prosesinin sonunda, məhkəmənin çıxışında təqsirləndirilən şəxsin qohumları ilə zərərçəkmişlərin qohumları arasında əlbəyaxa dava baş verib.
Xatırladaq ki, hadisə bu il yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında baş verib. Qeyd edilən ünvanda üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti aşkarlanıb. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib. Həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Ş.Xəlfəyev və 1991-ci il təvəllüdlü İ.Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23:00 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.
Qeyd edək ki, küt alətdən başa endirilən zərbələrdən meyit tanınmaz vəziyyətə düşüb.
İ.Muradov, Musavat.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button