2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev: “Jurnalistlərin həbsi qanun çərçivəsində aparılır” |

“Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər?!”

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə media azadlığının təmin edildiyini, senzuranın olmadığını, azad internetin və yüzlərlə media orqanının fəaliyyət göstərdiyini bildirib.

Əliyev bu barədə aprelin 26-da Almaniya Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında alman jurnalistin azərbaycanlı həmkarı İmran Əliyevin həbsilə bağlı sualını cavablandırarkən belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun fikrincə, Azərbaycanı medianın inkişafını əngəlləmək istiqamətində addımlar atmaqla tənqid etmək ədalətsizlik olardı:

“Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər?! Fərdi hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir və əgər xaricdən qanunsuz hansısa vəsait alan media nümayəndəsi istintaqa cəlb edilibsə, bu, medianın azad olmadığını anlamına gəlməməlidir. Sadəcə, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir”.

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Biz sözlə, Azərbaycanda azad cəmiyyət var, insanlar şəkildə qururlar, yaşayırlar, o cümlədən, media nümayəndələri də”, – deyə Əliyev əlavə edib.

Kansler Olaf Şolts İlham Əliyevlə danışıqları çərçivəsində insan hüquqları məsələsinə ətraflı toxunduqlarını bildirib.

O deyib ki, Almaniya insan hüquqlarına öz töhfəsini göstərir:

Təbii ki, hər bir ölkədə azad mətbuat olmalı, insan hüquqları pozulmamalıdır, bu, ümumi vəziyyətdir. Əlbəttə, sirr deyil ki, müxtəlif ölkələrin vəziyyəti yaxşılaşdırmaq potensialı var”.

Əliyev “Mikroskopmedia”nın həmtəsisçisi Fatima Kərimovanın müharibədən sonra Qarabağda bərpa işlərinə milyardlarla manatın yatırılması, amma layihələrlə bağlı bir çox detalların ictimaiyyət və media üçün şəffaf olmaması ilə bağlı sualına isə belə cavab verib:

Əslində, sualınız təəccüb doğurur. Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri maksimum şəffaf aparılır. Ayrılan vəsaitlə bağlı ictimaiyyətə, o cümlədən, media nümayəndələrinə məlumat verilir. Sirr deyil ki, bu yaxınlarda verilən məlumat işin həcminin geniş miqyaslı olduğunu göstərir. Müharibə başa çatandan sonra bu ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, hardasa 7 milyard dollar vəsait yatırılır və yatırılacaqdır. Bütün görülən işlər göz önündədir, tender prosedurlarına tam əməl edilir”.

Mən sözün düzü bilmirəm sizdə bu məlumat hardandır? Yəqin ki, hansısa dəqiqləşdirilməmiş mənbədən götürürsünüz, amma azad edilmiş ərazilərə media turları təşkil edilir. O cümlədən, xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Əgər sizin imkanınız olsaydı, görərdiniz ki, Ermənistan bizim torpaqları necə viran qoyub və bu gün ərazilərə qayıdan insanlar hansı sevinc hissilə yaşayırlar. Müharibədən cəmi 3,5 il vaxt keçib, artıq 6 min keçmiş köçkün dədə-baba yurdlarına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq. Hər qayıdan insan Azərbaycan ordusuna, rəhbərliyinə minnətdarlıq hissilə qayıdır. Bilirəm ki, Azərbaycan mediasının mütləq əksəriyyəti bizim fəaliyyətimizi bəyənir, dəstəkləyir və görülən işləri də təqdir edir”, – deyə o qeyd edib.

Azərbaycanın Prezidenti İlham Əliyev Almaniyaya səfər edib.

Dövlət başçısı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

Ardınca isə Almaniyanın Kansleri Olaf Şoltsla təkbətək görüşüb.

Əliyev bir sıra beynəlxalq tədbirlərdə dəfələrlə Azərbaycanda internetin və medianın azad olduğunu deyib.

Bəs gerçək mənzərə necədir?

Azərbaycanda mediaya təzyiqlər: İmran Əliyevin həbsi…

“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Türkiyəyə gedərkən saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib.

Gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb.

Bütün bunlar baş verməmişdən öncə – aprelin 18-də günorta saatlarında hökumətyönlü mediada, o cümlədən “Qafqazinfo” saytında müstəqil media və jurnalistlərin əleyhinə material yayımlanıb.

Həmin məqalədə “Meclis.info” saytı və İmran Əliyevin ünvanına da ittihamlar yer alıb.

İmran Əliyev isə orada yazılanların absurd və uydurma olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti İmran Əliyevin işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edib, qurumdan bildirilib ki, deyilənlər əsassızdır.

“AbzasMedia” işi

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər ötən il noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“Kanal 13”-ə təzyiqlər…

“AbzasMedia”dan sonra “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və bu qurumun əməkdaşı Şamo Eminov da qaçaqmalçılıq ittihamıyla həbs olundu. Hazırda onların işi üzrə istintaq Səbail rayon Polis İdarəsində davam edir.

“Toplum TV” işi

Martın 6-da isə “Toplum TV” kanalının bir qrup əməkdaşı eyni ittihamla həbs edilib.

“Toplum”un redaksiyasından və ayrı-ayrı əməkdaşların evindən axtarış zamanı müxtəlif məbləğlərdə pul tapıldığı iddia olunur.

Onlar isə bu ittihamı rədd edir, tapıldığı iddia edilən pulların evlərə və ofisə axtarışı aparan polislərin özləri tərəfindən qoyulduğunu bildirirlər.

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button