2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

80 manat müavinət alan ailəyə 190 manat yardım düşmür


Koronavirus infeksiyasına yoluxmalardakı kəskin artıma görə, Azərbaycanda yenidən sərt karantin tədbirlərinə başlanıb. Dekabrın 14-dən etibarən ( yanvarın 18-nə kimi davam etməlidir) həyat əhəmiyyətli sahələr istisna olmaqla ölkədə iş və xidmətlər dayandırılıb.

İş yerlərinin qapadılması, evdən çıxmağa qoyulan məhdudiyyət özünü yoxsul sayan ailələrdə narahatlığa səbəb olub. Çünki demələrinə görə, adi vaxtlardan fərqli olaraq onların gündəlik çörək pulu qazanmaq imkanları da məhdudlaşır.

Hökumət rəsmi gəliri olmayan (işsiz və ya işini itirən) təqribən 600 min vətəndaşa birdəfəlik yardım edəcəyini açıqlayıb.Bu proses aprel,may aylarında da həyata keçirilib. Daha sonra isə 3 dəfə də karantinin sərtləşdirildiyi bəzi bölgələrdə (ölkədə martın 24 -dən karantindir.Bu müddət ərzində rejim zaman-zaman sərtləşdirilib və yumşaldılıb) birdəfəlik yardım verilib. Amma bu qərardan bəzi ailələr narazıdırlar.

Saytların yığılması Saytlarin yigilmasi

“Hamı qorxu, çaşqınlıq içindədir…”

İmişli şəhər sakini Mahirə Abbasova deyir ki, həyat yoldaşı vəfat edəndən sonra yetkinlik yaşına çatmayan oğluna bir valideynini itirməyə görə, ayda 80 manat müavinət verilir. Rəsmi gəlirlərinin olmağına görə, onlara 190 manatlıq birdəfəlik yardımın düşmədiyi deyilib.

Mahirə Abbasova vurğulayır ki, “heç adi vaxtlarda da ehtiyaclarını 80 manatlıq yetim pulu ilə qura bilmirdilər”. O, buna görə,imkanlı adamların evində mənzil-məişət işləri gördüyünü söyləyir:

“Kiminin evini təmizləyir, kiminin paltarlarını yuyuram. Əvvəllər 20 manata gördüyüm işlərə görə indi 10, bəzən hətta 5 manat verirlər. Çoxları virusa yoluxmaqdan ehtiyat etdiyindən evinə kənar şəxs buraxmaq istəmirlər. Hamı qorxu, çaşqınlıq içindədir. Bu yandan da maddi sıxıntılar…”

Evdə nə qızdırıcı var, nə də soyuducu…

Mahirə Abbasova bildirir ki, işsiz qalmağına, yaşadığı yerdə əməyin dəyərinin aşağı olmağına görə, bu ilin yanvarında Türkiyəyə gedibmiş:

“Getmək üçün nə sənədlərimiz qaydasındaydı, nə də yol pulum vardı. Ev əşyalarımı- soyuducunu, televizoru, divan-kreslonu satdım. Türkiyəyə çatan kimi orada yaşayan qohumlarımın köməyi ilə işə düzəldim. Təzəlikcə özümə pul toplamağa başlamışdım ki, pandemiya başladı. Bir müddət işsiz qalıb gözlədim. Düzü, buradakı vəziyyəti bilib geri dönmək istəmirdim. Oğluma hərbi çağırış gəlmişdi deyə qayıtmalı olduq.”

Abbasovlar ailəsi daha televiziyaya baxa bilmir, soyuducudan istifadə etmirlər. Son xəbərləri qonşulardan eşidirlər. Qış qapını döysə də, hələ soba qurmayıblar. İndiyədək işlətdikləri qaza görə borc 170 manata çatıb. İşıq, su, hətta zibil pulu da aylardı üst-üstə yığılır…

Ananın arzusu

Tənha ana bir yandan sərtləşdirilən karantinə, o biri yandan da oğlunun hərbi xidmətə yollanacağı günün yaxınlaşmasına görə çox fikir etdiyini söyləyir:

“Yeganə övladım olduğundan istəyərdim yaxşı süfrə açım, iki-üç dostu ilə qeyd edək. Andiçmə vaxtı bütün valideynlər övladları ilə görüşə gedirlər. Niyə mənim oğlum yoldaşları yanında boynu bükük olmalıdır? Çox istəyərdim oğlumla hərbi hissədə xatirə üçün şəkil çəkdirəm. Hərbi xidmət dövlət qarşısında borcdur. Amma dövlət də gərək vətəndaşına layiqincə baxa…”

Yardım kimlərə verilir?

M.Abbasovun bu dediklərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-ndən münasibət almaq mümkün olmayıb. Əslində, koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirini azaltmaq adı ilə Azərbaycan hökuməti bu ilin martın 19-dan bir sıra tədbirlər həyata keçirir. Rəsmilər görülən işləri yüksək qiymətləndirirlər. Onlar deyirlər ki, bütün mənbələr hesabına iqtisadiyyata bu dövr ərzində bütövlükdə 3,5 milyard manat həcmində sosial-iqtisadi yardım paketi müəyyən edilib. Görülən işlərdən biri də sərt karantin rejimi tətbiq olunan yerlərdə 190 manat məbləğində birdəfəlik ödəmə verilməsidir. Bu yardım işsiz, işaxtaran kimi qeydiyyatdan keçmiş şəxslər üçün nəzərdə tutulub.

Ünvanlı dövlət sosial yardımı, aylıq müavinət alanlar, əmək pensiyaçıları, təqaüdçülərə bu yardım verilmir. Habelə, “Özünüməşğulluq” proqramı çərçivəsində əmlak, kənd təsərrüfatı üzrə subsidiya alanlar, vergi ödəyicisi kimi qeydiyyatdan keçənlər də bu sıraya daxil edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 195 min 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktının müəyyən edildiyi, onlardan 2 min 133 nəfərin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button