2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yaşıl meydandakı “qara dəlik”

“Azərbaycanda futbol yoxdur”, “Azərbaycan futbol ölkəsi deyil” cümlələrini çox eşitmişik. Düzdür, futbolumuzda problemlər boğaza qədərdir, saymaqla bitməz. Amma bu, “Azərbaycanda futbol yoxdur, olmayacaq da” deməyə əsas vermir. Ən azından, “Qarabağ” komandasının illərdir avrokuboklarda davam edən uğurlu nəticələri beynimizə yeridilən yuxarıdakı fikirləri alt-üst edib. Kim inanardı ki, vaxt gələcək, Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində yer alacaq? Heç kim! Amma “Qarabağ” bunu bacardı və bizi inandırdı ki, Azərbaycanda futbol var, olacaq da…

“Filan ölkə futbol ölkəsi deyil” fikri çoxdan əhəmiyyətini itirib. İslandiya və Şimali İrlandiya kimi yığmaların mötəbər turnirlərdəki çıxışları, Lüksemburqun timsalında “cırtdan ölkələr”də də futbolun inkişafı onu göstərir ki, məkanından asılı olmayaraq, düzgün və sistematik işin sayəsində hər yerdə irəliləyişə nail olmaq mümkündür.

Saytların yığılması Saytlarin yigilmasi

Bir güllə bahar olmaz

“Azərbaycanda futbol yoxdur” deyimindənsə, “Azərbaycan futbolu niyə bu gündədir” cümləsi daha məntiqli və kəsərli səslənir. Axı bir güllə bahar olmaz. Futbolumuzun yükünü tək “Qarabağ” daşımamalı, digər klublar və ən əsası milli komanda əlini daşın altına qoymalı, pərakəndə yox, sistemli uğurların izinə düşməlidir. Bəs niyə külli miqdarda vəsait xərcləndiyi halda bunu etmək mümkün olmur?

Azərbaycan futboluna birbaşa cavabdeh olan qurum AFFA-dır. SOCAR hər il milyonlarla pulu futbol qurumuna ayırır. Ayırır ki, AFFA ölkə futbolunun inkişaf strategiyasını müəyyənləşdirsin və görülən iş bəhrə versin. Amma Azərbaycan futboluna rəhbərlik edənlərin yarıtmaz siyasəti və bacarıqsızlığı buna mane olur. Köklü islahatlar olmasa, mane olmaqda da davam edəcək…

73-dən 121-ə: Malavidən də geridəyik

Son 11 ildə Dövlət Neft Şirkəti AFFA-ya 133 milyon manat dəyərində maliyyə dəstəyi olub. Xərclənən bu qədər vəsaitin qarşılığında yığmamız qabağa getmək əvəzinə, gündən-günə geriləməkdədir. Hazırda FİFA reytinqində 121-ci pillədəyik. Lüksemburq, Kipr və Kosovo milliləri bir yana, hətta Malavi, Mozambik, Fələstin, Vyetnamdan da geridəyik. 2014-cü ildə reytinqdə 73-cü pilləni gördüyümüz halda, bu gün bu mövqedə qərarlaşmağımızın günahkarı kim(lər)dir? Bəs AÇ-2020 və DÇ-2022-nin seçmə mərhələlərini cəmi 1 xalla bitirməyimizin günahkarı kim(lər)dir? Əlbəttə, AFFA və bu qurumun rəhbər postlarında əyləşənlər!

Gəlirlər, xərclər, 1 xal və AFFA-ya qiymət

AFFA-nın 2021-ci ildəki gəlirləri 26 636 579 manat, xərcləri isə 21 845 243 manat təşkil edib. Gəlirlərin 12 000 000 manatı SOCAR-dan, 5 016 000 manatı UEFA-dan, 5 742 346 manatı yayımdan, 2 923 188 manatı FIFA-dan, 47 200 manatı “Coca Cola”dan, 16 874 manatı UNİCEF-dən, 236 000 manatı Paşa Sığortadan, 123 900 manatı “Procter and Gamble”dən, 530 646 manatı isə digər mənbələrdən daxil olub.

Bu, AFFA-nın son Hesabat Konfransında açıqlanan rəqəmlərdir. Məşhur “Ac həriflər” tamaşasında ölməz sənətkar Yaşar Nurinin dediyi kimi: “Ə, noolsun?!” Ortada nəticə olmayandan sonra bu rəqəmlərin hamısını sıfırlamaq lazımdır. Yığma komandanın seçmə mərhələlərdə yığdığı 1 xalın qarşılığında AFFA-nın gördüyü işə “0” düşür.

Əvvəl uşaq məşqçiləri, sonra futbolçu…

Uğur qazanmaq üçün təməli düz qoymaq lazımdır. “İdmanın şahı”nın təməli isə uşaq futboludur. 7-dən 77-yə hər kəs başa düşür ki, Azərbaycan futbolunun ən yaralı yeri məhz uşaq futboludur. İllərdir bu barədə danışılır, hazırkı vəziyyət tənqid edilir, amma heç cür tənqidlərdən nəticə çıxarılmır və ya nəticə çıxartmaq istəmirlər.

Azərbaycan əksər sahələrdə istedadlar üzə çıxarıb, futbol da onlardan biridir. Bəli, 20 il əvvəllə müqayisədə indi məhəllədə futbol oynayan uşaqların sayı xeyli azalıb. Amma bu o demək deyil ki, Azərbaycan futbolunda istedadlı uşaqlar yoxdur. Var! Sadəcə, onları üzə çıxarıb düzgün yetişdirməyi bacarmırıq. Buna görə də biz futbolçudan öncə uşaq məşqçiləri yetişdirməliyik. Milli komandaların “sükanı arxası”na əcnəbiləri gətirməkdənsə, klubların akademiyalarına (varsa) işinin peşəkarı olan xarici məşqçilər dəvət etməliyik, onlar isə bildiklərini azərbaycanlı məşqçilərə öyrətməlidirlər. Bunu etsək, 5-10 il ərzində uşaq futbolunda güclü mütəxəssislərimiz üzə çıxa bilər. Yerli məşqçilərə normal məvacib verilməlidir ki, ötənlərin təcrübəli oyunçuları da uşaq futbolunda çalışmağa razılaşsınlar.

Özünə komanda tapa bilmir, futboldan gedir

Digər sahələrdə olduğu kimi, futbolda da problemlər zəncirvaridir, hamısı bir-birinə bağlıdır. Təbii ki, xaricdən bacarıqlı uşaq məşqçiləri gətirmək üçün yaxşı büdcən, infrastrukturun, akademiyan olmalıdır. Bu gün Azərbaycan klublarından neçəsinin akademiyası var? Neft ölkəsi olduğumuz halda, cari mövsüm də daxil olmaqla, son 6 mövsümdə Premyer Liqada 8 komanda iştirak edir. Buna nə ad vermək olar? Nəhayət, son Hesabat Konfransında yeni mövsümdən elitada 10 komandanın çıxış edəcəyi bildirildi. Amma bu da qaneedici deyil. Klubların sayı nə qədər çox olsa, bir o qədər yerli oyunçu özünü göstərmək imkanı qazanar. İllərini futbola həsr edən nə qədər uşaq gəlib bir mərhələyə çatandan sonra özünə komanda tapa bilmir. Bəs onlar harada şans qazanmalıdırlar? Nə qədər istedadlı uşaq kənarda qaldığı üçün peşəkar karyerası başlamamış futboldan gedib, daha doğrusu, getməyə məcbur qalıb.

İş adamlarımız futbola maraq göstərmirlər

Bizdə müstəqil klubların sayı tək-tükdür. 8 klubun çoxu SOCAR-ın xətti ilə maliyyələşir. Azərbaycanda iş adamları futbola maraq göstərmirlər, çünki bizdə futboldan pul qazanmaq mümkün deyil. Azarkeşlərin yerli çempionat oyunlarına marağı istənilən səviyyədə deyil, bunu əksər oyunların boş tribunalar önündə keçirilməsindən anlamaq mümkündür. Klubların bilet satışından, televiziya yayımından gəlir əldə etməsi mümkünsüzdür. Belə olan halda pul qazanmaq ümidi ancaq avrokuboklarda yaxşı nəticəyə imza atmağa qalır ki, bunun da öhdəsindən gəlmək asan deyil. İş adamları vəziyyətdən hali olduqları üçün Azərbaycan futbolundan uzaq gəzirlər.

“Bölgələrdə akademiyalar açılmalıdır”

Azərbaycanın istedadlı gənc məşqçilərindən sayılan, PRO kateqoriyalı Ayxan Abbasov ölkə futbolunun problemlərini görən və dilə gətirən şəxslərdəndir. O da belə düşünür ki, ilk növbədə, hər klubun öz akademiyası olmalıdır: “Ən çox akademiyalara güc sərf etmək lazımdır. Elə akademiyalar açılmalıdır ki, orada gənc futbolçuların hərtərəfli inkişafı üçün tələb olunan bütün şərait yaradılsın. Bundan əlavə, onların inkişaf proqramını yaxşı bilən məşqçilər olmalıdır. Son vaxtlar aşağı yaş qrupları üzrə milli komandalarımız da yaxşı nəticələr göstərmirlər. Halbuki əvvəllər aşağı yaş qrupu üzrə millilərimiz elit raundlara çıxırdılar. Bu onu göstərir ki, Avropadan çox geri qalırıq. Bu da birbaşa əsas milliyə təsir edir. İşə uşaq futbolundan, akademiyalardan başlamaq lazımdır. Xüsusən də futbolçular yetişdirmiş bölgələrdə həmin akademiyaları açmalıyıq. Tovuzda akademiyanın açılması müsbət haldır. Amma həmin akademiyadan Gəncə, Zaqatala, Qusar, Mingəçevir və Lənkəranda da açmaq lazımdır və o akademiyalara yaxın rayonlardan da istedadlı uşaqlar cəlb edilməlidir. Təbii ki, Bakıda da böyük akademiya olmalıdır. Bunları tez bir zamanda reallaşdırmaq lazımdır. Uşaqların yaxşı meydançalarda məşq etməsi, oynaması vacibdir”.

“Birinci divizionun səviyyəsi qalxarsa…”

“Sumqayıt”ın sabiq çalışdırıcısı digər problemə də toxunub. Söhbət Premyer Liqada komanda sayının azlığından gedir: “Çempionat iştirakçılarının sayı azdır. Bu səbəbdən də yerli futbolçular özlərinə komanda tapa bilmirlər, məcbur olub, digər ölkələrin aşağı liqalarına yollanırlar, bir neçə ildən sonra isə karyeralarını bitirməli olurlar. Bölgə klublarının sayı çox olmalıdır. Çünki orada azarkeş çoxdur. Bu isə futbolçuların oyunlara daha yaxşı köklənməsinə səbəb olur. Əvəzedici komandaların çempionatını birinci diviziondan ayırmaq lazımdır. Bundan əlavə, birinci divizionun da səviyyəsini qaldırmalı, rəqabətli çempionat yaratmalıyıq. Hər il birinci diviziondan Premyer Liqaya komandalar çıxmalıdır. Belə olan halda, yüksək dəstədə sonuncu olmamaq uğrunda da gərgin mübarizə gedəcək. Bu gün bir çox məşqçilərimiz kənarda qalıb. Birinci divizionun səviyyəsi qalxacağı təqdirdə, onlar niyə gedib orada işləməsinlər? Hər xırda detala fikir verilməlidir. Əks halda, irəliləyişə nail ola bilmərik”.

“Klublar təmkinli olsalar, bəhrəsini görərlər”

Ayxan Abbasov qeyd edir ki, tez bir zamanda sistemli işə başlamaq lazımdır: “Yerimizdə dayanmamalıyıq, çünki futbol hər yerdə inkişaf edir. Bütün kiçik ölkələrin futbolunda inkişaf var. Buna ən yaxşı nümunə Lüksemburqdur. Onların klubları, akademiyaları ildən-ildən çoxalır. Bunların sayəsində yaxşı nəticələr verməyə başlayıblar. Hər klubun öz fəlsəfəsi olmalıdır. Bütün işləri planlı şəkildə həyata keçirmək lazımdır. Klublar təmkinli olsalar, məşqçilərə vaxt versələr, yaxın gələcəkdə bəhrəsini görərlər. Biz bu gün zəncirvari iş görməsək, nəticə olmayacaq. Avrokuboklarda yaxşı çıxış edən komandaların da akademiyaları o səviyyədə deyil. Çox gecikirik”.

Rizvan BABAYEV

The post Yaşıl meydandakı “qara dəlik” appeared first on 24 saat.

“Yaşıl meydandakı “qara dəlik”” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button