Səbail Bələdiyyəsinin sədri məhkəmə qarşısında…
Yayımlandı: 16 Yanvar 2023 20:08
Əhməd Hüseynov 1.8 milyonluq torpaq sahələrini ələ keçirməyə cəhddə ittiham olunur
Səbail bələdiyyəsinin keçmiş sədri, 25 il bu vəzifədə işləmiş Əhməd Hüseynov indi məhkəmədə mühakimə olunur. O, dələduzluğa cəhd, saxta sənəd, vəzifə səlahiyyətlərini aşma və s. ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Yanvarın 16-da hakim Məhəmməd Əkbərovun sədrliyilə sabiq bələdiyyə sədrinin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. O, 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhddə ittiham olunur.
Əhməd Hüseynov istintaq dövründə həbsdə olmayıb. Hakimlər onun məhkəmə dövründə – hökm çıxarılana qədər də azadlıqda qalmasına qərar veriblər.
Əhməd Hüseynov haqqında cinayət işi yanvarın 25-dən mahiyyəti üzrə araşdırılacaq.
Əhməd Hüseynov növbəti məhkəmə iclasında ittiham elan olunanda buna münasibət bildirəcək.
Cinayət işi üzrə Səbail Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb.