Eynulla Fətullayev APA-dan jurnalist qovdurdu
APA-Holdinqin əməkdaşı Fərahim İlqaroğlu işdən çıxarılıb.
Buna səbəb onun virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevlə Milli Şuranın 11 sentyabrda keçirdiyi mitinq barədə mübahisəsi olub. Eynulla Fətullayev həmin mitinqlə bağlı aksiya başlamışdan əvvəl çəkilən fotolardan birini (həmin fotoda 5-10 adam əks olunur) paylaşaraq Milli Şuranın fiaskoya uğradığını iddia edib. Fərahim İlqaroğlu isə onun statusunun şərh bölməsinə mitinq vaxtı çəkilmiş fotolardan birini qoyub. Bu fotoda isə mitinqin kütləviliyi əks olunur. Bundan hiddətlənən Eynulla Fətullayev ona “Siz AXCP-də işləyirsən, yoxsa APA-da” deyə sual edib. Fərahim İlqaroğlu isə bunun məsələyə dəxli olmadığını jurnalist kimi peşə borcunu yerinə yetirdiyini diqqətə çatdırıb. Bundan sonra Eynulla Fətullayevin yazişmanı Prezident Administrasiyasına gondərdiyi və APA-Holdinqin rəhbərliyinə Fərahim İlqaroğlunu işdən çıxarmaq tapşırığı gəldiyi bildirilir.
Fərahim İlqaroğlu 24saat.org-a açıqlamasında məlumatı təqsdiqləyib. O, bildirib ki, baş verənlərdən təəssüf hissi keçirir: “Mən qanunsuz bir iş görməmişəm. Sadəcə mitinqdən çəkilən fotolardan birini paylaşmışam. Jurnalistin peşə borcu həqiqəti yazmaq və göstərməkdir. Mən bu addımımla hər hansı siyasi qüvvəyə dəstək ifadə etməmişəm. Amma təəssüf ki, buna görə məni işdən çıxardılar”.
24saat.org