2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Səlim Müslümova olan humanist yanaşmanı Əvəz Zeynallı üçün də istəyirik” |

 Vəkil bəraət verilməsini istəyib

“Xural TV” internet telekanalının rəhbəri Əvəz Zeynallı və “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun 10 aydır davam edən məhkəməsi başa çatmaq üzrədir. Onların işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Fevralın 9-da hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında vəkillər çıxış ediblər. Onlar hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu vurğulayaraq, bəraət hökmü çıxarılmasını istəyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Amma müdafiə çıxışlarından öncə Əvəz Zeynallının vəkili Rəşad Əliyev müvəkkilinin sağlıq durumuyla bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, Əvəz Zeynallı gözlərindəki problemlə əlaqədar müalicə olunsa da, heç bir irəliləyiş yoxdur. Nəticədə “Xural TV” rəhbəri sol gözünün görmə qabiliyyətini itirib. Vəkil bu məsələ ilə əlaqədar əlavə addımların atılmasını xahiş edib.

Əvəz Zeynallı özü də sol gözündə görmə qabiliyyətini itirməsi haqda vəkilinin dediklərini təsdiqləyib. O vurğulayıb ki, təcili gözündə cərrahiyyə əməliyyatı aparılmasına ehtiyac var:

“Sağ gözümü tutanda, sol gözümlə ancaq qaranlıq görürəm. Katarakta əməliyyatı olmalıyam”.

Hakim Əli Məmmədov deyib ki, bununla əlaqədar məhkəmə Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə məktub göndərəcək.

Daha sonra Əvəz Zeynallının vəkili Aqil Layıc müdafiə nitqilə çıxış edib. Vəkil bildirib ki, müvvəkkili təqsirsizdir, heç bir cinayət törətməyib. Onun həbsi jurnalist fəaliyyətilə bağlıdır.

Aqil Layıcın sözlərinə görə, Əvəz Zeynallının işi üzrə istintaq zamanı çoxsaylı qanun pozuntularına yol verilib. Bu səbəbdən onlar istintaqı aparmış Mehman Hümbətovun (hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq idarəsinin rəisidir-red.) dindirilməsini istəyirdilər. Lakin məhkəmə onu çağırıb dindirməkdən imtina edib.

Əvəz Zeynallıya qarşı ittihamları təsdiqləyən heç bir sübut olmadığını deyən vəkil müvəkkili haqqında bəraət hökmü çıxarılmasını xahiş edib. Aqil Layıc bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov haqqında çıxarılmış hökmü də yada salıb. Müdafiəçi bildirib ki, 27 milyon manatlıq dövlət əmlakını mənimsəməkdə və rüşvət almaqda ittiham olunan Səlim Müslümova şərti cəza verildi, azadlıqda saxlanıldı. Lakin jurnalistə 10 il azadlıqdan məhrumetmə cəzası tələb olunur.

“Səlim Müslümova göstərilən humanist yanaşmanın Əvəz Zeynallıya münasibətdə də tətbiq olunmasını istəyirik”, – vəkil bildirib.

Elnur Şükürovun vəkili də onun təqsirsiz olduğunu deyib və məhkəmədən müvəkkili üçün bəraət istəyib:

“Əvəz Zeynallıya qarşı ittihamların miqyasını genişləndirmək üçün Elnur Şükürovu da bu işə qatdılar. Əvvəl Elnur Şükürovu çağırıb, Əvəz Zeynallının iadə etdiyi sənədlərin yerini soruşublar. O bildirib ki, Əvəz Zeynallıdan heç bir sənəd almayıb. Bundan sonra gecə saat 3-də terrorçunun evində axtarış aparırlarmış kimi, onun evinə gəliblər. Yaşlı ata-anasının, körpə uşaqlarının gözünün qarsışında… Ailəsinin yataq otağına qədər axtarıblar. Heç nə tapmayıblar”.

İstintaq zamanı Elnur Şükürov və Əvəz Zeynallının əleyhinə ifadə almaq üçün bir sıra şəxslərə təzyiq göstərildiyini deyən vəkilin sözlərinə görə, həmin şəxslərin özləri də bunu məhkəmədə təsdiqlədilər:

“Hətta Ruslan Vəliyev zərərçəkmiş statusuna xitam verilməsini istədi. Dedi ki, o, heç nədən zərər çəkməyib. İstər Ruslan Vəliyev, istərsə də Nəzakət Cəfərova bildirdilər ki, onlar Elnur Şükürova pul verməyiblər. Bu adamlara həm də vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə ittihamı verilib. Sabunçu və Suraxanı rayonlarının icra başçıları məhkəmədə dindirildi. Onlar bildirdilər ki, heç kim onların qərarına təsir göstərməyib. Hətta belə dedilər ki, “jurnalist kimdir mənim qərarıma təsir göstərsin?” Yalnız dövlət başçısının göstərişlərinə əməl elədiklərini bildirdilər”.

Vəkil ittihamların əsassız olduğunu vurğulamaqla yanaşı, Elnur Şükürovun vaxtilə Cəlilabadda deputatlığa namizəd olduğunu da yada salıb. Müdafiəçinin sözlərinə görə, o, rayonda əhalini narahat edən problemləri daim diqqətdə saxlayıb, ictimailəşdirib. Bunun nəticəsidir ki, 33 nəfər rayon sakini onun azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

Vəkil Elnur Şükürovun ailə vəziyyəti haqda danışarkən onun həyat yoldaşının ağır xəstə olduğunu da məhkəmənin nəzərinə çatdırıb.

Fevralın 23-də keçiriləcək növbəti məhkəmə iclasında Əvəz Zeynallı və Elnur Şükürov son sözünü deyəcək.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.

Lakin o, özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.

Elnur Şükürov isə 2022-ci il sentyabrın 13-dən həbsdədir. O da təqsirsiz olduğunu və Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını deyir.

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button