2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Abbas Hüseynov: “Mən ölsəm, bilin ki, səbəbkar Penitensiar Xidmətdir”

Ailəsi səs yazısının inanclı fəala məxsus olduğunu təsdiqləyir

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs edilən Abbas Hüseynova məxsus olduğu bildirilən səs yazısı yayılıb. Danışan şəxs bildirir ki, uzun müddətdir işgəncə altında saxlanılır, həyatı təhlükədədir. Onun sözlərinə görə, qarşısı alınmasa, onu öldürəcəklər:

“Həyatıma təhlükə var. Bu gün olmasa da, sabah, sabah olmasa da, birigün, nə vaxtsa, məni öldürəcəklər”.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirir ki, son beş ayda saxlandığı cəzaçəkmə müəssisələrinin rəhbərləri tərəfindən 5 dəfə ağır işgəncələrə məruz qalıb.

Əllərim qandallanıb, yerə yıxılıb döyülmüşəm. Əllərimi çarpayıya bağlayıb, özümü döyüblər. Fevralda 11 gün aclıq eləmişəm ki, şikayətimi lazımi orqanlara çatdırım. Çox çətinliklə şikayətimi göndərmişəm. Ona da etinasız yanaşılıb”.

Yayılan səs yazısının sonunda müstəqil media nümayəndələrinə, hüquq müdafiəçilərinə, Ombudsmana müraciət olunub:

“Sizin dəstəyinizə ehtiyacım var. Çünki mənimlə düşməncəsinə rəftar edirlər. Mən ölsəm, desələr ki, infarkt olub, yaxud beyninə qan sızıb və s. bilin ki, səbəbkar Penitensiar Xidmətin və saxlandığım cəzaçəkmə müəssisəsinin rəhbərləridir. Mən ölümdən qorxmuram. Sadəcə, ölümümdən sonra cinayətin gizlədilməsindən narahatam. Buradan sağ çıxsam, normal yerə düşə bilsəm, Ədliyyə Nazirliyinə, Səhiyyə Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlərim olacaq”.

Abbas Hüseynovun ailə üzvləri yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib. Bacısı Yasəmən Hüseynova Meydan TV-yə bildirib ki, qardaşı onlarla telefon danışığında da eyni fikirləri səsləndirib, həyatının təhlükə altında olduğunu deyib:

Bu gün də onun həyatına təhlükə davam edir və çox təəssüf ki, tədbir görən yoxdur. Son 5 ayda Abbasa davamlı işgəncələr verilir. Günü bu gün də “kars”da saxlanılır”.

Abbas Hüseynovun anası Rəhimə Hüseynova mayın 15-də Prezident Administrasiyasında qəbulda olub. Mayın 16-da isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib:

“Anam bir müddət gözlədi ki, bəlkə anlaşılmazlıqdır, aradan qalxar. Amma bunlar daha da irəli getdilər, işgəncələr daha da şiddətləndi. Anlamaq olmur ki, məqsədləri nədir. Abbas Hüseynov səkkiz ildir ki, heç bir cinayət törətmədiyi halda, cəza çəkir. Bir günahsız insanı həbsdə saxlamaq bir yana, üstəlik, ona işgəncə vermək nə deməkdir? Bu qədər qəddarlıq olar?!”.

Foto: Meydan TV

Abbas Hüseynov 2023-cü il aprelin 12-də 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Aprelin 27-də isə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev onun saxlanma rejiminin dəyişdirilməsi, 1 illik həbsxana rejiminə köçürülməsi haqda qərar çıxarıb.

Abbas Hüseynov köçürüləndən az sonra 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi məhkəməyə müraciət edərək, onun daxili inzitam qaydalarına əməl etmədiyini, onun mənfi xarakterizə olunduğunu göstərib, 3 illik həbsxana rejiminə köçürülməsini istəyib. Hakim də onu 3 yox, 1 illik həbsxanaya köçürməyə qərar verib.

“Cəmi iki həftə ərzində necə oldu ki, rəis Abbası tanımağa vaxt tapdı, məhkəməyə ərizə göndərdi, hakim ərizəni araşdırdı, qərar da çıxardı? İldırım sürətilə oldu hər şey. Açıq-aşkar görünür ki, əvvəldən planlaşdırılıb. Abbasa da, onun ailəsinə də neçə illərdir zülm eləyirlər…”, – anası Rəhimə Hüseynova belə deyir.

Rəhimə Hüseynovanın sözlərinə görə, son dövrlərdə işgəncə nəticəsində oğlunun burnu sınıdırılıb, o, nəfəs almaqda çətinlik çəkir: “Əllərini qandallayıb, rəis yerə yıxıb, təpiklə başına-başına vurub. İşgəncələr 7 saylı cəzaçəkmə müəssisəsindən başlayıb, Müalicə Müəssisəsində davam edib, işdi də 1 saylıda gedir”.

Nizami Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. O, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

Abbas Hüseynovun işgəncəyə məruz qalması haqda bundan öncə də məlumatlar yayılıb. Hətta vəkili Yalçın İmanov 2017-ci ildə onun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda mediaya açıqlama verdiyinə  və bu barədə məlumatları ictimailəşdirdiyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Lakin bir müddət öncə Avropa Məhkəməsi həmin işgəncə hadisəsilə əlaqədar qərar verib və Azərbaycan hökumətinin üzərinə Abbas Hüseynova işgəncəyə görə kompensasiya ödəmək öhdəliyi qoyub.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button