2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AİHM Azərbaycandan göndərilmiş 15-dən artıq şikayətlə bağlı qərara hazırlaşır

Müxalif partiyanın, keçmiş nazirin şikayəti ilə bağlı qərar çıxacaq

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 30-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə ilə bağlı 10 yekun qərarını elan edəcək.

“Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycana qarşı” – məhkəmə işi müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qeydə alınmış təsis sənədlərində edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından imtina ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

İşin hallarına görə, 2015-ci ilin fevralında partiyanın sədri Əli Kərimli partiyanın sədr müavini Nurullayevi tutduğu vəzifədən azad edib. Elə həmin ay Nurullayev partiya üzvlüyündən istefa verdiyini elan edib.

2015-ci ilin sentyabrında partiyanın qurultayı partiyanı təmsil etmək səlahiyyətinə malik olan Kərimlini yenidən sədr seçib və onun əsas rəhbər orqanlarının üzvlərini təsdiqləyib. Ərizəçi tərəf həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qeydiyyat sənədlərini geri qaytarıb, qeyd edib ki, ona eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında partiyanın başqa bir qurultayı keçirilib (“etimad qurultayı” adlandırılan), cənab Nurullayev partiya sədri seçilib, rəhbər orqanlar formalaşdırılıb.

Ərizəçi tərəf Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb, tələb edib ki, məhkəmələr, Ədliyyə Nazirliyinin üzərinə 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişiklikləri qeydə almaq vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmələr həmin şikayəti təmin etməyiblər.

Ərizəçi AİHM qarşısında iddia edib ki, ona münasibətdə 13-cü və 18-ci maddələrlə birlikdə götürülməklə, Konvensiyanın 11-ci maddəsi pozulub.

“Əli İnsanov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçiyə qarşı cinayət işinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir. Ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. Hadisələrin baş verdiyi vaxt o, bir neçə cinayətə görə məhkum edilib, həbsxanada cəza çəkirdi. Onun cəza müddəti 2016-cı il oktyabrın 20-də bitəcəkdi, lakin həmin il avqustun 24-də o, qanunsuz olaraq narkotik vasitələrin, o cümlədən psixotrop maddələrin əldə edilməsi, saxlanmasında və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub.

Qaradağ Rayon Məhkəməsi 2016-cı il avqustun 24-də ərizəçinin həmin il oktyabrın 20-dək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülməsinə qərar verib.

Oktyabrın 11-də isə Qaradağ Rayon Məhkəməsi ərizəçinin məhkəmə baxışınadək, yəni 2017-ci il yanvarın 11-dək həbsdə saxlanılmasına qərar verib. Sonradan ərizəçinin həbs müddəti daha iki ay uzadılıb. Apelyasiya instansiyası həmin qərarlardan verilmiş şikayətləri rədd edib.

Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi AİHM qarşısında iddia edib ki, onun cinayət törətdiyinə dair əsaslı şübhələr olmayıb, ona qarşı ittihamlar uydurmadır.  Həmçinin barəsindəki həbs-qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun səbəblər yox idi.

“Abgül Süleymanov Azərbaycana qarşı” məhkəmə işi müsəlman dini lideri olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır. Ərizəçi həmçinin, dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq azadlığı hüququnun Konvensiyanın 18-ci maddəsinə zidd olaraq pozulduğunu iddia edib.

Ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə ittiham olunaraq, on bir il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü il noyabrın 20-də Ali Məhkəmə onun barəsindəki müvafiq hökmü qüvvədə saxlayıb.

“Mehmet Çelik və Faiq Semih Başaoğlu Azərbaycana qarşı” məhkəmə işi Türkiyə vətəndaşları olan ərizəçilərin saxlanılması və məcburi qaydada Türkiyəyə aparılmaları ilə bağlıdır.

Ərizəçilər iddia edir ki, onların saxlanılmaları və Türkiyəyə aparılmaları Konvensiyanın 3-cü və 5-ci maddələrinə zidd olub. Həmçinin Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan qaydada effektiv müdafiə imkanlarına malik olmayıblar.

“Nazim Məmmədov Azərbaycana qarşı”- işində ərizəçi Göygöl rayonunda yaşayır. Məhkəmə işi ərizəçinin alqı-satqı yolu ilə əldə etdiyi, müvafiq mülkiyyət şəhadətnaməsi olan torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi mülkiyyət hüququna müdaxilənin dayandırılması, dəymiş zərərin kompensasiya edilməsi tələbi ilə daxili məhkəmələrə şikayət etsə də, uğursuz olub.

Ərizəçi AİHM-də mülkiyyət hüququnun pozulduğunu iddia edir.

AİHM qeyd edilənlərdən başqa Azərbaycanla bağlı daha beş qərar da elan edəcək. Həmin işlərin detalları haqqında məhkəmənin sənədlər bazasında məlumat verilmir:

“Abbasov və başqaları Azərbaycana qarşı” (təmsilçi, Tural Hacıbəyli);
“Həsənli və başqaları Azərbaycana qarşı” (təmsilçi, Əsabəli Mustafayev);
“Həziyev Azərbaycana qarşı” (təmsilçi, Şəhla Hümbətova);
“Hüseynov Azərbaycana qarşı” (təmsilçi, Fuad Ağayev);
“Salayev və başqaları Azərbaycana qarşı” (təmsilçi, Əsabəli Mustafayev).

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button